Ağdamlılar hakimlərə “kafi” qiymət verdi (FUTBOL+,09.02.2006)

single-news
9 Fev 2006

Ağdamlılar hakimlərə “kafi” qiymət verdi (FUTBOL+,09.02.2006)



İkinci dövrəyə hazırlığı gündəlik məşqlərlə davam etdirən “Qarabağ” transfer çalışmalarını hələ də tamamlamayıb. Belə ki, həm “Turan”a məxsus Asen Nikolov, həm də ispan pleymeykerin ölkəmizə gəlişi yubanır. Dünən bolqarıstanlı yarımmüdafiəçi üçün son gün idi. Belə ki, dünən axşam nəhayət, Bakıda olacağı gözlənilən Asen özünün verdiyi vədə əməl etməsə, karyerasını “Qarabağ”da davam etdirə bilməyəcək. Hər halda ağdamlıların rəsmi mövqeyi belədi. Ancaq Tovuz klubunun orta xətt oyunçusunun bu qədər gecikməsi başqa mətləblərdən də xəbər verir. Çünki Nikolovun başqa əcnəbi komandalarla danışıq aparması variantı istisna edilməməlidi. Belə olmasaydı, o Azərbaycandakı karyerasına da bu dərəcədə biganəlik nümayiş etdirməzdi. Digər tərəfdən onunla bağlı “Turan” rəhbərliyinə heç bir klubdan rəsmi təklif gəlmədiyini də qeyd edək. Bu barədə qəzetimizə məlumat verən klubun icraçı direktoru Yaşar Sultanov da legioner futbolçunun dünən axşam üçün paytaxtımızda olacağını söylədi. Yaxın keçmişdə “Barselona”da çıxış etmiş digər orta xətt oyunçusunun “Qarabağ”a keçidinə isə komandanın seleksiyaçı məşqçisi İlqar Əamirov qayıtdıqdan sonra aydınlıq gələcək. Bu arada Ağdam klubunun internet saytında keçirilən növbəti sorğuya yekun vurulub. Çempionatın ilk 13 turunda hakimlərin işininin öhdəsindən nə dərəcədə gəldiyini müəyyənləşdirmək üçün 15 gün ərzində saytı ziyarət edən azarkeşlərin rəyi öyrənilib. Nəticələr artıq məlumdu. “Hakimliyin səviyyəsini necə qiymətləndirirsiz?” sualına respondentlərin 45 faizi “kafi” qiymət verib. 28 faiz hakimliyin səviyyəsinin aşağı olduğunu düşünürsə, 17 faiz “yaxşı” cavabını verib. Yalnız respondentlərin 1-10-i “əla” yazmağı özünə rəva görüb. Saytda növbəti sorğu “Qarabağ”a dövrələrarası fasilədə cəlb olunan futbolçuların hansının daha uğurlu olması barədədi.

Paylaş

// pop up