Anar daha nə etməliydi? (HET-TRİK,28.11.2005)

single-news
28 Noy 2005

Anar daha nə etməliydi? (HET-TRİK,28.11.2005)



MOİK ötən çempionatda pis-yaxşı rəqiblərinə müqavimət göstərirdi. Ordu klubu əksər oyunlarında uduzsa da, demək olar, mübarizəsiz təslim olmurdu. Amma indii həmin komandadan əsər-əlamət yoxdur. MOİK oyun dəst-xəttini itirib. Buna əmin olmaq üçün təkcə "Qarabağ"la görüşü izləmək kifayətdir. Bəli, hakim səhvləri varı idi, özü də bu çox vaxt qonaqların xeyrinə işləyirdi. Ancaq gəlin baxaq, ev sahibləri 90 dəqiqə ərzində ağdamlıların qapısı ağzında bircə dəfə də olsun real qol vəziyyəti yaratdımı? - Xeyr. Tutaq ki, Sokolovski ikinci qolu vurarkən oyundan kənar vəziyyətdəydi. Bəs matç boyu bircə dəfə də rəqibin cərimə meydançasına yaxınlaşmamağa nə deyirsiz? "Qarabağ" 2:0 hesablı qələbəyə yox, daha artığına layiq idi. Yanılmıramsa, daha 11 epizodda top tora qovuşmalıydı. Qonaqların bəxti gətirmədi. Daha doğrusu, Anar Bayramovun inanılmaz qurtarışları olmasaydı, MOİK üçün rüsvayçı hesab qeydə alınacaqdı. Qollara gəlincə, əvvəlcə Samir Musayev rəqibin ona qarşı kobudluğuna görə təyin olunan penaltini dəqiq yerinə yetirdi. Həmin epizodda Natiq Nəcəfov hücumçunu yolverilməz fəndlə dayandırmışdı. İiknci qolda da Samirin əməyi oldu. Məhz onun ötürməsindən sonra Denis Sokolovski fərqləndi. Şamil Useynov (MOİK-in baş məşqçisi): "Mən əvvəllər bu sözü deməyi xoşlamamışam, amma indi söyləməyə məcburam: hakimlər komandanı əməlli-başlı sıxır. Onların əlindən bilmirəm neyləyək. Feyzulla oyunu çox zəif idarə etdi. Bir dəqiqədən bir oyunu saxlayıb fit verir. Qonaqların xeyrinə qərar çıxarmaqdan başqa heç nə bilmədi. Komandanı oyuna hazırlayanda bilirsiz nəyi fikirləşirəm? Düşünürəm ki, daha necə edim ki, hakim bizi "tor"a sala bilməsin. Taktikanı hər dəfə dəyişirəm. Amma baxıram ki, xeyri yoxdur. MOİK-in pulu yoxdur deyə, hamı onu sıxır". Elxan Abdullayev ("Qarabağ"ın baş məşqçisi): "Aşkar üstünlüklə qalib gəldik. Bura 3 xal dalınca gəlmişdik. Matçdan əvvəl də qələbə qazanacağımıza inanırdım. Ona görə də, heyətdə müəyyən dəyişiklər etdim. Eksperimentlər də özünü doğrultdu. Hesab daha böyük ola bilərdi. Bir çox epizodlarda bəxtimiz gətirmədi".

Paylaş