ANTALYA 4-CÜ GÜN İLK TEST.
ANTALYA 4-CÜ GÜN İLK TEST.
“Qarabağ” Futbol klubu Antalyada hazırlığının 4-cü gününü də arxada qoydu. Bu gün sadəcə bir məşq baş tutdu. Daha doğrusu, saat 9:00-da keçirilən məşqdə hazırlıq dönəminin ilk testi keçirildi. Iki qrupa bölünən futbolçular 5 nəfərlik qruplarla müəyyənləşdirilmiş testdən keçdilər. Polar saat sistemi qurulmuş futbolçular fərqli maneələr qurulmuş 100 metrlik məsafəyə qaçaraq müəyyən normativləri yerinə yetirdilər. Təxminən 3 saat çəkən testin nəticələri axşam prosesi həyata keçirən fizik hazırlıq üzrə koordinatoru Mehmet Ak tərəfindən açıqlandı. Ümumilikdə nəticələrin pis olmadığını lakin daha da artırmalı olduqlarını bildirdi. Sonra isə komandamızın baş məşqçisi Rasim Kara danışmağa başladı. Rasim bəy çempionatda yaranmış uzun müddətli fasiləyə görə fiziki hazırlığın aşağı düşmə ehtimalını nəzərə aldığını ona görə hər kəsə xüsusi proqram tətbiq etdiklərini bildirdi. Qeyd edək ki, sabah yenidən iki məşqin keçirilməsi nəzərdə tutulub.
Komandamızda yeni bir isim də bu gün testdən keçib. Muhammet Ali Kara adlı futbolçu düşərgəmizdə baxışdadır. 20 yaşlı futbolçu “Şəkərspor”da çıxış edir. Sol cinah yarımmüdafiəçisidir. Sürəti və çevikliyi ilə diqqəti cəlb edir. Onun komandamızda qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.
Bu arada Antalyada keçiriləcək yoldaşlıq oyunlarının birinin tarixi və rəqib bəlli olub. Yanvarın 10-nunda baş tutacaq matçda rəqibimiz “Çorumspor” olacaq.