Antalya. XXIII gün. Koordinatorumuzun `Çempion`a
Antalya. XXIII gün. Koordinatorumuzun `Çempion`a
`Qarabağ`ımızın `Qalatasaray`dan transfer etdiyi Mehmet Akın uğurları ölkə mətbuatının daim gündəmidədir. Mütəxəssis gənc yaşına rəğmən görüdüyü işlərlə böyük nüfuz qazanıb. Koordinatorumuz ölkəmizin tanınmış nəşrlərindən olan `Çempion`a maraqlı məqamlarla zəngin müsahibə verib. Maraqlı olacağını nəzərə alıb yazını sizə təqdim edirik.
O, səmimiyyəti, insani keyfiyyətləri, məşqçilik bacarığı və qayğıkeşliyi ilə əksəriyyətimizin qəlbinə yol tapıb. “Qarabağ”ın qazandığı uğurlarda böyük pay sahibi olan gənc mütəxəssis Ağdam təmsilçisini Avropa klubları səviyyəsində görmək istəyir. Məhz bu istəklə Azərbaycanda çalışan məşqçi arzusuna çatacağına əmindir. Söhbət vaxtilə “Qalatasaray”, “Fənərbağça”, “Antalyaspor” kimi klublarda fəaliyyət göstərən Məhmət Akdan gedir. Dövrələrarası fasilə yaranan kimi Türkiyəyə gedən mütəxəssis İstanbulda təşkil edilən futbol konqresində mühazirələr oxuyub. Tamer Güney, Fatih Terim, Araqones kimi məşqçilərlə fikir mübadiləsi aparan Ak onlara Azərbaycan barəsində danışıb. İşlərin çoxluğuna görə “Qarabağ”ın Bakı toplanışında iştirak etməyən Məhmət bəy hazırda komanda ilə birlikdədir. Qeyd edək ki, o, Türkiyədə təşkil edilən konfransdan sonra UEFA “B” kateqoriyasını alıb. “B” kateqoriyasını etalon hesab etməyən çalışdırıcı böyük arzularla yaşayır. Onunla söhbət əsnasında rəhbərlik etdiyi konfrans və “Qarabağ”ın hazırlığı barədə danışdıq.
“Tamer Güneylə
əməkdaşlıq edəcəyik”
Türkiyədə təşkil edilən sayca 21-ci futbol konfransında mühazirə oxuyan Ak sözügedən ölkənin məşhur mütəxəssislərindən sayılan Tamer Güneylə gələcək əməkdaşlığın perespektivini müzakirə edib. Görüş zamanı Məhmət Ak Güneyə çalışdığı komanda və Azərbaycan haqqında məlumat verib. Bundan sonra ölkə xaricində çalışmağın yersiz olduğunu qeyd edən 72 yaşlı futbol adamı Aka hər mənada dəstək olacağını söyləyib: “Tamer Güney hazırda Türkiyə Futbol Fedarasiyasında çalışır. Xatırladım ki, o, Türkiyə futbolunun yaradıcılarından hesab edilir. Vaxtilə Hasan Şaş, ümit Karan kimi futbolçuların yetişməsində əməyi olan Tamer Güney Arda Turan, Səmih Şəntürk kimi ulduzların parlamasına da öz töhfəsini verib. Onunla böyük planlar üzərində işləyəcəyik. İnşallah, yaxın günlərdə əməkdaşlığa başlayacağıq”. Məlumat üçün deyək ki, bir müddət öncə Tamer Güneyin “Xəzər-Lənkəran”la anlaşdığı deyilirdi. Cənub klubunun sabiq baş məşqçisi Rasim Kara hətta həmyerlisi ilə müqavilə imzalandığını idda edirdi. Lakin reallıq tamam fərqli idi.
`Kara ilə danışılası
sözüm yoxdur`
Məhmət Akın iştirak etdiyi konfransa Azərbaycan futbol azarkeşlərinə yaxşı tanış olan, elita təmsilçilərindən “Xəzər-Lənkəran” və “Qarabağ”da çalışan Rasim Kara da dəvət edilibmiş. Maraq üçün deyək ki, Məhmət Ak Rasim Karanın dönəmində “Qarabağ”da baş məşqçinin köməkçisi işləyib. Bu mənada Kara və Ak arasında olan dialoqda qeyri-adi heç nə axtarmaq lazım deyil. Sən demə, Karanın “Qarabağ”ı yarı yolda qoyub getməsi Məhmət Akın ona qarşı olan münasibətini dəyişib: “Konfransda Rasim Kara da iştirak edirdi. Onunla sadəcə, salamlaşdım. Yəni danışılacaq başqa sözümüz olmadığından ünsiyyətimiz qısa zaman kəsiyini əhatə etdi”.
`İstənilən futbolçu
oynamaq istəyir`
Dövrələrarası fasilədə “Qarabağ”dan uzaqlaşan Murad Ağakişiyevin məşqçilər korpusu ilə problemi olduğu deyilir. Əldə edilən məlumata görə, Murad oynamağa hazır olsa da, məşqçilər onu bilərəkdən ehtiyat oyunçular skamyasında saxlayırlar. Hadisələrin bu tərzdə cərəyan etdiyini görən yığma komandanın sabiq oyunçusu Ağdam klubundan ayrılmaq qərarına gəlir. Təbii ki, yuxarıda yazılanlar ayrı-ayrı yerlərdən qaynaqlanan mülahizələrdir. Görəsən, Məhmət Ak Muradın gedişinin əsl səbəbini izah edə biləcəkmi? `Qarabağ` klubunda monarxiya olmayıb, olmayacaq da. Biz güclü olan oyunçuları start heyətində meydançaya buraxıb, nisbətən zəifləri ehtiyatda saxlayırıq. Mən Muradı zəif kimi qələmə vermək istəmirəm. Ağakişiyev güclü futbolçudur. Təsadüfi deyil ki, o, vaxtilə Azərbaycan yığma komandasının da şərəfini qoruyub. Razılaşaq ki, hər bir futbolçu start heyətində meydançaya çıxıb, sona qədər mübarizə aparmaq istəyir. Amma hamı baş məşqçinin taktikasına uyğun gələ bilmir. Deyərdim ki, Murad Ağakişiyev oynaya biləcəyi kluba transfer edildi”.
“Kimin necə hazırlaşdığı ikinci dövrədə bilinəcək”
Yanvarın 13-dən etibarən Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” fevralın 5-də vətənə qayıdacaq. Ağdam klubu səfərdə olduğu müddətdə bir neçə yoxlama görüşündə qüvvəsini sınayıb. çox təəssüf ki, komandamız hər oyunu qələbə ilə başa çatdıra bilməyib. Uğursuz trayektoriyanın səbəbinə gəlincə...” Artıq bir neçə gündür ki, tam gücümüzlə məşq edirik. Uşaqların hazırlıq səviyyəsi normaldır. çox təəssüf ki, iki əsas oyunçumuz Vaqif Cavadov və Fərhad Vəliyev bizimlə deyil. Bu mənada milli komandanın hazırlıq keçməsi klubun planlarına təsir göstərib. Qaldı yoxlama oyunlarında qazanılan nəticəyə, məlum olduğu kimi, bu tip oyunlarda nəticə qazanmaq vacib deyil. Yəni bu matçlar turnir cədvəlindəki mövqeyə təsir göstərmir. Məncə, kimin necə hazırlaşdığı ikinci dövrənin oyunları zamanı məlum olacaq”.
“Hələ ki, üç oyunçu
transfer etmişik”
İlk “üçlük”də qərarlaşmaqla ölkəmizi avrokuboklarda təmsil etmək niyyətində olan “Qarabağ” heyətini gücləndirməkdə davam edir. Paytaxtda olduğu müddətdə “Neftçi”dən uzaqlaşdırılan Rəşad Sadiqov və Elnur Allahverdiyevlə münasibətləri rəsmiləşdirən Ağdam klubu Türkiyə toplanışının ilk günlərində Albaniya yığmasının müdafiəçisi Admir Telini heyətinə cəlb etdi. Bu üç transferdən sonra ilk dövrəni MOİK-də keçirən Tagim Novruzov baxışa gəlsə də, komandada qalıb-qalmayacağı məlum deyil. Ak müdafiə və yarımmüdafiə xəttində problem olmadığını deyir. Belə ki, çalışdırıcı hazırkı heyəti çempionluq uğrunda mübarizəyə hazır sayır: “Hazırda düşərgədə hər şey qaydasındadır. Sadəcə, Ayxan Abbasovun yüngül zədəsi var. O, yaxın günlərdə sıraya dönəcək. Hamı Aslan Kərimovun karyerasını bitirəcəyini deyir. Amma Aslan daha iki il oynaya bilər. O, əsl liderdir. Futbolçuların hər birindən yaşlı olmasına baxmayaraq, hərəkətləri qocalmadığını deyir. Məncə, son anda problem çıxmasa, hazırkı heyət çempionluğa oynamaq iqtidarındadır. Biz heç kimdən zəif deyilik”.
“Komandadan gedə bilərəm”
“Qarabağ”la mövsümün sonuna qədər müqaviləsi olan Məhmət Ak yayda komandadan gedə bilər. çünki rəhbərliklə mütəxəssis arasında yeni müqavilənin detalları müzakirə olunmayıb. Amma Ak bundan narahat deyil. Belə ki, “Qalatasaray”ın rəsmilərindən olan Adnan bəy Məhmət Aka: “Nə vaxt gəlsən, gözümüzün üstündə yerin var”, - deyib. Buna baxmayaraq, Ak “Qarabağ”da qalmaq niyyətindədir: “Qarabağ” futbol klubu ilə bağlı böyük planlarımız var. Bu planları həyata keçirənə kimi Azərbaycanda qalmaq istəyirəm. “Qarabağ” böyük ənənələrə söykənir. Belə klubda çalışmaq şərəfdir. İnşallah, “Qarabağ”ı avrokuboklara aparaq, daha sonra yeni müqavilə barədə düşünərik”.
Ak yayda subaylığın daşını atır
1982-ci ildə Trabzonda anadan olan Məhmət Ak yayda subaylığın daşını atır. Uşaqlıqdan sevdiyi qızla ailə həyatı qurmağı planlaşdıran Ak toyuna bizi də dəvət edəcək: “Arzularım böyük olduğuna görə, evlilik haqqında düşünməmişəm. Amma qərarımı verdim. İnşallah, yayda subaylığın daşını atıram. Fürsətdən istifadə edib sizi də toyuma dəvət edirəm. Sağlıq olsun”.