Antalya. XXIV gün. Direktorumuz qəti dedi...

single-news
4 Fev 2009

Antalya. XXIV gün. Direktorumuz qəti dedi...



`Qarabağ`ımız artıq təlim-məşq toplanışını başa çatdırır. Artıq önümüzdəki həftə premyerliqa yenidən start götürəcək. 25 günlük gərgin çalışma sonrası daim komandanın yanında olan, bütün problemləriylə maraqlanan klubumuzn direktoru Işık Emrah Çelikel təlim-məşq toplanışını dəyərləndirib.  Emrah bəyin saytımıza verdiyi müsahibədə bir sıra maraqlı məqamlarla tanış ola bilərsiniz...

-         Emrah bəy, təlim-məşq toplanışının ilk günündən komandanın yanındasınız.

-         Əlbəttə, komandanın yanında olmaq mənim işimdən əlavə bir hobbidir. Futbolçuların məşqi, gözlərindəki yanğı, oyuna necə hazırlaşmasını görmək  çox maraqlıdır.

-         Təəssüratlarınız necədir? Komandanın hazırlığı xoşunuza gəlirmi?

-         Bəli. Məşqlərdə elə çalışırlar ki, sanki həyatlarında sonuncu futbol matçına çıxıblar. Bu bizi sevindirməyə bilməz. Belə davam etsək, inşallah uğurlar da ardıcıl gələcək.

-         Uğurlar dedikdə nəyi nəzərdə tuturusunuz?

-         `Qarabağ` Futbol Klubunun hədəfləri daim zirvəyə oynamaq olub. Nəticə baxımından bunu hər zaman bacarmışıq? Xeyr. Nəzəri cəhətdən bu mümkün də deyil. Amma bəzi həssas məqamlar var ki, bu il bizim mütləq titul qazanmağımıza vadar edir.

-         Hansı məqamlardır sizi motivasiya edən?

-         Yəqin, yadınızdadırsa, komandamız dünya futbolunda öz sözünü demiş Artim Şakiri transfer etdikdən sonra klubumuzun başçısı cənab Tahir Gözel verdiyi açıqlamada `Qarabağ`ın tək hədəfi olduğunu bildirmişdi. Çempionluq. Düzdü, sonradan baş verən məlum gözlənilməz hadisələrdən sonra açığı bir qədər tərüddüdə düşdüm. Tahir bəylə görüşəndə bu tərəddüdü bildirdim. Lakin başqan qəti bildirdi. `Qarabağ` çempionatda da, kubokda da zirvəyə oynamalıdır.  Tahir bəy baş verən olaylardan sonra komandanın daha da motivasiya olacağını, əksinə belə bir durumda komandadan uğur gözləmək lazım olduğunu bildirdi. Zaman Tahir bəyin nə qədər uzaqgörən olduğu göstərdi.

-         Amma heç də asan olmayan günlər oldu. Hər halda bir sıra uğursuzluqdan sonra iddianı qorumaq və iddialı olmaq heç də asan deyildi?

-         Anlayıram. Amma bir şey var ki, mövsümöncəsi çempionluğa oynayacağını bəyan edən klubumuzda ən sıravi işçidən tutmuş Tahir bəy, Fevzihan bəyə qədər (Azersun Holding şirkətlər qrupunun Direktoru - red) hər kəs eyni hədəfə köklənmişdi. Bu gün bizim baş məşqçimiz Qurban Qurbanovdursa demək bu camiədə hamı ona inanıb və inanacaq da.  Rəhbərlik Qurbanova inanmasaydı, posta gətirməzdi. Uğursuzluqlara gəlincə. Bir az təkrarçılıq olacaq. Amma qeyd etmək zəruridir ki, Qurbanov çempionatın başlamasına 5 gün qalmış komandaya gələndə futbolçuların siyahısına baxdı. Və dedi ki, bu heyətə bir neçə transfer əlavə edib  yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Həm Qurbanla razılaşdıq, həm də Zaur Ramazanov kimi qoleadoru komandamıza gətirdik. `Qalatasaray`dan Mehmet Akı da komandanın ciddi hədəfləri olduğu üçün gətirdik.

-         Amma hədəfə gedən yolda 7 rəqib və 7 xal fərqi var.

-         Yenə də qeyd etmək istəyirəm. Söz deyildi və onun uğrunda bütün gərəkən çalışmaları yerinə yetiririk. Bu gün Antalyada 115 km uzunluğunda otel şəbəkəsi yerləşir. Amma biz komanda üçün bu otelləri araşdırıb ən yaxşısını `İC Santai`ni seçmişik. Burda futbolçular üçün hər cür şərait yaradılıb. `Fənərbaxça`yla eyni sahədə məşq edirlər. Demək istədiyim otel seçərkən belə ən xırda detalları belə nəzərə almışıq. Düz 25 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Hər şey isə təbii ki, mövsümün sonunda uğur qazanılmasına hesablanıb.

-         Hazırki heyəti çempionluğa hazır sayırsınızmı?

-         Bəli. Biz məşqçilərdən heç də yeni qitə kəşf etmələrini istəmirik. Bizim kollektiv bəlkə də dünyanın heç bir yerində yoxdur. Futbol istedadı məhdud ola bilər, amma bir ailə formalışdıra bilsəniz, bir futbolçu gərəkirsə yoldaşı, komandası üçün meydanda ölməyə hazır olarsa, o zaman uğur sizin qapınızdadır. Mən fəxrlə qeyd edirəm ki, bizim bu gün eyni amal uğrunda yarışan ailəmiz var: `Qarabağ` ailəsi.  

-         Başqa klublar qış fasiləsində legionerlərlə güclənməyə üstünlük versə də, `Qarabağ` yerli futbolçuların transferləriylə yadda qaldı.

-         Biz, başqa klubların şəxsi işlərinə qarışa bilmırik. Amma bizim üçün Azərbaycan futbolu dedikdə Azəri futbolçulara üstünlük verməklə onlara inandığımızı göstərmək istəyirik. Digər iddialılardan bizim bir fərqimiz məhz Azərbaycan futbolçuna xüsusi önəm verməyimizdir. Çempionluğa oynayan komandanın futbolçularının əksəriyyətinin yerlilər olması bizi sevindirməyə bilməz. Əgər biz bu heyətlə uğur qazana bilsək ölkə futboluna yeni nəfəs gətirə biləcəyimizə inanırıq. Axı, bizim uğurumuz müqabilində günc nəslin Aslanlar, Azərlər, Zaurlar, Aftandillər, Fərhadlar idealına çevriləcək və onları öz gücünə inandıracaq.

-         Etiraf edirsinizmi ki, çempionatın ilk yarısı ərzində pessimistliyə qapıldığınız anlar olub?

-         Xeyr. Sizə bir şey deyim. Premyerliqanın 6-cı turunda öz meydançamızda `Simurq`la oynayırdıq. Rəqib azlıqda qalmasına baxmayaraq yaxşı oynamadıq və 2:0 məğlub olduq.  Hər kəs çox üzgün idi. Tahir bəy matç sonrası soyunnub-geyinmə otağına getdi. Və futbolçulara başınızı dik tutun, məğlub oldunuz amma bunu istəmədiyinizi bilirəm. Mən sizə inanıram dedi. Biz bir ailəyik, bizim ailəmiz başını aşağı salmamlıdır. Və bilirəm ki bundan sonra daim başıdik gəzəcəksiniz dedi. Həmin oyundan sonra 8 qarşılaşmaya çıxdıq və bir dəfə məğlub olmadıq. Və bu matçların içərisində tarixə düşəcək oyunlar var idi.

-         Bu seriya nə vaxta kimi davam edəcək?

-         Ümidvaram ki, 2009-da bu baş verməyəcək (gülür). İstənilən halda, bu komanda çempionluq, əks halda ən azı medal və kubok uğrunda mübarizə aparacaq. Bu işə inandıq və inancımızın bizi sevindirəcəyinə inanırıq. İnşallah, `Qarabağ` bu il adını Avropada duyduracaq.

Paylaş

// pop up