Aqil Abbas: "Qurban Qurbanovun istefasını tələb etmək ağılsızlıqdır" (qol.az)
Aqil Abbas: "Qurban Qurbanovun istefasını tələb etmək ağılsızlıqdır" (qol.az)
“Qarabağ”ın fəxri prezidenti və millət vəkili Aqil Abbas klubun baş məşqçisi Qurban Qurbanovun istefası tələbinə münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində A.Abbas Qurban Qurbanovun istefasını tələb etməyi ağılsızlıq kimi qiymətləndirdiyini söyləyib: "O, Azərbaycanda yeganə məşqçilərdəndir ki, milli komanda səviyyəsində komanda yaradıb. Onun futbolumuzun inkişafında böyük xidmətləri var. “Barselona”nın futbolçularının qiyməti təxmini 800 milyon dollardır. “Qarabağ”ın isə rəqibləri ilə oyunçularının dəyərini müqayisə etsəniz, əməlli-başlı fərqlər görərsiniz. Rəqiblər külli miqdarda pul xərcləyərək, legionerlər transfer ediblər. Sanki bu komanda ilə oynayanlar raket, avtomatla vuruşur, “Qarabağ” isə tüfəng, tapança ilə. Udanda komandanı qəhrəman hesab edirlər. Uduzanda isə düşmən saymaq olmaz”.
A.Abbas Q.Qurbanovun komandanı çətin durumdan çıxaracağına inamını ifadə edib: “Həmişə uğur qazanmaq olmur. İnanıram ki, Qurban Qurbanov komandanı bu vəziyyətdən çıxaracaq. Azarkeşlər ona dəstək verməlidirlər. Komandanın hissləri ilə oynamaq lazım deyil”.
Qeyd edək ki, son turda “Qarabağ”ın “Bakı”ya məğlub olmasını qəbul edə bilməyən bir qrup yerli azarkeş baş məşqçi Qurban Qurbanovun istefasını tələb edib.