Aqolli yalnız qələbə istəyir (fanat.az)
Aqolli yalnız qələbə istəyir (fanat.az)
"İstədiyimiz səviyyədə oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur"
Fanat: "İnter"lə oyuna hazırlıq normal gedir. İlk oyun olduğuna görə tərəflər istər-istəməz bir qədər həyəcanlı olacaq. Amma biz oyuna 3 xal üçün çıxacağıq. Ümumiyyətlə, biz bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın oyunçusu Ansi Aqolli deyib.
Albaniyalı futbolçu üçün rəqibin fərqi yoxdu: "Cari birincilikdə ilk dəfə "İnter"ə məğlub olmuşuq. Rəqibin bəlli bir oyun sistemi var. Kubokda oynamalarının onlara əlavə bir yorğunluq gətirdiyinə inanmıram. Biz bu haqda heç düşünmürük də. İstədiyimiz kimi oynadıqdan sonra rəqibin kimliyinin fərqi yoxdu".
28 yaşlı sol cinah müdafiəçisi azarkeşləri sevindirəcək nəticələrə imza atmaq istəyir: "Qışdan sonra komandamızın heyəti yetərincə genişlənib. Bunun bizə final mərhələsində faydalı olacağını düşünürəm. Bilirik ki, bu məqamda hər bir xal çox qiymətlidi. Ona görə də hər bir oyuna final matçı kimi baxırıq. "Altılıq"dakı digər komandaların da iddialı olması mübarizəni maraqlı edəcək. Amma qeyd etdiyim kimi, biz istədiyimiz səviyyədə oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur. İnanıram ki, çempionatın sonunda azarkeşlərimizi sevindirəcək nəticə əldə edə biləcəyik".