Aslan da uğursuzluğun səbəbini Foqtsun vaxtsız toplanışında görür (korner.az)

21 Apr 2010
Aslan da uğursuzluğun səbəbini Foqtsun vaxtsız toplanışında görür (korner.az)
Qarabağ"ın kapitanı Aslan Kərimov da komandasının son oyunlarda uğursuz çıxışına münasibət bildirib. 37 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına verdiyi açıqlamada ağdamlıların "6"-lıqdakı uğursuzluqlarını Berti Foqtsun çempionatın qızğın vaxtında keçirdiyi təlim-məşq toplanışı ilə əlaqələndirib. Kərimovu dinləyək:"Qarabağ"da hər zaman döyüşkən, sona qədər mübarizə aparan ruhu olub. Əlbəttə, "6"lıqda heç də istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunda müəyyən səbəblər var. Və ilk növbədə özümüzdə səhv axtarmalıyıq. Bəzi oyunlarda şans da bizdən üz döndərmişdi. Düzdü, 9 futbolçunun millidə oynaması bizim üçün fəxrdir. Millidə oynamaq hər zaman futbolçuya əlavə stimul verir. Amma, istənilən halda mövsümün sonuna yaxın keçirilən təlim-məşq toplanışları, üstəlik uzun yollar futbolçuları yorur. Amma bizim komandada əla kollektiv var. Heç bir zaman futbolçular bunu qabartmayıblar. Hər kəs bir-biri üçün meydanda sona kimi vuruşur. Meydandan kənarda da əla kollektivimiz var. Təbii ki, uğursuzluq hamımızı məyus edir. Amma inanıram ki, birliyimiz sayəsində avrokuboklara vəsiqə qazancağıq. Bunun üçün qalan 4 oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu komanda avrokuboklarda 2 mərhələ keçən komandadır. İnşallah, sonda avrokuboklara vəsiqə qazanacağıq."