Aslan karyerasını bitirəndən sonra məşqçi olacaq (son deqiqe, 18.02.2006)
18 Fev 2006
Aslan karyerasını bitirəndən sonra məşqçi olacaq (son deqiqe, 18.02.2006)
Tarixi rəqabət istənilən halda komandaların oyuna köklənməsinə təsir edir.
Elə bu səbəbdən vaxtilə "Neftçi"də də oynamış, hazırda isə "Qarabağ"ın uğurları üçün tər tökən Aslan Kərimovla söhbətimizə rəvac verdi. Amma onunla təkcə bu oyun haqda danışmadıq. Şəxsi həyatı və yığma haqda da söhbətləşdik. 32 yaşlı oyunçu "Neftçi"yə qarşı layiqli mübarizə aparacaqlarını söyləyir:
- İkinci dövrəyə qələbəylə başlamışıq. Bu seriyanı davam etdirmək lazımdı. Düzdü, çempionluğa doğru irəliləyən flaqmanı dayandırmaq çətin olacaq. Amma bu da var ki, yenilməz komanda yoxdu.
-"Termist", "Azəri", "Qarabağ", "Neftçi", "Kəpəz", "Baltika", "ANS-Pivani", "Şəmkir" və "Qarabağ". Oynadığın klubların siyahısına "Karvan" da daxil ola bilərdi. Amma ağdamlılar səni buraxmadı.
- "Qarabağ"la müqaviləm var və bitənə kimi burda qalmalıyam. Mənə burda karyeramı bitirib məşqçi kimi fəaliyyət göstərməyi də təklif ediblər. Hələlik fikirləşirəm.
- Bildiyimizə görə futbola gəlməyində yenicə karyerasını bitirən Bəxtiyar Musayevin rolu olub.
- Bəlkə də Bəxtiyarın o sözü olmasaydı, indi heç futbolçu deyildim. Düzdü, fikrimdə futbolçu olmaq var idi. Amma hara getməyi, necə eləməyi bilmirdim. Buna görə Bəxtiyarın mənə böyük köməyi oldu. Məni ilk dəfə futbol qrupuna qonşum olan Bəxtiyar yazdırdı.
- Futboldan başqa məşğuliyyətin var idi?
- Musiqi məktəbində tar sinfinə gedirdim. Oranı "beş"lə bitirdim. Babam tarçalan idi. Qurban Pirimovdan yadigar tarı var idi. İndi də onu antikvar əşya kimi saxlayırıq. Elə bilirdilər ki, musiqi olacam.
- Ancaq futbol barədə fikirləşirdin?
- Əslində o vaxt heç düşünmürdüm ki, futbolla çörək qazanmaq olar. Beşinci sinif şagirdi idim. Sadəcə, bu idmanı çox sevirdim. Get-gedə qarşıma qoyduğum kiçik məqsədlərə çata-çata futbolçu oldum.
- Kumirin kim olub?
- Heç kim. Sadəcə, dünya çempionatlarına baxanda Maradonanın, Qullitin oyunundan xoşum gəlirdi. Ancaq onlara ideal kimi baxmırdım. Onu deyə bilərəm ki, ən böyük arzum "Neftçi"də oynamaq olub. Sonradan istəyimə çatdım.
- Böyüdüyün Biləcəri mühitinin xarakterinə təsiri olub?
- Xarakterimə yox, amma oynadığım futbol tərzinə müəyyən dərəcədə təsir göstərib. Məhəllə futbolu da olsa, orda oynamağı bacaran çoxlu uşaqlar var. Elə böyüklər də. Orda parkımız var, gündüzlər uşaqlar, axşamlar isə böyüklər futbol oynayır. Mən də boş vaxtlarımda və ya zədəli olub komandayla birgə məşqə çıxa bilməyəndə onlara qoşuluram.
- Nə əcəb indiyədək şəhərin mərkəzinə köçməmisən?
- Biləcəri mənim üçün daha rahatdı. Yaxın qohumlarımız da orda yaşayır. Uşaqlığın doğma xatirələri də ora bağlıdı. Yçotaqlı evimiz, balaca bağımız var. Ailəm, iki uşağım və valideynlərimlə birgə orda yaşayırıq.
- Oğlun Adilin sənin yolunla getməsini istərdin?
- Bu mənim istəyimdən asılı olan deyil. Ola bilər ki, özü başqa peşə seçsin. Qarışmaram. Heç bir varlı insan oğlunun futbolçu olmasını istəməz. Bir də mən özüm futbolun nə qədər çətin olduğunu görürəm. Fiziki yüklərdən sonra insan nə qədər güclü olursa-olsun, hərdən çətinlikdən bezir. Amma futboldan başqa heç bir sənətinin olmadığını, bundan başqa heç bir yolla pul qazana bilmədiyini fikirləşəndə o yükün altına girməyə məcbur olursan.
- Nə vaxtsa futbolu atmaq istəmisən?
- Olub. 96/97 mövsümündə "Neftçi"ylə Sumqayıtda heç-heçə etdik (Aslan o vaxtda da "Qarabağ"ın şərəfini qoruyurdu). Halbuki 1:0 udurduq. Oyunun qurtarmağına 5-6 dəqiqə qalmış Yaşar Vahabzadənin Samir Ələkbərova verdiyi uzun ötürmə başımın üstündən keçdi. Samirlə mən birəbir oynayırdım. Yəni onu "kəsməli" idim. İşimin öhdəsindən gələ bilmədim, Samir qol vurdu. O oyundan sonra özümə nifrət edirdim. Çünki bütün uşaqların zəhmətini yerə vurmuşdum. İki-üç gün məşqlərə qatılmalım. Sonra Ağasəlim Mircavadov bizə gəldi. O vaxt əsas çalışdırıcımız o idi. Bir böyük kimi gəlib təsəlli verdi, inamımı özümə qaytardı və yenidən futbola döndüm.
- Hansı mövzulu filmləri xoşlayırsan?
- Bazada Cahangirlə (Cahangir Həsənzadə) bir otaqda qalırıq. Həmişə də özümüzlə disk götürüb boş vaxtımızı filmlərə baxmağa həsr edirik. Daha çox macəra filmlərini sevirəm. Döyüş filmlərini xoşlamıram.
- Amma ləqəbin "döyüşçü"dü...
- Əlbəttə, gərək meydanda özünü döyüşçü kimi aparasan.
- Qarabağda döyüşmək barədə necə fikirləşmisən?
- İndi səfərbərlik olsa, təbii ki, gedərəm. Amma o vaxt döyüşlərdə iştirak etməmişəm. Onda da "Qarabağ" klubunda oynayırdım. Bazamız Mingəçevirdə olsa da, Ağdamda oyunlara gəlirdik. Əsgərləri sevindirmək məqsədilə onların şərəfinə matçlar təşkil edirdik. O vaxt 19 yaşım var idi. Müharibədə vuruşmaq ağlıma gəlmirdi. Mahir Əliyev, Müşfiq Hüseynov, Yaşar Hüseynov, bir də Ramiz Məlikov könüllü ərizə vermişdilər ki, orduya getsinlər. Lakin onları götürməmişdilər. Demişdilər ki, "Qarabağ"ın şərəfini qorumağınız özü böyük işdi. Bəlkə də onları orduya götürsəydilər, mən də utanıb qoşulardım. Amma yadıma gəlir ki, kubokun final oyununa iki gün qalmış dedilər ki, ermənilər Ağdamı da tutublar. Məşqçilərimiz işğal faciəsinə görə hönkür-hönkür ağlayırdı. Onda mən də çox üzülmüşdüm.
- Musiqini sevirsən?
- Əlbəttə. Növü əsasən əhvalımdan asılı olur. Məsələn, xarici oyunlara gedəndə təyyarədə çox vaxt klassik musiqi dinləyirəm. Amma daha çox milli musiqimizi sevirəm. Alim Qasımovun muğamlarına qulaq asmaqdan böyük zövq alıram.
- Karyeranın böyük hissəsi "Qarabağ"da keçib. Yəqin bu kluba ürəkdən bağlısan...
Mənə bir az doğma klubdu. Gəncliyim orda keçib. Amma o demək deyil ki, nəyin bahasına olursa-olsun, orda qalacam. Mənim başqa sənətim yoxdu. Qazancım ancaq futboldandı. Buna görə də nə qədər ağır olsa belə, "Qarabağ"dan ayrıla bilərəm.
- Futbol elə bir peşədi ki, müəyyən yaşdan sonra istər-istəməz onu tərk etməli olursan. Karyeranı bitirdikdən sonra nəylə məşğul olmağı planlaşdırırsan?
- Məşqçilik etmək istərdim. Buna görə də bu sənətin incəliklərinə yavaş-yavaş yiyələnməyə səy göstərirəm. Düzdü, kurslara getməyə vaxtım olmur. Amma öz məşqçilərimizdən çox şey öyrənmişəm.
- Azarkeşlərindən razısan?
- Millinin son oyununa az sayda azarkeş gəlmişdi. Bu bizə pis təsir etdi. Amma onları qınamıram. Biz özümüzü onlara sevdirə bilməmişik. Azarkeşlər az gəlirsə, deməli, günahı özümüzdə axtarmalıyıq. Yaxşı, baxımlı oyun nümayiş etdirsək, stadiona gələnlərin də sayı sox olar. Onların yerinə mən olum. Nə qədər gəlib məyus getmək olar? Heç bir azarkeşdən incimirəm.