Aslan Kərimov B lisenziyası aldı:`Onlar bizi bir neçə addım qabaqlayırlar.`

single-news
17 Mar 2011

Aslan Kərimov B lisenziyası aldı:`Onlar bizi bir neçə addım qabaqlayırlar.`



O, `Qarabağ`ımızın canlı əfsanəsi sayılır. 38 yaşlı Aslan Kərimov artıq futbolçu karyerasının son aylarını yaşayır. Futbolçu ömrünün böyük qismini `Qarabağ`ımızda keçirən universal yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmağı planlaşdırır. Bu məqsədlə Aslan `B` kateqoriyalı kurslarda iştirak edib. 2 həftəlik kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyası almaq üzrədir. Aslan saytımıza ilk növbədə bu barədə danışıb:`Təxminən 2 həftəlik kurs oldu. Dərsləri U-16-nın çalışdırıcısı Nikolay Adam keçirdi. Kursun faydalı olacağını fikirləşirəm. Nəzəri və praktiki məşğələlər yerinə yetirdik. Hə, bu mənim karyeramın sonuncu ilidir. Futbolu bitirdikdən sonra doğma komandada məşqçi kimi çalışmaq istəyirəm. Futbolçu karyeram ərzində öyrəndiklərimin də mənə kömək olacağına inanıram.`
Aslan eyni zamanda premyerliqanın final mərhələsi haqqında da danışıb: `Nəzəri cəhətdən ilk 5 pillədə qərarlaşan komandaların çempionluq şansı var. Amma sonda bir komanda çempion olacaq. Əlbəttə, ən az səhv edən sonda sevinəcək. `Neftçi` və`Xəzər-Lənkəran` bizdən öndə qərarlaşıb. Deməli, onlar bizi bir neçə addım qabaqlayırlar. Final mərhələsində bütün nəticələrə  hazır olmalıyıq. Hazırda bizi AZAL-la oyun gözləyir. Nazim Süleymanov döyüşkən komanda yaradıb. Gərgin oyun olacaq. Təsnifat mərhələsindəki görüşlərdə `təyyarəçi`ləri məğlub edə bilməmişik. Bu da rəqibin gücünü göstərir. `Qarabağ` hər oyuna ciddi hazırlaşır. Ümumiyyətlə, uzun müddətli karyeramda bunu öyrənmişəm ki, hər bir oyuna ciddi köklənmədən sonda uğurlu nəticəyə ümid etmək olmaz. `

Paylaş

// pop up