Aslan Kərimov da getmək haqda düşünür( FUTBOL+, 18.10.2005)

single-news
18 Okt 2005

Aslan Kərimov da getmək haqda düşünür( FUTBOL+, 18.10.2005)



Ötən sayımızda millidə köklü islahatların aparılması zərurətindən, nəsil dəyişişikliyindən söhbət açmışdıq. Bu yazıya mövzunun davamı kimi də baxmaq olar. Ola bilsin, kimsə bizim kimi düşünməsin. Amma "Futbol+" olaraq hesab edirik ki, millidə nəsil dəyişməsi labüddü. Nə vaxta kimi Tərlan Əhmədov, Mahmud Qurbanov, Emin Ağayev, Aslan Kərimov, Dmitri Kramarenko və başqa yaşlıların "ətəyindən yapışıb" yeni nəsə gözləməliyik. Fransaya 0:10 hesablı məğlubiyyətdən tutmuş Polşaya biabırçı yenilgiyə qədər hər dəfə "qəhrəmanlar"ın milliyə və azarkeşlərə bəxş etdiyi utanc hissindən cana doymuşuq. Baxmayaraq ki, bu futbolçular hələ də özlərini "as" sayır, amma biz onların təcrübəsinin bəhrəsini heç vaxt hiss etmədik. Uğursuzluqlardan çıxış yolu kimi hər dəfə məşqçiləri dəyişməklə çarə axtarmışıqsa, onda niyə bunu futbolçulara şamil etməyək? Artıq milliyə təzə qan, yeni nəfəs lazımdı. Düzdü, gənclərin tez bir zamanda hansısa töhvə verəcəyinə də inanmaq çətindi. Amma onların gənc olmaları perspektivlərinə ümid bəsləməyə imkan verir. Nə olar, qoy yeni nəsil də bizə sevinc bəxş edə bilməsin. Amma heç olmasa, təsəlli taparıq ki, son variantımızdan da istifadə etdik. Onda birdəfəlik dərk edərik ki, Azərbaycan futbol ölkəsi deyil. Başa düşərik ki, biz bu oyuna yalnız baxmaq, azarkeşlik etmək üçün yaranmışıq, oynamaq üçün yox. Amma "ümid sonda ölür" deyiblər. Bir də axı necə ümidsiz olasan? Əgər az vaxt ərzində gənc Yuri Muzika "professor" adlandırdığımız ölkənin ən titullu futbolçusu sayılan Mahmud Qurbanovu millidə ehtiyatda qalmağa məcbur edə bilirsə, hazırda İsveçrədə top qovan Anatoli Ponomaryov ilk "11-liy"ə düşməyə layiq olduğunu iddia edirsə, Ruslan Məcidov hətta "Bayer"in diqqətini özünə cəlb edə bilibsə, niyə də bədbin düşüncələrə dalaq, əlimizi yanımıza salıb taleyimizlə barışaq? ///ETİRAF. Millinin "qocaman" üzvlərindən sayılan Aslan Kərimov da adından və "staj"ından asılı olmayaraq, bütün "qocalar"ın yerini yenilərə verməyin tərəfdarı olduğunu və bunun üçün məqam yetişdiyini etiraf edir: "Növbəti tsikldə islahatların olacağı şübhəsizdi. Həmişə nəsil dəyişikliyi olub, olacaq da. Amma yenilər "qocalar"dan üstün olmalıdı. Gənc futbolçuların perspektivini açmaq üçün yoldaşlıq oyunlarının sayını artırmaq lazımdı. Heç kim anasının bətnində futbol öyrənməyib. Biz də bu mərhələləri keçmişik. Yığmadan hər an gedə bilərəm. Başa düşürəm ki, yaş o yaş deyil. Getdikcə geriləmə, fiziki çatışmamazlıq hiss olunur. Əgər kimsə futbolçunun adına görə ona hörmət edib yığmaya çağırırsa, bu o demək deyil ki, əbədi olaraq millinin formasını geyməlidi. Qurbanın (Q.Qurbanovu nəzərdə tutur - M.) atdığı addım mənim, eləcə də digər həmyaşıdlarım üçün nümunə olmalıdı. Öz mövqeyimə namizəd də görürəm. Məncə, cari mövsüm neçə-neçə gənc ulduzlarımız parlayacaq. Hiss eləsəm ki, hansısa komponentdə geri qalıram, dərhal qərarımı verəcəm. Buna görə utanmaq da lazım deyil. Yaşla bağlı olan şeydi. Gənc futbolçuyla veteranın səviyyəsi, meydanda gördüyü işin həcmi eyni olsa belə, birinciyə üstünlük verilməlidi. Əgər veteranın təcrübəsi varsa, gəncin də perspektivi var". ...

Paylaş

// pop up