Aslan Kərimov: “Karvan”dakı məşq prosesi buradan daha yaxşı idi” (ÇEMPİON, 25.07.2005)

single-news
25 İyl 2005

Aslan Kərimov: “Karvan”dakı məşq prosesi buradan daha yaxşı idi” (ÇEMPİON, 25.07.2005)



İki gün əvvəl komandası ilə T. İsmayılov adına Suraxanı stadionunda növbəti məşqinə çıxan yarımmüdafiəçi bizimlə söhbətdə bəzi qaranlıq məqamlara aydınlıq gətirdi: - Aslan, mövsüm bitən kimi sən “Karvan”ın düşərgəsinə keçdin. Axı sənin “Qarabağ” ilə müqavilən bitməmişdi? - Bu məndən asılı olan məsələ deyildi. Yəqin ki, çempionatın sonunda komandamızda baş verənlərdən xəbərdarsınız. Buna görə də rəhbərlik hər hansı bir klubla müqavilə bağlamağımıza etiraz etmədi. - Və sən də yevlaxlılarla birgə Türkiyəyə təlim-məşq toplanışına yollandın. Bəs onlarla anlaşmaqda sənə nə mane oldu? - Mən peşəkar bir futbolçuyam. Buna görə də özbaşına hərəkət etməyim düzgün deyildi. Mənə zəng edib, komandanın yenidən qurulmasını dedilər və müqaviləm bitmədiyinə görə də qayıtmağa məcbur oldum. - Səncə, “Karvan”ın məşq prosesi buradakından çox fərqlənir? - Demək olar ki, hə. Hər hansı bir Azərbaycan klublarının ən azı Türkiyədə təlim-məşq toplanışı keçməsi oyunçuların fiziki hazırlığının yüksək formada olmasına gətirib çıxarır. - Qayıtdığına görə heyifsilənmirsən ki? - Bu suala cavab vermək bir az çətindir. Hər iki kollektiv mənə doğmadır. Amma məsələnin maliyyə tərəfinə gələndə, heyifsilənirəm. - Bu heyətlə növbəti çempionatda “Qarabağ”dan nəsə gözləmək olar? - Yeni mövsüm bizim üçün çox çətin olacaq. Artıq klubların çoxu yüksək hazırlıq mərhələsi keçiblər. Nəzərə almalıyıq ki, çempionatın başlanmasına az bir vaxt qalıb. Bununla belə, ümidimizi itirməməliyik. Futbolda hər şey ola bilər.

Paylaş