Aslan ümidlənib (FUTBOL+, 04.03.2006)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
4 Mar 2006
Aslan ümidlənib (FUTBOL+, 04.03.2006)
Millinin son oyunu çox təhlil edildi. Və bu faktdı ki, Şahin Diniyevin taktikası, yığmaya gətirdiyi yeni ab-hava uğursuz olmadı. Bunda futbolçuların da əməyi danılmazdı. Həmin futbolçuların ki, Şahin bəy matçdan sonra onların əzmkarlığından ağızdolusu danışdı.
Ukraynalılarla qarşılaşmada təcrübəsi, əzmkarlığıyla seçilənlərdən biri də Aslan Kərimov idi. “Qarabağ”ın kapitanı yoxlama oyunundan sonra millinin gələcəyi ilə bağlı xeyli ümidlənib: “Ukraynalılarla matçda baş məşqçimizin tətbiq etdiyi taktika mənim üçün yenilik sayılmırdı. Klubda da həmin taktikayla meydana çıxmışam. Amma deyəsən, milli ilk dəfə belə taktikayla oynayırdı. Komandamız çox xoşuma gəldi. Gənclər əlindən gələni etdi. Amma yoxlama oyununu uğurumuz kimi qələmə vermək də olmaz. Qarşıda bizi daha çətin matçlar gözləyir. Biz mümkün qədər çox yoldaşlıq oyunu keçirməliyik. Bu qarşılaşmadan sonra yığmanın gələcəyi ilə bağlı nikbin düşünmək olar”.
Millinin oyunundan ağızdolusu danışan Kərimov çatışmazlıqlar olduğunu da deyir: “Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Baş məşqçinin bütün tapşırıqlarını həyata keçirməyə çalışdıq. Məncə, Şahin bəyin tapşırıqlarının öhdəsindən gəldik. Çatışmayan şey qol vura bilməməyimizdi. Hücum edirdik. Amma görünür hücumlarımız istənilən kimi kəsərli, “dişli” olmayıb. Gələcəkdə bu problemi də aradan qaldırmalıyıq”.
Aslan aprelin 12-də keçirilməsi nəzərdə tutulan Türkiyə ilə yoxlama oyununa da toxundu: “Belə matçlar vacibdi. Çalışmalıyıq ki, bu dəfə daha yaxşı çıxış edək. Bu dəfə baş məşqçinin tapşırıqlarını tam dəqiqliklə yerinə yetirsək, oyunumuz daha yaxşı alınacaq”.