AYXAN ABBASOV KEÇMİŞLƏ İNDİKİ DÖVRÜ MÜQAYİSƏ ETDİ...
AYXAN ABBASOV KEÇMİŞLƏ İNDİKİ DÖVRÜ MÜQAYİSƏ ETDİ...
“Qarabağ”a gəldikdən sonra isə onun karyerasında irəliləyiş hiss olunur. Belə ki, Ağdam klubunun baş məşqçisi Rasim Kara təcrübəli futbolçunu bütün görüşlərdə start heyətində meydançaya buraxır. Futbolçu da öz növbəsində ona bəslənən ümidləri doğrultmağa çalışır və buna müəyyən mənada nail olur. “Standard”la keçirilən son tur oyununda qol vurması dediklərimin bariz nümunəsidir. Müdafiəçi karyerası ərzində güclülər dəstəsində çıxış edən “Xəzri”, “Şəfa”, “MOİK”, “Turan”, “MKT Araz” kimi komandaların uğurları üçün çalışıb. Ayxan Abbasovun "Çempion" qazetinə verdiyi müsahibəni sizə təqdim edirik:
- Əvvəlcə “Standard”la oyun barəsində fikirlərinizi bilmək istəyərdik...
- Premyer Liqada baxımlı oyun nümayiş etdirən komandalardan biri də “Standard”dır. Onlar meydançada kollektiv mübarizə aparırlar. Biz də bunları nəzərə alıb oyuna ciddi hazırlaşmışdıq. Bundan əlavə, rəqibin “Neftçi” ilə keçirdiyi son oyununun videoyazısını izləyib analiz etmişdik. Matç çox ağır keçdi. Lakin qüvvəmizi toplayıb qələbə qazana bildik. Bir məsələni də qeyd edim ki, “Qarabağ” iddialı komandalarla yaxşı oynayır.
- “Standard”la görüşü də bu sıraya aid etmək olar?
- Bəli. “İnter”lə oyunda 4-5 qol epizodu yaratdıq, “Standard”la matçda isə 2-3 təhlükəli vəziyyətimiz oldu.
- Bu oyunda qol vurdunuz... Sevinirsiniz?
- Hər bir futbolçunun arzusu meydançada özünü yaxşı tərəfdən göstərməkdir. Oyundan öncə komandanın məşqçisi Müşfiq Hüseynov mənə yaxınlaşıb: “Ayxan, sən bu oyunda qol vuracaqsan”, demişdi. Bizim üçün kimin qol vurmağından asılı olmayaraq komandamızın qələbə qazanması vacibdir. Sevinirəm ki, vurduğum qol “Qarabağ”a üç xal qazandırdı.
"QARABAĞ" 1-0 "STANDART"... AYXAN ABBASOV 51`
- Sirr deyilsə, bu qolu kimə həsr edirsiniz?
- Həmin gün komandanın üzvü Elşən Məmmədovun ad günü idi. Vurduğum qolu Elşənə ad günü hədiyyəsi etdim.
- Ümumiyyətlə, “Qarabağ”ın ikinci dövrədəki çıxışını nəcə qiymətləndirirsiniz?
- “Qarabağ” adlı-sanlı komandadır. Klubun qarşısına ilk beşlikdə qərarlaşmaq vəzifəsi qoyulmuşdu. Son turda, nəhayət ki, vəzifəmizin öhdəsindən gəldik. Allah qoysa, qarşıdakı turlarda da uğurlu seriyamızı davam etdirəcəyik.
- İkinci dövrədə “Qarabağ” niyə qeyri-sabit çıxış edir?
- Birinci oyunda “Simurq”la heç-heçə oynadıq- 2:2. Sonrakı turlarda “Masallı” və “Turan”la keçirilən ev oyunlarında vacib xallar itirdik. Yenə də deyirəm, “Qarabağ”ın bir xusisiyyəti var ki, güclü komandarla güclü, digər komandalarla görüşlərdə isə zəif təsir bağışlayır.
- Ağdam klubunun düşərgəsinə gəldikdən sonra özünüzdə hansı dəyişikliklər hiss edirsiniz?
- “İnter”də oynayanda baş məşqçi mənə hər oyun şans verməsə də, 90 dəqiqə oynadığım matçlar da olub. Sonradan cəmi iki oyun “MKT Araz”ın heyətində çıxış etdim. Ardından “Qarabağ”a gəldim. Baş məşqçi Rasim Kara mənə hər oyun şans verir. Bundan əlavə, “İnter”lə müqayisədə “Qarabağ”da nizam-intizam çox yüksək səviyyədədir. Mehriban kollektivimiz var və hər oyuna qələbə əzmi ilə çıxırıq.
- Futbolçu kimi sizdən çox şey gözlənilirdi. Lakin siz istəniləni verə bilmədiniz...
- Müəyyən mənada sizinlə razılaşıram. Bizdə futbolun və futbolçunun inkişaf etməsi üçün lazımi şərait yoxdur. Məsələn, ötən əsrin son 10 ilində Türkiyə futbolu çox sürətlə inkişaf etdi. ölkəmizdə isə bu idman növü xeyli gerilədi. Futbola dövlət qayğısı çox aşağı səviyyədə idi. Həm də klubların sponsuru yox idi. Mən “Turan”da oynayanda soyuq suda çimməyə məcbur olurdum. Şükürlər olsun ki, futbolumuzun qara günləri arxada qalır.
- Yayda müqaviləniz bitir. “Qarabağ”la sözləşmənin müddətini uzatmaq fikriniz var?
- Burada hər şey məni qane edir. Rəhbərliklə futbolçular arasında çox gözəl münasibət var. Komandamı dəyişməyə ehtiyac görmürəm. Bu səbəbdən ötən günlərdə klub rəhbərliyi ilə danışığımız olub. Demək olar ki, sözləşməmin müddətini uzatmaq üçün ilk addım atılıb. Sadəcə, son mərhələ qalıb.
- Bəlkə yayda daha iddialı klublardan təklif gəldi... Hansı addımı atacaqsınız?
- Əgər “Qarabağ”a söz vermişəmsə, hansı komanda olur-olsun qərarımı dəyişməyəcəyəm.
- Rasim Karaya münasibətiniz necədir?
- Məncə, “Qarabağ”da forma geyən heç bir futbolçu Rasim Karadan narazılıq edə bilməz. çünki Kara futbolçunun ad-sanına fikir vermir. Kim formadadırsa, onu da start heyətdə meydançaya buraxır. O, Azərbaycan futbolunun inkişafı üçün çalışan mütəxəssislərdəndir. Gənc futbolçulara qapı açması bunu bir daha sübut edir.
- Yeri gəlmişkən, gənclərə şans verililməsi sizin kimi təcrübəli futbolçuların kənarda qalmasına gətirib çıxarda bilər?
- Gənclər bizi üstələyəcəksə, buna təbii baxmaq lazımdır. Bir futbolçu kimi Karanın addımını alqışlayıram. Təsadüfi deyil ki, “Qarabağ”ın 4-5 oyunçusu U-21-in də formasını geyinir. Bu da həmin futbolçuların gələcəkdə əsas millinin futbolçularına çevriləcəyini düşünməyə əsas verir.
- U-21-də oynasanız da, əsas millinin şərəfini qorumaq sizə qismət olmayıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Yığma komandanın baş məşqçiləri müxtəlif dövrlərdə mənimlə maraqlanıblar. “Turan”da oynayanda əsas yığmada çıxış etməyə çox yaxın idim. Sonradan nə olduğunu anlamadım və bu arzum həyata keçmədi. Millimiz makedoniyalı Qyoko Haciyevskiyə tapşırılanda isə Rasim Karanın ona təklif etdiyi namizədlər arasında mən də var idim.
- Futbolumuzun sükanı arxasına almanların gətirilməsinə münasibətiniz necədir?
- Bu dəyişikliyin futbolumuza xeyir verəcəyinə inanıram. Düzdür, alman briqadasından qısa müddət ərzində nəticə gözləmək doğru deyil. Əgər uğur qazanmaq istəyiriksə, mütləq uşaq futbolunu inkişaf etdirməliyik. Demək istəyirəm ki, hər şey zəncirvari olmalıdır.