AYXAN, FƏRHAD, AYXAN RƏSMƏN "QARABAĞ"DA(21.05.08 "Champion")
AYXAN, FƏRHAD, AYXAN RƏSMƏN "QARABAĞ"DA(21.05.08 "Champion")
“Qarabağ” klubunun rəhbərliyi komandanın qarşısına turnir cədvəlində ilk beşlikdə qərarlaşmaq vəzifəsini qoymuşdu. Ağdamlılar çempionatın sonuna bir tur qalmış hələ ki, tapşırıqların öhdəsindən layiqincə gəlirlər.
Bunları nəzərə alan rəhbərlik əksər heyət üzvləri ilə yeni sözləşmə imzalamaq qərarına gəlib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Belə ki, komandanın üç əsas oyunçusu - yarımmüdafiəçi Ayxan Abbasov, müdafiəçi Aslan Kərimov və qapıçı Fərhad Vəliyevlə bir illik yeni müqavilə imzalanıb. Sözügedən futbolçulardan olan Ayxanın müqavilə imzalamasından dərhal sonra “çempion”a verdiyi açıqlamasını sizin nəzərinizə çatdırırıq: “Yenidən bir il “Qarabağ”ın uğurları üçün çalışacağıma görə çox sevinirəm. Düzdür, mənə başqa iddialı komandalardan təkliflər var idi. Lakin komandamı dəyişməyə ehtiyac görmədim. çünki ağdamlıların düşərgəsində özümü mehriban bir ailədəki kimi hiss edirəm”
”Aslan, Kənan, Azər kimilər gənclərə örnəkdir”
Aldığımız məlumata görə, bu futbolçularla yanaşı, komandanın aparıcı oyunçularından sayılan Kənan Kərimova da yeni sözləşmə təklif edilib. Bu xəbərin doğruluğuna əmin olmaq üçün “Qarabağ”ın baş məşqçisi Rasim Kara ilə əlaqə saxladıq: “Futbolçuların oyunundan razı qaldığımıza görə, heç bir oyunçunu komandadan uzaqlaşdırmaq fikrimiz yoxdur. Hələlik üç futbolçu ilə sözləşmənin müddətini uzatmışıq. Aslan Kərimov, Kənan Kərimov, Azər Məmmədov kimi təcrübəli oyunçular komandada gənc futbolçulara örnəkdirlər. Onların yaşı 30-u keçməsinə baxmayaraq, toplanışlarda və matçlarda əllərindən gələni əsirgəmirlər. Belə futbolçuları kim heyətdən kənarlaşdırar? İnaşallah, mövsüm bitdikdən sonra hazırkı heyət üzvlərinin əksəriyyətini klubda saxlamaq istəyirik. Təbii ki, istəyən gedə bilər”.
Qeyd edək ki, baş məşqçi Rasim Karanın özü də yaxınlarda klubla müqaviləsinin müddətini uzadacaq”.
Aftandil Hacıyev
bu həftə vətənə dönür
Artıq XVI Azərbaycan çempionatı başa çatmaq üzrədir. Cari birinciliyin ikinci yarısından etibarən Premyer-Liqa adlandırılmış yarışda çempionluq mübarizəsi yetərincə gərginləşib. Elə çempionun adının son turda məlum olacağı da buna bariz sübutdur. Qızıl medalların taleyi isə “Qarabağ”dan çox aslıdır. Belə ki, ağdamlılar son turda səfərdə “Olimpik”in qonağı olacaqlar. Əgər onlar lideri məğlub edərlərsə və “İnter” “Qəbələ”yə qalib gələrsə, o zaman ölkə çempionu “İnter” olacaq. Son turun oyunları ölkə kubokunun final görüşü səbəbindən gələn həftənin əvvəlinə keçirilib. Buna görə də klublar son turdan əvvəl futbolçularına iki gün istirahət veriblər. “Qarabağ” da “Neftçi” ilə matçdan sonra futbolçularına 2 günlük istirahət vermişdi. Dünəndən etibarən məqşlərini bərpa edən ağdamlılar Suraxanı qəsəbə stadionunda son turun hazırlıqlarına başlayıblar. Qeyd etdiyimiz kimi, kubokun finalı ilə əlaqədar olaraq gələn həftəyə keçirilmiş sonuncu turda “Qarabağ” çempionluğa ən real namizəd hesab edilən “Olimpik”in qonağı olacaq. Klubun düşərgəsindəki son duruma gəlincə, “Neftçi” ilə oyunu buraxan kapitan Aslan Kərimovun vəziyyəti yaxşılığa doğru gedir və o, artıq tam gücü ilə komandasının məşqlərində iştirak edir. Liderlə oyunda veteran futbolçu meydançaya çıxa bilər. Bu, məşqçinin seçimindən asılı olacaq. Türkiyədə əməliyyat olunan Aftandil Hacıyev isə bu həftə Bakıya qayıdacaq. Amma Hacıyev “Olimpik”lə görüşdə meydançaya çıxa bilməyəcək. Daha bir zədəli futbolçu - Hüseyn İsgəndərov isə kollektivlə çalışmalarını davam etdirir. Eyni zamanda onu da nəzərinizə çatdıraq ki, komandada cəza səbəbindən oyunu buraxmaq ehtimalı olan futbolçu yoxdur. Komanda oyun gününə kimi, gündə 1 dəfə olmaqla məşqlərini Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunda davam etdirəcək. Bazar günü isə ənənəvi olaraq Rasim Kara komandasını “Ruslan-93” bazasında təlim-məşq toplanışına cəlb edəcək.