Azarkeşlər Abdullayevi istəmir (HET-TRİK, 06.09.2005)
6 Sen 2005
Azarkeşlər Abdullayevi istəmir (HET-TRİK, 06.09.2005)
Belə davam etsə, ölkə klublarından daha biri baş məşqçisiylə erkən vidalaşmaq məcburiyyətində qalacaq. Söhbət "Qarabağ"dan və onun çalışdırıcısı Elxan Abdullayevdən gedir.
İş ondadır ki, bugünlərdə Ağdam klubunun bir qrup fanatı rəhbərlikdən gənc mütəxəssisin postundan uzaqlaşdırılmasını istəyir. "Qarabağ"lı fanatlar prezident Abdulbarı Gözələ məktub yazaraq Abdullayevin istefaya göndərilməsi tələbiylə çıxış ediblər. Onların fikrincə, Elxan bəy hazırkı məqamda komandanı arxasınca aparmaq iqtidarında deyil. Klubun təxminən 300 tərəfdarı Gözəl qarşısında başqa bir tələb də irəli sürüblər. Onlar iddiaları təmin olunmayacağı təqdirdə "Azərsun Holding" şirkətinin mərkəzi qərargahı önündə piket keçirəcəklərini bildiriblər. Bizdə olan son məlumata görə, Abdulbari bəy artıq bu məsələdən xəbərdardır. Azarkeşlərin əsəbləriylə oynamaq istəməyən klub prezidentinin tezliklə fanatlarla görüşəcəyi xəbər verilir. Əldə etdiyimiz informasiyaya görə, rəhbərlik Elxan Abdullayevlə yollarını ayırarsa, belədə vakant posta Elbrus Abbasov gətiriləcək.