“Azarkeşlər üçün çox baxımlı oyun oldu”

single-news
11 Fev 2024

“Azarkeşlər üçün çox baxımlı oyun oldu”



Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Azarkeşlər üçün çox baxımlı oyun oldu. Son iki matçımızda 13 qol vuruldu. Həm komandalar, həm futbolçular üçün də faydalı alındı. Qarşımızda fərqli, oyun sistemində dəyişiklik etmiş “Sabah” var idi. Bizə çətinlik yaradırdı, amma qarşılaşmanın gedişində oyunu ələ almağa çalışırdıq. Rəqib də öz sürətli əks-hücumları və futbolçularından yaxşı istifadə edirdi. Andrey Lunyovun buraxdığı son qol baxımlı alındı. Hətta özüm də alqışladım. Qapıçılar üzrə məşqçi bu topa baxacaq. Təcrübəli qolkiperdir. Bundan sonra belə zərbələrə daha hazır olar. Tam ideal formada deyilik. Bu qədər qol buraxırıqsa, çatışmazlıqlarımız var. Rəqibin yaxşı düşünülmüş hücumları oldu. Komandam diqqətli oynayırdı. Hücumda oynayan komandayıq və istər-istəməz belə boşluqlar olur. Rəqib də bundan istifadə edə bilirsə, qollar vurulacaq. Qapımıza bu qədər penalti təyin olunması yadıma gəlmir. Bu da futbolun maraqlı bir hissəsidir.  Daha çox topa sahib olmaq, hücum qurmaq istədik. İnanıram ki, buraxılan toplardan hamımız nəticə çıxaracağıq”.

 

Baş məşqçi ayrı-ayrı futbolçular və “Braqa” ilə matça motivasiya barədə də danışıb: “Bu gün Bəhlul Mustafazadə və Bədavi Hüseynovdan razıyam. Kevin Medina hazır olsa, seçimimiz artar. Müdafiə xəttinə transfer məsələsində dəqiq olmalıyıq. İndiki oyunçulardan razıyam. Tezliklə Medina da sıraya dönəcək. “Braqa” ilə matçlar tam fərqlidir. Komandanı avrokuboka motivasiya etmək daha asandır. Sadəcə qısa müddətdə eyni rəqiblə üç dəfə oynamaq yorucu olur. İnanmıram ki, bunun “Braqa” ilə qarşılaşmalara təsiri olsun. Öz hazırlıq planımız var. Rotasiyaları da buna uyğun edirdik. Fərqli turnir, fərqli komandaya qarşı oynayacağıq. Portuqaliyaya görüşdən iki gün əvvəl gedəcəyik. Məncə, Abdullah Zubirin qaçırdığı qol epizodunda ofsayd var idi. Qol olsaydı da, sayılmayacaqdı. Həmin vaxt rəqib qapısına təzyiq edirdik. Aleksey İsayev komandaya adaptasiya olub. Ondan razıyıq, amma daha yaxşısını gözləyirik”.

 

Qurbanov azarkeş sayına da toxunub: “İstərdim ki, belə oyunda azarkeşlərin sayı çox olsun. Belə matçlarda tamaşaçıların sayı çox olanda komandalar daha istəkli, baxımlı oynayırlar. Azarkeşsiz futbol maraqlı görünmür. Bizim üçün də ajiotaj yaratmır. Əgər qarşılaşma, 10, 15 və ya 20 min tamaşaçı qarşısında olsaydı, onlar hər qola reaksiya versəydi, biz də matçın necə keçməsindən danışacaqdıq. Onda oyundan daha razı qalacaqdıq. Bilmirəm, günahkar kimdir? İnanın ki, çox ehtiyac var. Futbolçu daim 10-15 min azarkeş qarşısında oynasa, matçdan-matça daha da yaxşı olar. Bunun üçün nə isə düşünülməlidir. 12-13 il əvvəl “Neftçi”, “Xəzər Lənkəran”la və ya digər görüşlərimizdə daha çox azarkeş olurdu. Sanki Azərbaycan çempionatından küsüblər. Çempionatın səviyyəsini, rəqabəti yaxşılaşdırmaq lazımdır”.

 

Paylaş

// pop up