Azər hardadı? (FUTBOL+, 13.04.2006)

single-news
13 Apr 2006

Azər hardadı? (FUTBOL+, 13.04.2006)



Son dövrlər uğurlu çıxışıyla diqqət çəkən komandalardan biri də “Qarabağ”dı. Ağdam təmsilçisinin birinci dövrəyə nisbətən daha yaxşı təsir bağışladığını söyləmək olar. Heyət də əvvəlkinə nisbətən indi daha güclüdü. Rəhbərlik buna qışda bəzi futbolçuların transferə çıxarılması, əvəzində yenilərinin gətirilməsi nəticəsində nail olub. Bu dəyişikliklərdən komanda xeyir görsə də, bəzi futbolçular ziyan çəkdi. Xüsusilə də 2001-dən ağdamlılarla birgə olan yarımmüdafiəçi Azər Cabbarov. Oyunçunun “faciəsinin əsaslarının” hələ Exan Abdullayevin baş məşqçi olduğu dövrlərdən qoyulduğunu desək, yanılmarıq. Birinci dövrəninin son turlarında nəinki start heyətdə yer ala, heç “18-liy”ə də düşə bilməyən yarımmüdafiəçi fasilədə komandaya gəlmiş yeni baş məşqçi Böyükağa Ağayevin də etimadını qazana bilmədi. Belədə Azər transferə çıxarıldı. “Turan”a keçəcəyi gözlənilən futbolçu bu komanda iddiasından əl çəkdikdən sonra bir müddət “Olimpik”in də düşərgəsində göründü. Amma bu sevda da baş tutmadı. Müqaviləylə bağlı olduğu “Qarabağ”da işləri düz gətirməyən Cabbarov indi ölkə xaricinə üz tutub və artıq futboldan kənardadı. Azərin yeri-yurdu, məşğuliyyəti haqda bilgi almıq üçün evlərinə telefon açdıq. Söhtləşdiyimz nənəsi dedi ki: “iki aydı ki, Moskvaya gedib. Nə zaman gələcəyini də bilmirik. Zəng vurub əlaqə də saxlamır. Biz də nigaran qalmışıq”. Futbolçunun klubu “Qarabağ”ın da rəsmi mövqeyini öyrəndik. Klubun mətbuat katibi Asif Əsgərovun söylədikləri: “Azərlə müqaviləmizin müddəti yayda bitir. Yəni rəsmən klubumuza bağlıdı. Baş məşqçimiz Böyükağa Ağayevin istədiyi futbolçulardan olmadığından fasilədə transferə çıxarılanlar arasında Azərin də adı var idi. Bir çox səbəblər vardı ki, baş məşqçini razı salmırdı: oyunçu keyfiyyəti, fiziki durum və s. Bir ara Azərin “Turan”a keçəcəyi gündəmdə idi. Hətta məsələ demək olar ki, həll olunmuşdu. Sonra qəflətən “Turan”ın “dağılması” gündəmə gəldi. O da özünə başqa klub tapa bilmədiyindən transfer hüququ bizdə qaldı. İndi onun harda olmasından xəbərimiz var. Yəqin ki, bizimlə müqaviləsi başa çatandan sonra idman ictimaiyyətinə görünər”. Futbolçudan narazı olan baş məşqçi Böyükağa bəyin fikirlərini öyrənmək istədik. Əfsus ki, Ağayev zənglərimizi cavabsız qoydu. Qeyd edək ki, hazırda Rusiyanın birinci divizionunda çıxış edən “Maşuk” KMV-nin sükanı arxasında olan həmyerlimiz İqor Ponamaryovun Azərbaycandan klubuna dəvət etmək istədiyi oyunçular arasında Azərin də adı var. Lakin klubuyla müqaviləsi olduğundan yarımmüdafiəçinin Rusiyaya futbolçu kimi getməsi baş tutmadı. Amma yəqin ki, yayda razılaşması başa çatdıqdan sonra Cabbarov rahatlıqla “Maşuk”a keçə bilər.

Paylaş