AZƏRBAYCAN FİFA REYTİNQİNDƏ İRƏLİLƏDİ

single-news
24 Mar 2005

AZƏRBAYCAN FİFA REYTİNQİNDƏ İRƏLİLƏDİ



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) mart ayı üçün dünyanın milli komandalarının reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması 204 komanda arasında 116-cıdır. Futbol komandamız ötən ayla müqayisədə bir pillə irəliləyib. Reytinq cədvəlində irəliləyişə baxmayaraq, Azərbaycanın xal ehtiyatı azalıb. İndi yığmamızın aktivində 428 xal var. Beşqat dünya çempionu Braziliya əvvəlki kimi, dünyanın ən güclü futbol komandasıdır (836 xal). Bundan 54 xal geri qalan dünya və Avropa çempionu Fransa ikincidir. "Üçrənglilər"in ən yaxın izləyicisi Argentinadır. Cənubi Amerika təmsilçisi 777 xalla üçüncü yeri tutur. Çexiya, İspaniya, Meksika, Hollandiya, İngiltərə, Portuqaliya və İtaliya ardıcıllıqla ilk onluqda qərarlaşıblar. Dünya çempionatı-2006-nın seçmə qrup mərhələsindəki növbəti rəqibimiz Polşa yığması iki pillə geriləyib. Martın 30-da Nyukaslda qarşılacağımız İngiltərə komandası mövqeyini qoruya bilib (8-ci yer). Əvəzində, digər Britaniya kollektivi Uels 6 pillə geriləyərək 71-ci yerə düşüb. Avstriya bu dəfə müsbət göstəriciyə nail olub: +2; 80-ci sıra. Şimali İrlandiya isə Azərbaycandan cəmi 5 pillə öndədir. MDB və Baltikyanı ölkələrin yığmalarından 4-nü qabaqlayırıq. Ən başlıcası, FİFA reytinqində Ermənistanı yenə də geridə qoymuşuq. "Keçmiş qardaşlar"dan ən çox Ukrayna yuxarı sıralara doğru yerini dəyişib. Rusiya, Belarus, Estoniya, Litva, Türkmənistan və Tacikistan isə uğursuzluğa düçar olub. FİFA növbəti reytinq cədvəlini aprelin 20-də açıqlayacaq.

Paylaş