Azərbaycan futbolunda möhtəşəm rekord!

Azərbaycan futbolunda möhtəşəm rekord!
`Qarabağ`ın futbolçusu Admir Telinin möhtəşəm seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Topaz Premyer Liqasının XXVII turunun `Bakı` ilə görüşünün 58-ci dəqiqəsində meydanı tərk etməklə, əvəzolunmaz statusu ilə vidalaşıb.
Belə ki, yerini Emeka Oparaya verən Admir neçə illərdir əvəzlənmədən `ağ-qara` formada meydanda olurdu.
Albaniyalı sonuncu dəfə 2010/11 mövsümünün oyununda komandasına tam kömək etməmişdi. Bu, 2010-cu il dekabrın 11-də XVII turun `Simurq`la Zaqataladakı görüşdə baş vermişdi. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın fasiləsində Admiri Aftandil Hacıyev əvəzləmişdi. Bundan sonra isə legioner `Qarabağ` üçün əvəzolunmaz sima idi.
Teli 2010/11 mövsümündə çempionatın son 15 oyununda 90 dəqiqə meydanda olmaqla, əvəzolunmaza çevrilməyə başladı. 2011/12 mövsümündə Avropa Liqasının 6, Premyer Liqanın 32 və Azərbaycan kubokunun 5 görüşündə də onu əvəzləyən tapılmamışdı. Cari mövsümün arxada qalan hissəsində 4 kubok və 26 çempionat matçında da əvəzlənməyən müdafiəçi yalnız 27-ci turda meydanı tez tərk etdi.
Bununla, 862 gündən sonra əvəzlənən müdafiəçi 88 qarşılaşmada 90 dəqiqə mübarizə aparıb. Bu qarşılaşmaların 73-ü Premyer Liqa, 6-sı Avropa Liqası və 9-u ölkə kubokunda olub. Üstəlik, əvəzolunmazlığın davam etdiyi görüşlərin 2-si 90 deyil, 120 dəqiqə davam edib. Bu da əlavə vaxtın oynanılması ilə bağlıdır. Bu isə o deməkdir ki, Teli `Qarabağ`ın oyunlarında 8038 dəqiqədən sonra əvəzlənib.
Mənbə: apasport.az