Azərbaycan-Polşa, Türkiyə-Yunanıstan və daha 19 oyun (XALQ QƏZETİ, 04.06.2005)

single-news
4 İyn 2005

Azərbaycan-Polşa, Türkiyə-Yunanıstan və daha 19 oyun (XALQ QƏZETİ, 04.06.2005)



Bu gün Avropa ölkələrində 2006-cı il dünya çempionatının seçmə yarışları çərçivəsində Azərbaycan-Polşa və Türkiyə-Yunanıstan görüşləri ilə yanaşı, daha 19 oyun olacaqdır. Onları xatırladırıq: Çexiya-Andorra, Hollandiya-Rumıniya, Ermənistan-Makedoniya, Ukrayna-Qazaxıstan, Albaniya-Gürcüstan, Rusiya-Latviya, Portuqaliya-Slovakiya, Estoniya-Lixtenşteyn, Farer adaları — İsveçrə, İrlandiya-İsrail, Norveç-İtaliya, Belarus-Sloveniya, Şotlandiya-Moldova, San-Marino — Bosniya və Hersoqovina, Serbiya və Çernoqoriya-Belçika, İspaniya-Litva, Bolqarıstan-Xorvatiya, İslandiya-Macarıstan, İsveç-Malta. Xatırladaq ki, Azərbaycan-Polşa görüşü saat 20.00-da başlanacaq və oyunu ispaniyalı hakimlər briqadası idarə edəcəkdir. FİFA-nın gecənin ən önəmli matçı kimi qiymətləndirdiyi Türkiyə-Yunanıstan qarşılaşmasının hakimliyi isə alman referilərə həvalə olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, bugünkü görüşlərdən birində Sankt-Peterburqda Rusiya və Latviya komandaları qarşılaşacaqlar. Bu oyun ərəfəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko İTAR-TASS-a müsahibəsində demişdir ki, əgər Rusiya yığması 2006-cı ildə Almaniyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazansa, 3 milyon dollar mükafat alacaq. Latviya ilə görüş həm də Rusiya komandasının yeni baş məşqçisi Yuri Syomin üçün milli kollektivdə ilk rəsmi oyun olacaqdır. 3-cü qrupda çıxış edən Rusiya futbolçuları hazırda 11 xalla turnir cədvəlində üçüncü yeri tuturlar. Qrupun liderləri isə hərəyə 14 xal toplayan Portuqaliya və Slovakiya komandalarıdır. İyunun 15-dən 29-dək Almaniyada keçiriləcək Konfederasiyalar kuboku turniri də, şübhəsiz, bu ilin ən mühüm futbol hadisələrindən biri olacaqdır. Turnirdə qələbə uğrunda 2006-cı ildə dünya çempionatı final mərhələsinin təşkilatçısı olacaq Almaniya, beşqat dünya çempionu Braziliya, Maradonanın həmvətənləri Argentina futbolçuları, sonuncu Avropa çempionu Yunanıstan, habelə Meksika, Tunis, Yaponiya və Avstraliya komandaları mübarizə aparacaqlar. Konfederasiyalar kuboku turnirinin oyunlarını bu yaxınlarda Çempionlar Liqasının “Milan” — “Liverpul” finalının hakimi olmuş ispan Manuel Mexuto Qonsales, alman Markus Merk, rusiyalı Valentin İvanov, Herbert Fandel (Almaniya), Lyuboş Mixel (Slovakiya), Roberto Rozetti (İtaliya) və digər hakimlər idarə edəcəklər. Onların ən yaxşıları turnirdən sonra dünya çempionatı final mərhələsinin oyunlarında hakimliyə əsas namizədlər kimi qısamüddətli toplanışda iştirak edcəklər. Bu isə planetin növbəti futbol bayramının getdikcə yaxınlaşdığını bildirir.

Paylaş