“Azersun Arena”da 1 qol

single-news
22 Avq 2025

“Azersun Arena”da 1 qol



“Qarabağ” – “Sumqayıt” – 0:1

Ronaldo Vaskes, 72

 

“Qarabağ” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxıb. Komandamız II tur matçında “Sumqayıt”ı qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov “Azersun Arena”da baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı.

 

Bir neçə gün əvvəl UEFA Çempionlar Liqası çərçivəsində Macarıstanda “Ferensvaroş”la qarşılaşan komandamızın (3:1) bu dəfə heyətində bir çox dəyişiklik edilmişdi. Xüsusən də, gənc oyunçu Hikmət Cəbrayılzadə start heyətində şans əldə etmişdi.

 

Matçın ilk dəqiqələrindən etibarən futbolçularımız oyuna nəzarəti ələ alıblar. Meydanın rəqibə aid hissəsində paslaşan komandamız həm mərkəzdən, həm də cinahlardan həmlələr edərək, qol axtarışında olub. Komanda şəklində müdafiəyə qapanan qonaqlar oyunu sürətli əks-hücumlar üzərində qurmuşdu.

 

İkinci hissə də eyni ssenaridə keçib. Komandamızın hücumları kəsərli alınır, bir neçə real qol vəziyyətləri yaranırdı. Lakin sonluğu qolla tamamlamaq mümkün olmurdu. Lakin 72-ci dəqiqədə “Sumqayıt” görüşdə hesabı açıb. Buraxılan topdan sonra komandamız rəqib üzərinə təzyiqi daha da artırıb, aramsız hücumlar qurub. Ancaq ələ düşən imkanlardan faydalanmaq heç cür alınmayıb. Nəticədə “Sumqayıt” 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, komandamız çempionatda növbəti oyununu avqustun 31-də səfərdə “Karvan-Yevlax”a qarşı keçirəcək.

Paylaş

// pop up