AzTV “Qarabağ"dan iki min dollar istəyib (HET-TRİK, 05.05.2006)

single-news
5 May 2006

AzTV “Qarabağ"dan iki min dollar istəyib (HET-TRİK, 05.05.2006)



BƏXTİYAR QARACA: "QARABAĞ" 2 YOX, 20 MİN DOLLAR VERSƏ DƏ, OYUN CANLI YAYIMLANMAYACAQDI" AzTV yenə vədinə xilaf çıxdı. Məlum olduğu kimi, ölkə çempionatı və kubok oyunlarının yayım hüququ Dövlət Televiziyasına məxsusdur. Bu səbəbdən oyunları AzTV yayımlayır. Ancaq necə? Mayın 3-ü ölkə kubokunda iki oyun keçirilirdi. Matçlardan biri Lənkəranda, digəri isə Suraxanıda oynanılırdı. Bundan bir gün öncə AzTV-nin gənclik və idman redaksiyasının baş redaktoru Bəxtiyar Qaraca ilə əlaqə saxladıq. Öyrənmək istədik ki, hansı oyun yayımlanacaq. Bəxtiyar müəllim oyunların canlı verilməsiylə bağlı problemlər olduğunu dilə gətirdi. Buna baxmayaraq, qarşılaşmalardan birini mütləq tamaşaçıların canlı izləyə biləcəyini söylədi. Ancaq bu dəfə də AzTV azarkeşləri intizarda saxladı. Və oyunlardan heç birini göstərmədi. Bu mənada futbol həvəskarlarının imdadına "Lider" yetdi. "Xəzər-Lənkəran" - "Karvan" matçını canlı efirə çıxaran "Lider"çilər AzTV-nin "günahını" az da olsa, sığortaladı. Dünən bu məsələni yenidən araşdırdıq və maraqlı mətləblər ortaya çıxdı. "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəli dinləyək: "Oyundan bir gün qabaq AzTV-dən bir nəfər bizə zəng vurub dedi ki, matçın canlı yayımlanmasını istəyirsinizsə, iki min dollar pul verin. Biz buna razı olmadıq. Oyunumuzun yayım hüququnu AFFA-ya vermişik. AzTV də bu hüququ assosiasiyadan alıb. Biz nəyə görə onlara pul verməliyik, bilmirəm". Məsələyə qarşı tərəfin də münasibətini öyrəndik. Həmsöhbətimiz isə dövlət kanalının Gənclik və İdman redaksiyasının baş redaktoru Bəxtiyar Qaraca oldu. - Oyundan bir gün öncə sizinlə əlaqə saxladıq. Söylədiniz ki, oyunlardan birini canlı yayımlayacaqsınız. Ancaq bunun şahidi olmadıq. Səbəbi nə oldu? - "Xəzər-Lənkəran"la oyunu çatdıra bilmədik. Suraxanıdakı qarşılaşmanı da canlı yayımlamağa texniki imkanlarımızın zəif olması imkan vermədi. Problemlərimiz çox idi. - Hansı problemlərdən danışırsız? - Ancaq texniki problemlər idi. Əsasən də maşınların olmaması. Proqrama da salmışdıq ki, oyunu verək. Qarşılaşmanı bir kamerayla çəkəndə keyfiyyət itir. Sona qədər gözlədik ki, səyyar maşınlarımız olacaq, ancaq alınmadı. - Bəxtiyar müəllim, qarşı tərəf buna əsas səbəb kimi başqa şeyi göstərir… - Nə deyirlər ki? - Əmrah Çəlikəllə əlaqə saxladıqda o, bildirdi ki, sizdən onlara bir nəfər zəng vuraraq oyunun canlı yayımlanmasının qarşılığında iki min dollar istəyib… - AzTV-də iki min adam işləyir. Necə ola bilər ki, kimsə, kiminsə adından zəng vurub onlardan pul istəsin? Burada məntiq olmalıdır. Deməlidirlər ki, filankəs mənə zəng vurub. Onlara kim zəng vura bilər ki? - Bunu siz yaxşı bilərsiz... - Söhbət belə idi. Fikrimizdə var idi ki, "Xəzər"in oyununu verək. Gördük texnika ora gedib çıxa bilmir, çatdıra bilməyəcəyik. Nəzərdə tutduq ki, buradakı oyunu verək. Çəkiliş üçün lazım olan xüsusi maşınlar başqa işdə olduğundan, alınmadı. Sonra mən özüm işçilərimizi göndərdim ki, bəlkə çəkə bildilər. Bu da bir nəticə vermədi. İmkanımız olsaydı, verərdik. "Qarabağ"ın oyununu dəfələrlə canlı vermişik. Sadəcə bu dəfə Suraxanıdan efirə canlı çıxmaq imkanımız olmadı. - Artıq ikinci dəfədir ki, "Qarabağ"la AzTV arasında belə problem yaşanır. Bu, təsadüfdür, yoxsa… - Yenə təkrar edirəm: "Qarabağ"ın oyununu dəfələrlə vermişik. Mən proqrama salmışdım ki, oyun 23.40-da verilsin. Canlı yayımlasaq, 17.00-da efirə çıxmalı idi. Mən proqramda necə dəyişiklik edə bilərəm? Əvvəlcədən bilirdik ki, bu, mümkün olmayacaq. Çalışdıq ki, DTS-lə çəkək. Tək kamera olanda top qalır bir tərəfdə, qol bir tərəfdə, qapı da bir tərəfdə. Keyfiyyət tamamilə itir. Oyunun video-yazısını verəcəkdik. Bunu etməyə də texniki imkanlarımız olmadı. Bilmirəm onlar başqa nədən danışırlar. - Yəni iki min dollar söhbəti yalandır? - Nədən ötrü almalıdırlar? Oyunun canlı verilməsi mümkün deyilsə, onlardan niyə pul istəməliyik? Lazımsız söhbətdir. "Qarabağ" 2 yox, 20 min dollar versə də, oyun canlı yayımlanmayacaqdı. - Son bir sual da verim. Oyunların gecə yarısından sonra verilməsi kimə lazımdır? - Biri var heç verməyək, bir də var ki, yenə birini verək. İmkan olanda, efirə iki stadiondan çıxmışıq. Bir də ki, AzTV-1 kanaldır. Eyni gündə bir neçə oyun olanda, onlardan yalnız birini vermək imkanımız var. P.S. Gördüyünüz kimi, hər iki tərəf özünü haqlı hesab edir. Ancaq bir şeyi qeyd etməliyəm ki, Bəxtiyar müəllim/bin sözləri bir-birinə ziddir. O, əvvəlcə bildirdi ki, oyunu canlı vermək istəyib. Sonra isə onsuz da əvvəlcədən bilirdik ki, "Qarabağ"ın oyununu verə bilməyəcəyik deyir. Qarşılaşmanın videoyazısının verilməməsinə gəlincə, necə ola bilər ki, başqa vaxt Yevlaxdakı matç bitdikdən bir neçə saat sonra efirə verilə bilir, Suraxanıdakı oyun yox?

Paylaş

// pop up