Babək Quliyevin insafına yazılan oyun (HET-TRİK, 13.03.2006)

single-news
13 Mar 2006

Babək Quliyevin insafına yazılan oyun (HET-TRİK, 13.03.2006)



Xronoloji ardıcıllığı pozmaq fikrindəyik. Çünki "Bakı" - "Qarabağ" matçının son dəqiqələrində və qarşılaşmadan sonra baş verən hadisələr diqqətinizə çatdırdığımız reportajın adət etdiyiniz kimi yox, nisbətən fərqli şəkildə yazılmasına zərurət yaradır. LOBANIN "SİFTƏSİ" VƏ… 89-cu dəqiqəyədək hesab bərabər idi - 1:1. Amma matçın final fitinə cəmi bir dəqiqə qalmış baş hakim Babək Quliyevin şübhəli qərarı oyunun müqəddəratını həll etdi. Əslində, haqqında üstüörtülü söhbət açdığımız epizodda şübhəli heç nə baş verməmişdi. "Bakı"nın hücumçusu Vadim Vasilyev "Qarabağ"ın cərimə meydançasında rəqibin müdafiəçisi Zoran Çelinşekə qarşı açıq-aşkar kobud oynadı. Çoxları Babək Quliyevin qayda pozuntusu qeydə alacağını düşündüyü halda, referi davam işarəsi verdi. Cahangir Həsənzadəni də geridə qoyan Vasilyev qapıçının nəzarət edə bilmədiyi qapıya doğru zərbə endirməyə də macal tapdı. Özünü yetirən Azər Məmmədov topu boş qapıdan çıxardı. Təyin edilən künc zərbəsi isə bakılılar üçün "göydəndüşmə" oldu. Dövrələrarası fasilədə komandanın heyətinə cəlb olunan Stanislav Loban qələbə qoluna "imza atdı". Bu, Lobanın Azərbaycan çempionatında vurduğu ilk qol idi. …İLİÇİN GÖZ YAŞLARI Matç boyu komandaların heç birinin nəzərəçarpacaq üstünlüyü hiss olunmurdu. Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın "Bakı"dan icarəyə götürdüyü Fərid Quliyev baş zərbəsiylə açdı. Cəmi 16 dəqiqə sonra isə Ceyhun Sultanov matçda "status-kvo"nu bərpa etdi. Lakin qarşılaşmanın sonunda başverənləri, daha doğrusu, Lobanın vurduğu qolu yalnız Babək Quliyevin insafına yazmaq lazımdır. Başqa sözlə, həmin epizodda referi "Qarabağ"a qarşı ən azı insafsızlıq etdi. Ağdamlıların qapısından keçirilən ikinci qoldan sonra bir məqam diqqətimdən yayınmadı. Matçın sonunu gözləməyib əsəbi şəkildə stadionu tərk edən azarkeşlər "hakimlər belə eləyir ki, camaat futboldan iyrənir" deyirdilər. Final fitindən sonra isə "Qarabağ"ın yarımmüdafiəçisi Bojan İliç Babək Quliyevin ədalətsizliyinə qarşı etirazını göz yaşlarıyla bildirdi. Kişi ağlamaz, deyiblər. Amma vallah, o məqamda ağlamağa dəyərdi. Novruz Əzimov ("Bakı"nın baş məşqçisi): "Hakimlik haqda heç nə deməyəcəm. Ona görə yox ki, biz qalib gəlmişik. Bəlkə də hansısa eizodda hakimin səhvi olub. Oyun haqda onu deyə bilərəm ki, çox az sayda qol epizodu yaratdıq. Bu məsələnin üzərində işləyəcəyik". Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Bu oyuna hazırlıq prosesi bizim üçün çox çətin keçdi. Futbolçularımızın çoxu xəstə idi. Amma komanda yaxşı mübarizə apardı. Demirəm ki, rəqibdən üstün oynadıq. Lakin hakim elə bil məqam axtarırdı ki, əleyhimizə nə isə qərar versin. Ötən tur "Neftçi"ylə oyunda ofsayddan bizə qol vurdular. Bugünkü oyunda da ikinci qol vurulmazdan əvvəl müdafiəçimizə qarşı kobudluq olmuşdu".

Paylaş

// pop up