BAKI" 9 NƏFƏR QARŞISINDA ACİZ QALDI( 525-Cİ QƏZET, 19 FEVRAL,2005)

single-news
19 Fev 2005

BAKI" 9 NƏFƏR QARŞISINDA ACİZ QALDI( 525-Cİ QƏZET, 19 FEVRAL,2005)



Futbol üzrə milli çempionatın 19-cu turu başa çatdı. Dünənki oyunlardan "Bakı" - "Qarabağ" matçı prinsipial xarakter daşıyırdı. Çempionluğa iddalı komandaların "duel"ində əksəriyyət paytaxt klubunu revanşını gözləyirdi. Axı "Bakı" bu mövsümdə yeganə məğlubiyyət acısını (0:2) məhz "Qarabağ"la oyunda dadmışdı. "Bakı" dünən bunun əvəzini çıxmağa, 3 xal qazanaraq turnir cədvəlində daha bir pillə yüksəlməyə çox yaxın idi. Amma gözlənilməz sonluq "Bakı"nın planlarını alt-üst etdi. Turun mərkəzi görüşü sönük və maraqsız keçdi. Qarşılaşmada xüsusən qonaqlar zəif təsir bağışlayırdılar. Bütün oyun boyu "Qarabağ" düşünülmüş kombinasiya qura bilmədi. "Bakı"nın hücumlarının qarşısı isə adətən kobudluqla alınırdı. Futbolçular aqressiv davranır, tez-tez qaydalar çərçivəsindən kənara çıxırdılar. Oyunda ilk təhlükəli vəziyyəti paytaxt təmsilçisi yaratdı. 13-cü dəqiqədə braziliyalı Roberto Serjio cərimə meydançası yaxınlığında rəqibin bir müdafiəçisini aldadaraq qapıya zərbə endirdi. Top Vitali Kovalyovun qoruduğu "çərçivə"dən aralı keçsə də, hər halda, təhlükəli alındı. Birinci hissənin ortalarında "Qarabağ"ın qapıçısı Çertoqanovun zərbəsini zərərsizləşdirdi. Bundan bir neçə dəqiqə sonra nəhayət, Ağdam futbolçuları bakılı həmkarlarına həyəcanlı anlar yaşatdılar. İsmayıl Məmmədovun yerinə yetirdiyi künc zərbəsi zamanı az qala hesab açılacaqdı. Amma "Bakı"nın müdafiəçiləri vaxtında topu təhlükəli zonadan uzaqlaşdıra bildilər. Az sonra tablodakı "0"lardan biri dəyişdi. "Qarabağ"lıların növbəti kobudluğu onlara baha başa gəldi. Cərimə meydançasında Kovalyovla Serjio arasında yaranan mübahisədə görüşün baş hakimi Fariz Yusifov birincini günahkar saydı və ona sarı vərəqə göstərdi. Amma "Qarabağ"ın canı bununla qurtarmadı. F.Yusifov qapıçının kobudluğuna görə penalti zərbəsi təyin etdi. Andre Ladaqa bu şansı boşa vermədi - 1:0. Qoldan sonra "Qarabağ" daha çətin vəziyyətə düşdü. Yarımmüdafiəçi Aqil Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovuldu. Say azlığı "Qarabağ"ın ikinci hissədə böyük qüvvəylə irəli atılmasına imkan vermirdi. Ağdam klubunun üzvləri qol epizodları yaratmaqda yenə çətinlik çəkir və qaydaları pozurdular. Əvəzində Əsgər Abdullayevin komandası bir qədər arxaya çəkilərək əsasən qapısının toxunulmazlığını qoruyurdu ki, bu da paytaxt klubu üçün ən ideal variant idi. Eyni zamanda "Bakı" əlverişli imkanlardan yararlana bilmirdi. Qol şanslarını sağa-sola xərcləyən meydan sahibləri bunun acısını çəkdi. Özü də "Qarabağ" meydanda ...9 nəfərlə qalanda. 88-ci dəqiqədə təcrübəli müdafiəçi Aslan Kərimov qırmızı vərəqəylə cəzalandırıldı. Artıq bu dəqiqələrdə "Bakı"nın azarkeşləri doğma komandalarının qələbəsini tam əminliklə bayram edirdilər... Amma Samir Abbasov bir andaca tribunadakı bayram əhval-ruhiyyəsini korladı. Gənc hücumçu Vüqar Nadirovun səyi nəticəsində top cərimə meydançasına qaldırıldı. Burada kapitan Vadim Vasilyevin baş zərbəsi tirə dəydi və Samir Abbasovun təkrar zərbəsi dəqiq alındı. Qol 92-ci (!) dəqiqədə vuruldu, 9 nəfər qarşısında aciz qalan "Bakı" ardıcıl ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionundan bir xalla ayrıldı.

Paylaş