"Bakı" özünə gəldi (FUTBOL+, 12.09.2005)

single-news
12 Sen 2005

"Bakı" özünə gəldi (FUTBOL+, 12.09.2005)



Qonaqlar "Şahdağ"a gözlənilməz məğlubiyyətin təsadüf olduğunu isbatlamalı, ağdamlılar isə iddiasının ciddiliyini göstərməli idi. Pərdəarxası məqamlar da matça xüsusi özəllik verirdi. Konkret Əsgər Abdullayevin taleyinin nəticədən asılı olduğu haqda söz-söhbət gəzirdi. Cəza üzündən tribunada əyləşən Elxan Abdullayev üçün isə matç prinsipial xarakter daşıyırdı. Məşqçi postu hələ də qara buludlar arasında olan Elxan bəyi "Bakı"da məhz Əsgər Abdullayevin əvəzlədiyi yaddan çıxmayıb. Bir sözlə, əsəbləri tarıma çəkən gərgin oyun izləyəcəkdik. Amma təxminlərimizdə yanıldıq. Daha doğrusu, iki fərqli hissənin şahidi olduq. "Qarabağ" ilk 45 dəqiqədə fəal görünürdü. Amma ağdamlıların cinahlardan qurulan hücumları o qədər də təhlükəli alınmırdı. Yarımmüdafiəçilər ön xətdlə qərarlaşan Musayevlə Voskoboyniki zərbə mövqeyinə çıxara bilmirdi. Bununla belə, meydan sahiblərinin səyi 25-ci dəqiqədə bəhrə verdi. Cabbarovun qapı önünə ötürməsini Voskoboynik bir toxunuşla tamamladı. Bu epizodda "Bakı"nın müdafiəçilərinin nə işlə məşğul olduğu maraq doğururdu. Hesabın açılmasına rəğmən, qonaqlar hissənin sonunda təşəbbüsü ələ almağı bacardı. Xüsusilə meydanın mərkəzində Qoqoberişvili, cinahlarda isə Ladaqayla İmaməliyev rəqibini daim gərginlikdə saxlayırdı. Hətta epizodların birində Vasilyevə fərqlənmək üçün bir an çatmadı. Həsənzadəylə toqquşan hücumçu onu zədələdi. Ümumiyyətlə, yığmamızın qapıçısı inamsız çıxışıyla yadda qaldı ki, onun fasilədə əvəzlənməsinin əsas səbəblərindən biri də budu. Həsənzadə bunadək Suleapın təxminən 20 metr məsafədən güclü zərbəsi önündə aciz qalmışdı. Hər şeyə rəğmən, "Qarabağ" fasiləyə öndə yollana bilərdi. Voskoboyniklə "divar paslaşması"ndan sonra qapıçıyla üzbəüz qalan Cabbarov cəld tərpənsəydi. İkinci hissə bir komandanın ifasında tamaşaya bənzədi. Meydanın mərkəzini tamamilə ələ alan qonaqların sürətli hücumları qarşısında "Qarabağ"ın müdafiəçiləri çaş-baş qalmışdı. Nəticədə Həsənzadəni əvəzləyən Kovalyov üç dəfə topu tordan çıxarmalı oldu. Rəqib fərqlənərkən qapıçının ciddi səhvə diqqət çəkməsə də, hər halda, xilaskar rolunu oynaya da bilmədi. Elxan Abdullayevin komandasında isə yalnız istək vardı. Hər hansı yaradıcılıqdan söhbət gedə bilməzdi. "Qarabağ" ikinci 45 dəqiqədə bir məntiqi hücum reallaşdırmadı. Kravçenkonun fərqləndiyi epizodu isə yarımmüdafiəçinin fərdi ustalığıyla izahlamaq daha doğru olardı. Qarşılaşma ağdamlıların həm fiziki cəhətdən, həm də anlaşma baxımından xeyli geri qaldığını təsdiqlədi. Çətin ki, belə sönük və baxımsız oyunla "Qarabağ"ı meddalara iddialılar sırasında görək. "Bakı" isə əksini göstərdi. Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Əsgər müəllimi təbrik edirəm. Rəqib bizdən qat-qat güclü oynadı. Yetirmələrim isə fiziki cəhətdən çatdırmadı. Müdafiədən ümumiyyətlə, narazı qaldım. Kobud səhvlər buraxdıq. 4 oyuna 9 top buraxmağımız sözlərimi təsdiqləyir. "Bakı"nın tətbiq etdiyi pressinqdən çıxa bilmədik. Bəlkə də birinci hissədə yaradılan epizodları dəyərləndirsəydik, nəticə başqa cür olardı". Əsgər Abdullayev, "Bakı"nın baş məşqçisi: "Komandamız "Şahdağ"la oyundan sonra psixoloji cəhətdən əziyyət çəkirdi. Amma çətin durumdan çıxmağı bacardıq. Bunu qarşılaşma da göstərdi. Birinci hissədə rəqib bəzi epizodlarda bizi bağışladı. Amma fasilədən sonra üstün tərəf olduq. Nəticədən razıyam".

Paylaş