“Bakı” - “Qarabağ”. (FUTBOL+, 11.03.2006)

single-news
11 Mar 2006

“Bakı” - “Qarabağ”. (FUTBOL+, 11.03.2006)



İş elə gətirdi ki, adıçəkilən komandalar üç həftəyə üç dəfə qarşılaşmalı olur. Xatırladaq ki, “Bakı”yla “Qarabağ” ölkə kubokunun 1/4 final mərhələsində də münasibətlərini ayırd edir. Kubokun birinci oyununda “Qarabağ” 3:2 hesabıyla qələbə qazanaraq cavab matçı öncəsi müəyyən üstünlük qazanıb. Sabahkı oyun həm də bir sınaq olacaq. Belə ki, “Bakı”yla “Qarabağ” gələn həftəsonu da mərkəzi arenada münasibətlərini ayırd edəcək. “Bakı”yla səfər oyununda ağdamlıların nəyə qadir olması bu rəqiblə çempionat mücadiləsində müəyyən mənada aydınlaşa bilər. “Zolaqlılar” “Qarabağ”la kubok oyununda həm də Rafael Əmirbəyovu itirməli oldu ki, ağır zədələnən təcrübəli müdafiəçi fasilədən sonra meydana qayıda bilmədi. Təbii ki, komandanın arxa xəttinə başçılıq edən Rafaelin yoxluğu son nəticəyə təsirini göstərdi. Əmirbəyovun sabah meydana çıxacağı inandırıcı deyil və güman ki, o kubokun cavab oyununda “Qarabağ”a rəqib olacaq. Ağdamlılar isə kapitanı Aslan Kərimovun xidmətindən yararlana bilməyəcək. Hər halda, Aslan “Bakı”yla kubok oyununda komandaya daha çox lazımdı ki, həmin vaxtadək onun cəzası başa çatacaq.

Paylaş