“Bakı" “Qarabağ"ı fəth edə biləcəkmi? (HET-TRIK, 17.03.2006)

single-news
17 Mar 2006

“Bakı" “Qarabağ"ı fəth edə biləcəkmi? (HET-TRIK, 17.03.2006)



HƏLƏ Kİ FUTBOL MEYDANÇASINDA İki "cəbhə"də mübarizə aparmaq çox çətindir. İstər ölkə çempionatında qarşısına ən böyük məqsədlər qoymuş hər hansı komandalar, istərsə də turnir cədvəlinin ortalarında "gün keçirən" kollektivlər üçün. "İki cəbhə" deyəndə söhbətin həm çempionat, həm də ölkə kuboku haqda getdiyi yəqin ki, çoxları üçün anlaşıldı. Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsinin ilk oyunlarını artıq izləmişik. "Neftçi" elə ilk matçdaca növbəti mərhələyə çıxışını demək olar ki, təmin edib. Səfərdə "Karvan"la heç-heçə edən (1:1) "İnter"in də vəziyyəti pis deyil. "Xəzər-Lənkəran" İmişlidə "MKT-Araz"ı məyus edə bilməsə də, öz qapısının toxunulmazlığını qoruya bildi. Ən gərgin mübarizə isə sözsüz ki, "Qarabağ" və "Bakı" arasında oldu. Bu komandaların 1/4 final mərhələsində keçirilən ilk qarşılaşmasında beş qolun vurulması özlüyündə çox şeydən xəbər verir. Məqsədimiz məhz bu cütlüyün mübarizəsindən qalib kimi ayrılmaq üçün kimin daha şanslı olduğu barədə ehtimalları diqqətinizə çatdırmaqdır. FASİLƏDƏ YENİLƏNƏN "QARABAĞ" Əgər "Qarabağ"la paytaxtın eyni adlı klubu ölkə kubokunun erkən mərəhələlərindən birində, daha dəqiqi, milli çempionatın dövrələrarası fasiləsindən əvvəl qarşılaşsaydı, çoxları zərrə qədər də tərəddüd etmədən "Bakı"nın favorit olduğunu bildirəcəkdi. Çünki fasilədən əvvəl Ağdam təmsilçisinin heyəti də indikindən xeyli fərqlənirdi, komandanın hədəfləri də başqa idi. Ölkənin təcrübəli mütəxəssislərindən sayılan Böyükağa Ağayevin "Qarabağ"ın baş məşqçisi vəzifəsinə təyin olunması, bundan başqa, bir neçə səviyyəli futbolçunun dövrələrarası fasilədə komandanın heyətinə cəlb edilməsi əyalət təmsilçisinin həm ölkə çempionatında, həm də kubok oyunlarında daha iddialı çıxış etməsinə şərait yaradan amillərdəndir. Bir məqam da yaddan çıxarılmamalıdır. "Qarabağ" çempion olmaq şansını praktiki olaraq itirib. Yaranmış vəziyyətdə isə ölkə kubokunu məhz ağdamlıların başı üzərinə qaldırması komanda üzvləriylə yanaşı, yurd-yuvasından didərgin düşmüş minlərlə azarkeşin də yaralarına qismən məlhəm ola bilər. TƏQVİM DƏ ÜÇDƏN DEYİB "Bakı" rəqibindən fərqli olaraq, təkcə ölkə kubokunu deyil, eləcə də, çempionatın qızıl medallarını qazanmağa namizədlərdən biridir. Klub bu ad altında cəmi ikinci ildir ki fəaliyyət göstərməsinə baxmayaraq, ötən mövsüm ölkə kubokunun sahibi olub. Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda təbii ki, bu dəfə də ən azı ötənilki uğuru təkrarlamaq istəyəcək. Milli çempionatın və ölkə kubokunun təqvimiylə bağlı bir məqamı qeyd etməyə gərək var. İş elə gətirib ki, "Bakı" və "Qarabağ" üç həftə ərzində bir-birilə üç dəfə görüşməlidir. Artıq həmin matçlardan ikisi geridə qalıb. Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" rəqibinə qalib gəlməyi bacarsa da, çempionatın 17-ci turu çərçivəsində keçirilən qarşılaşmada paytaxt futbolçuları meydançanı üzüağ tərk etdilər. Doğrudur, "Bakı"nın qələbə çalmasında matçın baş hakimi Babək Quliyevin də müstəsna xidməti oldu. Referi "Qarabağ"ın müdafiəçisinə qarşı kobudluğu qeydə almadı, növbəti epizodda isə "Bakı" qələbə topunu vurdu. Göründüyü kimi, "Bakı" - "Qarabağ" qarşılaşmasının maraqlı alınması üçün kifayət qədər prinsipial məqamlar var. "BAKI" HÜCUM ETMƏYƏ MƏHKUMDUR Ağdamlılar ilk oyunda son dəqiqələrdə qol buraxmasaydı, cavab qarşılaşmasına daha rahat və arxayın şəkildə çıxa bilərdi. Amma final fitinə bir dəqiqə qalmış penalti vurmaq hüququ qazanan bakılılar bu fürsətdən lazımınca yararlana bildilər və Tofiq Bəhramov adına Respublika stadionunda izləyəcəyimiz 90 (bəlkə də 120) dəqiqənin daha həyəcanlı olmasına şərait yaratdılar. "Qarabağ" cavab qarşılaşmasına bir qolun verdiyi üstünlüklə yollansa belə, bu imkandan yetərincə yararlana bilər. Əsgər Abdullayevin ehtiyatı əldən verməyən və daha çox müdafiəyəmeylli məşqçi olduğunu bilirik. Lakin qarşıdakı matçda ən azı bir qol vurmağa məcbur olan "Bakı" mütləq hücum futbolu oynamalıdır. Bu isə sözsüz ki, "Qarabağ"ın işinə yarayacaq. Yəni ağdamlılar rəqibini əks-hücumda yaxalayıb, cütlüyün taleyini həll edə bilər. Qalır bir məsələ. İş ondadır ki, "Qarabağ"da çıxış edən futbolçuların bəzilərinin fiziki durumu ürəkaçan şəkildə deyil. Buna əmin olmaq üçün komandanın son dövrlər keçirdiyi oyunlara nəzər salmaq yetərlidir. Paytaxt təmsilçisi rəqibinin zəif yerlərindən istifadə edib, uğur qazanmağa çalışacaqsa, yəqin ki, yuxarıda qeyd etdiyimiz amilin cavab görüşünün taleyinə əhəmiyyətli təsiri olacaq.

Paylaş