“Bakı" “Qarabağ"la oyuna ciddi hazırlaşır (HET-TRİK, 08.03.2006)

single-news
8 Mar 2006

“Bakı" “Qarabağ"la oyuna ciddi hazırlaşır (HET-TRİK, 08.03.2006)



Ölkə kubokunun sahibi "Bakı" ötən həftəsonu bu yarışda ilk məğlubiyyətini aldı. "Qarabağ" öz meydanında paytaxt təmsilçisini 3:2 hesabıyla yendi, halbuki ötən mövsüm kuboku başı üzərinə qaldıran Əsgər Abdullayevin komandası yarışı məğlubiyyətsiz başa vurrmuşdu. İlk görüşdəki məğlubiyyətə baxmayaraq, "Bakı" növbəti mərhələyə yüksəlməyə daha şanslıdır. Ən yaxşı 4 komanda arasında olmaq üçün bakılılara 1:0 hesabıyla qələbə də sərf edir. Digər tərəfdən də "Bakı" bu həftəsonu yenə də "Qarabağ"la qarşılaşacaq. Ancaq budəfəki görüş çempionat oyununa təsadüf edir. Çempionluq uğrunda mübarizəni davam etdirən Abdullayevin komandası növbəti qələbə haqda düşünür. Bunun üçün də "Bakı" qarşıdakı görüşə çox ciddi hazırlaşır. Dünən isə paytaxt klubu günün birinci yarısında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq keçdi. Burada 20 futbolçu iştirak edirdi ki, onlardan da ikisi komandanın əvəzedici heyətinin üzvüdür. "Qarabağ"la görüşdə zədələnən Rafael Əmirbəyov məqdə iştirak etmədiyi halda, Ceyhun Sutanov da fərdi hazırlıq keçirdi. Futbolçular məşqə qaçışla başladı. Komanda üzvləri bir neçə dövrə vurduqdan sonra toplu çalışmalara start verildi. Əvvəlcə hər bir oyunçu topla meydanboyu hərəkət etdi. Ardınca isə komandanın baş məşqçisi Əsgər Abdullayev futbolçuları 4 qrupa ayırdı. Hər qrupda olan futbolçu topu əlinə götürərək, meydanboyu dövrə vururdu. Bundan sonra isə komanda üzvləri növbə ilə qapıya zərbə endirirdilər. Baş məşqçi futbolçuları ikitərəfli oyunda da sınadı. Onlar şərti olaraq, "qırmızılar" və "yaşıllar"a bölündülər. Birincilərin heyətində Orxan Mirzəyev, Vadim Vasilyev, Emin İmaməliyev, Fernando Peres, Andre Ladaqa, İlyas Qurbanov, Ramin Quliyev, əks tərəfdə isə Xalidu Sissoko, Rail Məlikov, Leandro Qomeş, Aleksandr Qoqoberaşvili, Ruslan Musayev, Stanislav Loban, Ramazan Abbasov çıxış edirdi. Yüksək əhval-ruhiyyə şəraitində keçən görüş "qırmızılar"ın 3:1 hesablı qələbəsiylə başa çatdı. Qollara Vadim Vasilyev, Fernando Peres və Andre Ladaqa "imza atdılar". Xüsusilə Ladaqa yaxşı təsir bağışladı. Braziliyalı futbolçunun ikinci qol vurulan zaman Peresə verdiyi ötürməni həqiqətən də görməyə dəyərdi. "Bakı" məşqlərini bu gün də davam etdirəcək.

Paylaş