Bakıda 1 qollu qələbə

single-news
30 İyl 2025

Bakıda 1 qollu qələbə



“Qarabağ” – “Şelburn” (İrlandiya) - 1:0

Con Martin, 44 (avtoqol)

İlk oyun – 3:0

 

“Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb. Komandamız İrlandiyanın “Şelburn” kollektivini qəbul edib.

 

Baş məşqçi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.

 

İlk dəqiqələrdən komandamız oyuna nəzarət edib. Getdikcə rəqibi qapısı qarşısına sıxan futbolçularımız çoxgedişli ötürmələrlə qol axtarışında olublar. İrlandiya təmsilçisi sıx müdafiə olunaraq, qapısının toxunulmazlığını qorumağa çalışıb. Buna baxmayaraq, təhlükəli hücumlar qurmaq mümkün olub. Xüsusən də, Kadi Borgesin uzaq məsafədən qüvvətli zərbələri “Şelburn”un qapıçısını tez-tez narahat edib.

 

Birinci hissənin sonlarında təzyiqi artıran futbolçularımız fasilə ərəfəsində hesabı açmağa müvəffəq olublar. Kadi sol cinahdan gözəl reyd edərək, qapı qarşısına ötürmə verib və top rəqibin müdafiəçisinə dəyərək tora daxil olub.

 

Qonaqlar ikinci hissənin əvvəllərində bir qədər fəallıq göstərsələr də, dəqiqələr keçdikcə komandamız yenidən oyuna diktə etməyə başlayıb. Hesab arasındakı fərqi artırmaq üçün şanslar da olub. Lakin həlledici məqamda topu qapıdan keçirmək mümkün olmayıb. 68-ci dəqiqədə Kadi Borges penalti zərbəsini qola çevirə bilməyib.

 

Qalan dəqiqələrdə də nəzarəti əldən verməyən komandamız 1:0 hesablı qələbə qazanıb. İki matçın cəmində rəqibini 4:0 hesabı ilə üstələyən “Qarabağ” III təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” bununla da ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsini təmin edib.

 

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də keçiriləcək.

Paylaş

// pop up