Bakıda 3 qol
Bakıda 3 qol
“Qarabağ” - “Malmö” (İsveç) - 1:2
Olavio Juninyo, 15 – Erik Botheim, 19, 47
“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində ikinci matçına çıxıb. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda “Malmö” ilə görüşüb.
Komandamız oyuna aşağıdakı start “11-liy”i ilə başlayıb: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 66. Patrik Andrade, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo
Futbolçularımız azarkeşlərin də dəstəyi ilə qarşılaşmaya sürətli başlayıb. Nəticədə 15-ci dəqiqədə qonaqlar meydanın mərkəzinə dəvət ediliblər. Olavio Juninyo rəqib müdafiəçisini sürəti sayəsində keçərək qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Lakin bir neçə dəqiqə sonra “Malmö” hesabı bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən birinci hissədə komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər.
İkinci hissənin startında İsveç klubu hesabda önə keçib. Bundan sonra komandamız bərabərlik qolu üçün hücumlarının kəsərini artırıb. 59-cu dəqiqədə Juninyo ikinci dəfə fərqlənsə də, yunanıstanlı hakimlər VAR-a baxdıqdan sonra qolu ləğv ediblər. Bir epizodda isə Abdullah Zubirin zərbəsi dirəyə tuş gəlib. Qalan dəqiqələrdə komandamızın cəhdləri bir nəticə vermədiyindən, “Malmö” 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 24-də Bakıda Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq.