Bakıda 3 qol
Bakıda 3 qol
“Qarabağ” - “Ayaks” (Niderland) - 0:3
Kennet Teylor, 36. Vout Veqhorst, 74 (pen.). Çuba Akpom, 77
“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində üçüncü matçına çıxıb. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın “Ayaks” klubu ilə görüşüb.
Komandamız oyuna aşağıdakı start “11-liy”i ilə başlayıb: 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo
Rəqibin ad-sanından çəkinməyən futbolçularımız oyuna üstün başlayıblar. Startda daha sürətli olan komandamız erkən fərqlənməyə macal tapsa da, oyundankənar vəziyyət qeydə alınıb. Oyuna diktə etdiyimiz bir vaxtda 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alaraq, meydanı tərk edib. Komandamız azlıqda qalmasına baxmayaraq, güclü rəqiblə başabaş mübarizəni davam etdirib. Lakin 36-cı dəqiqədə Niderland təmsilçisi azsaylı hücumlarının birində hesabı açmağa müvəffəq olub.
Hesabda geri düşən Qurban Qurbanovun kollektivi bərabərlik qolu üçün cəhdlərini davam etdirib. Azarkeşlər ikinci hissənin əvvəllərində də bərabər səviyyədə mübarizə izləyiblər. Komandamız hətta bir neçə epizzodda fərqlənmək şansı da əldə edib. Ancaq sona yaxın “Ayaks” daha iki qol vurub. 79-cu dəqiqədə müdafiəçimiz Elvin Cəfərquliyev də şotlandiyalı hakim tərəfindən ikinci sarı vərəqə ilə meydandan qovulub. Beləliklə, matçı 9 nəfərlə tamamlayan komandamız “Ayaks”a 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin IV turu çərçivəsində noyabrın 7-də səfərdə Norveçin “Bodo-Qlimt” klubu ilə qarşılaşacaq.