BAKIDAN «İMARƏT»Ə 5 SAATLIQ YOL VAR..
BAKIDAN «İMARƏT»Ə 5 SAATLIQ YOL VAR..
SALEH ARSLAN
…Köksümdə bir nisgil, bir həsrət və barmaqlarımın ucundan süzülüb sətirlərə köçən bu hərflərlə Qarabağı necə anladım? Axı bircə dəfə də olsun, görmədiyim, amma eşitdiklərimin əsasında beynimdə planını cızdığım və əzəmətli «Marakana»dan, «Sntyaqo Bernabeu»dan da çox görmək istədiyim «İmarət»i necə təsvir edim? Məgər insan həsrətini təfərrüatı ilə qələmə alacaq qədər güclüdürmü? Yox, buna nə səhifələr yetər, nə də mürəkkəb. Yazdıqca, yazmaq istər insan…
…Qış gəlir… Yenə üşüyürsənmi? Üstünə çökən buludlar gözlərini isladırmı? Bilirəm, gözünü biz tərəflərdən ayırmırsan. Gözün yolda qalıb, elə hey azad olacağın günün xəyalı ilə yaşayırsan. Lap elə mənim kimi…
…Səni bütün dünyaya tanıtdırmaq istədik, Qarabağım. Bəd xislətin qurbanı olduğun gündən dünyaya baxış tərzimiz dəyişdi. Beləcə, dünya aləmində dostumuzu-düşmənimizi tanıdıq. Amma bəs etmədi, sənin bizim olduğunu cahana duyurmaq üçün başqa təbliğat vasitəsini – idmanı da işə saldıq. Adına klub yaratdıq. Zaman o zaman idi ki, sinənə dağ çəkilməyə başlanmışdı və qoynunda döyüşlər gedirdi. Nə yağan mərmi qorxudurdu, nə daşnağın zülmü – ən ağır döyüşlər gedəndə belə, «İmarət»də futbol oynayardılar. Və bir gün gəldi…
…Və bir gün gəldi səni bizdən parçalayıb aldılar. Camaatınla bərabər, adını daşıyan klub da paytaxta köçdü. O da qaçqın düşdü yurd-yuvasından. Çox acılar çəkdi, çox sıxıntılar yaşadı, büdrədi, səndələdi… Amma yaman günün ömrü yenə az oldu. Əlindən tutdular və qaldırdılar…
…Futbolumuz 2004-cü ildən yeni dövrə qədəm qoyduqdan sonra klublarımız imkanlı şəxslərin himayəsinə keçdi. Maddi baxımdan problem yaşamayan «Qarabağ» isə əvvəlki sponsorunun himayəsində qaldı. Bu işbirliyi indi də davam edir və artıq bir neçə il bundan əvvəl xəyal kimi görünən baza məsələsi həllini tapıb. Bu mənada klub rəhbərliyinin qərarını alqışlamaq lazımdır. İctimaiyyətlə əlaqələri daim sıx tutan «Qarabağ»ın inkişaf yönündə gördüyü işlər təqdirəlayiqdir. Amma bu, hələ yolun başlanğıcıdır…
…Komandanın «sükan»ı arxasında isə geniş tanıtıma ehtiyac duyulmayan Rasim Karadır. O Kara ki birvaxtlar Türkiyə yığmasında Fatih Terimlə çiyin-çiyinə işləyib. O Kara ki «Beşiktaş»ın tarixinə rekordçu baş məşqçi kimi düşüb. O Kara ki Terimlə bərabər Türkiyə futbolunun inkişafında son dərəcə mühüm pay sahibi olan alman mütəxəssis Zepp Piontek məktəbini keçib. Nəhayət, o Kara ki gəldiyi ilk mövsümdəcə «Xəzər-Lənkəran»ı vitse-çempion etdi. Deməli, baş məşqçi sarıdan «Qarabağ»ın bəxti gətirib. Elə bu mövsümün əvvəlində komandaya transfer olunan futbolçuların: «Buraya Rasim Kara amilinə görə gəlmişik» demələri də əslində, reallığı əks etdirir. Elə isə bir şey qalır: tərəfdarlarının 10 ildir davam edən həsrətinə son qoymaq, qarabağlıların qaysaq bağlamış yarasına az da olsa, məlhəm çəkmək - üçüncü dəfə çempion olmaq. Doğrudur, indi dövran 1996-cı ildəki kimi deyil, artıq çempionluq üçün yarışanların sayı da artıb, gücü də. Üstəlik, adlar da fərqlidir. Odur ki, digərləri kimi, «Qarabağ»ı da çətin sınaq gözləyir. Bu yolda klubun rəhbər və ən sıravi işçisindən tutmuş azarkeşinə qədər hər kəs bir yerə vurmağı öyrənməlidir. Lap elə Rasim Kara demişkən: «Əvvəlcə klub, sonra isə komanda olmaq lazımdır».
…Bu gün əsas, U-21 və aşağı yaş qrupu üzrə yığma komandalara ümumilikdə 15-dən artıq futbolçu verən «Qarabağ» yalnız qarabağlıların deyil, həm də yurd-yuvasından kənarda yaşayan bütün soydaşlarımızın komandasıdır. Deməli, «Qarabağ» ən çox azarkeşə malik olan klubdur. Bu baxımdan «Qarabağ» mənim aləmimdə köçkünlük, didərginlik simvolu olaraq qalacaq. Ta o vaxta qədər ki, «İmarət» «Qarabağ»ın üstündən «qaçqın komanda» damğasını götürməyəcək. Görəsən, o gün çoxmu uzaqdadır?..