`Bakı`nın legioneri `Birlik` kubokunda rekordçu oldu

single-news
21 Yan 2010

`Bakı`nın legioneri `Birlik` kubokunda rekordçu oldu



`Bakı` klubunun legioneri Vadim Borets `MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku` turnirinin rekordçusu olub. 34 yaşlı moldovalı futbolçu karyerasını davam etdirənlər arasında turnirdə ən çox oyun keçirməsi ilə öyünə bilər. Borets `Birlik kuboku`nda 1994-cü ildən müxtəlif komandaların heyətində 41 oyun keçirib. Bunlardan son 3-ü ilk Azərbaycan çempionluğunu qazandığı, ilk yarımdır çıxış etdiyi `Bakı`nın heyətində olub. Vadim `Vaxş` (Tacikistan), `Aktobe` (Qazaxıstan) ilə oyunlarda ikinci hissədə meydana daxil olubsa, HİK (Finlandiya) ilə görüşdə 90 dəqiqə oynayıb. Ümumilikdə 145 dəqiqə meydanda olan Borets latviyalı Oleq Blaqonadejdinin rekordunu qırıb.

`Birlik kuboku`nun mütləq rekordçusu isə Oleqin həmyerlisi, uzun illər `Skonto` klubunda və Latviya yığmasında bir yerdə oynadığı Mixail Zemlinskidir – 46 oyun. Ancaq Zemlinskinin də artıq futbolçu karyerasını bitirdiyini nəzərə alsaq, Boretsi hazırda rekordçu saymaq olar.

Qeyd edək ki, 2005-ci ilin yayından ölkəmizdə çıxış edən Vadim `Birlik kuboku`nda 16 yaşında Moldovanın `Zimbru` klubunda debüt edib. İki dəfə fəxri kuboku qazanan Borets ilk dəfə `Şerif`, sonra `Neftçi` ilə buna nail olub. Onun üç komanda ilə `Birlik kuboku`nun finalına çıxması, dörd komanda ilə turnirdə iştirakı da rekorddur. `Bakı` ilə turnirdə yolu qısa olan moldovalı heç olmasa şəxsi göstəriciləri ilə təsəlli tapa bilər.

Paylaş

// pop up