BANQURA "OLİMPİK" VƏ "BAKI" İLƏ OYUNLARI BURAXACAQ!

single-news
26 Okt 2005

BANQURA "OLİMPİK" VƏ "BAKI" İLƏ OYUNLARI BURAXACAQ!



AFFA-nın Nizam-İntizam Komitəsinin dünən növbəti toplantısı baş tutub. İclasda milli çempionatın güclülər dəstəsinin 7-ci turunun və I dəstənin 6-cı turunun qarşılaşmalarında qeydə alınan neqativ hallar müzakirə olunub. Ən böyük cəzaya "Gənclərbirliyi" məruz qalıb. NİK-in qərarına əsasən, Sumqayıt klubu AFFA-nın büdcəsinə 15 milyon manat köçürəcək. Bunun 10 milyonu komandanın qaradərili üzvü Pate Banquaranın hərəkətlərinə görə ödəniləcək. Banquara "Neftçi"yə qarşı matçda rəqibə bilərəkdən hücum etdiyindən iki oyunluq diskvalifikasiya edilib. Üstəlik, Nizam-İntizam Məcəlləsinin 51-ci maddəsinə müvafiq olaraq, "Gənclərbirliyi"nin 4 oyunçusu sarı vərəqə aldığına görə, 5 milyon manat cərimə olunub. "Olimpik"-"MKT-Araz" oyununda meydandan qovulan qonaqların qapıçısı Etibar Tanrıverdiyev növbəti iki matçda komandasını köməksiz qoyacaq. Qeyd edək ki, E.Tanrıverdiyev topu tutduqdan sonra rəqibə bilərəkdən zərbə vurmuşdu. Hakimin nəzərindən qaçmayan bu epizoda görə "MKT-Araz" 10 milyon manat xərcə düşüb. İkinci sarı vərəqə alaraq görüşü yarımçıq dayandıran "Olimpik"li Vüqar Quliyev bir oyunluq diskvalifikasiya edilib, kluba 1 milyon manat cərimə kəsilib. "Olimpik" daha 5 milyon manat cəriməni 6 üzvünün sarı vərəqə almasına görə verəcək.

Paylaş

// pop up