`Barsa` `Kral`a 5 sillə vurdu. video
`Barsa` `Kral`a 5 sillə vurdu. video
Dünən gecə azarkeşlər dünya futbolunun ən böyük rəqabətlərindən birinə şahidlik etdi. Belə ki, dünya futbolnun ən önəmli qarşılaşması olan və `El Klasiko` adlanan `Barselona` - `Real` matçı baş tutdu.
Ulduzların derbisi olan qarşılaşmada bir tərəfdə Lionel Messinin liderlik etdiyi 31 xalla ikinci pillədə qərarlaşmış `Barselona`, digər tərəfdə isə Kriştiano Ronaldonun liderlik etdiyi 32 xalla turnir cədvəlinə liderlik edən `Real` yer almışdı. İki nəhəngin döyüşündən öncə Ronaldonun aktivində 15, Messinin aktivində isə 13 qol var idi. Zirvəyə birbaşa təsir edən matçdan öncə `Nou Kamp` stadionunda bütün biletlər satılmışdı və dünyanın gözünü İspaniyaya çevirən qarşılaşmanı 100 min insan canlı izlədi. Tam 105 ölkədə canlı yayımlanan qarşılaşmaya 400 milyon tamaşaçı baxdı.
Qarşılaşma `Barselona`nın sürətli hücumları ilə başladı. İlk dəqiqələrdən irəli atılan kataloniyalıların ardıcıl hücumları 10-cu dəqiqədə bəhrəsini verdi. Xavi Hernandes `Real`ı meydanın mərkəzinə dəvət etdi. Madrid klubu bu qolun şokundan ayılmamış - 18-ci dəqiqədə qapısında daha bir qol gördü. Bu dəfə Pedro Rodriges fərqləndi. 33-cü dəqiqədə meydanda gərginlik yaşandı. Belə ki, `Barselona`nın baş məşqçisi Pep Qvardiola meydanı tərk edən topu Ronaldoya vermək istəmədi və onu başqa tərəfə atdı. Bu zaman portuqaliyalı futbolçu baş məşqçini itələdi. Ardınca `Barselona`lı futbolçular, xüsusən də qapıçı Viktor Valdes Ronaldonun üstünə hücum çəkdi. Baş hakim Valdes, Vilya və Ronaldonu sarı vərəqə ilə cəzalandırıb, aranı sakitləşdirdi.
İkinci yarı da `Barselona`nın üstünlüyü şəraitində keçdi. İlk dəqiqələrdən irəli atılan meydan sahibləri 55-ci dəqiqədə David Vilya ilə fərqi üç topa çatdırdı. Cəmi üç dəqiqə sonra `Barselona` daha bir qol vurdu. Bu dəfə də Vilya fərqlənərək, dublunu rəsmiləşdirdi. Bundan sonra meydan sahibləri daha rahat oyun sərgiləməyə başladı. Hissənin tamamına qədər topa tam şəkildə nəzarət edən `Barsa`nın futbolçuları rəqibə heç bir şans vermədi. İkinci yarıda `Real` demək olar ki, rəqibin cərimə meydançasına belə daxil ola bilmədi. Əvəzində `Barselona` son dəqiqədə Ceffren Suareslə beşinci qola imza atdı. Bununla da `Barselona` `El Klasiko` tarixində möhtəşəm qələbə qazandı.
Qeyd edək ki, son saniyələrdə Messiyə qarşı kobudluqdan sonra hakim matçı bir neçə dəqiqəlik dayandırmalı oldu. Bu zaman Rikardo Karvalyo meydandan qovuldu.
`El Klasiko`
Barselona - Real 5:0
Qollar: Xavi Hernandes, 10. Pedro Rodriges, 18. David Vilya, 55; 58. Ceffren Suares, 90+1.
Barcelona: Valdes, Alves, Puyol, Pique, Abidal, Xavi (Keyta, 87), Busquets, İnyesta, Pedro (Ceffren, 87), Messi, David Villa (Krkiç, 76).
Real: Kasilyas, Ramos, Pepe, Karvalyo, Marselo (Arbeloa, 60), Kedira, Alonso, Di Maria, Mesut Özil (Diarra, 46), Ronaldo, Benzema.
Sarı vərəqələr: Viktor Valdes, 33. David Vilya, 34. Lionel Messi, 45. Karles Puyol, 81. Xavi Hernndes, 90+3 - Kriştiano Ronaldo, 33. Pepe, 36. Xabi Alonso, 51. İker Kasilyas, 56. Rikardo Karvalyo, 71. Serxio Ramos, 73. Sami Kedira, 75.
Qırmızı vərəqə: Serxio Ramos, 90+3.