"Baş məşqçinin seçiminə qarışmaq fikrim yoxdur" (üç nöqtə, 27.10.2007)

single-news
27 Okt 2007

"Baş məşqçinin seçiminə qarışmaq fikrim yoxdur" (üç nöqtə, 27.10.2007)



 
 
Hər anın öz hökmü var. Aslan Kərimov da bir anın qurbanı oldu. Portuqaliya ilə oyunda? Kriştiano Ronaldo ilə ikili mübarizədə dirsək atması millimizin kapitansız qalmasıyla nəticələndi. Xorvatiyalı referi İvan Bebek tərəddüd etmədən cibindən qırmızı vərəqə çıxardı. Bununla da, yığmamız sanki sındı. Sonrakı dəqiqələrdə portuqallar daha bir qol vurub, qələbə qazandılar. Sonra da Serbiya fəlakəti ... Aslanın yoxluğunda müdafiə xətti olduqca zəif təsir bağışladı. Hər halda hesabın 1:6 olması çox şeydən xəbər verir. Kərimovla söhbətimizi milli komanda üstündə köklədik. Əhval-ruhiyyəsinin yerində olmadığı tez-tez fikrə qapılmasından da görünürdü. Xüsusən, sonuncu məğlubiyyət kapitana yaman yer eləyib.- Bu oyunları dəyərləndirmək mənim üçün çətindir. Serbiyaya böyük hesabla uduzmamalıydıq. Oyunun əvvəlində yaxşı təsir bağışladıq, hesabı bərabərləşdirmək üçün imkanlarımız yarandı. Bütün uşaqlar qol vurmaq istəyi ilə irəli atıldı, arxa isə boş qaldı. Onlar da səhvlərdən yüzdəyüz istifadə elədi.
   - Belə deyək, millinin son uğursuzluqları sənin Kriştiano Ronaldonu vurduğun epizoddan başladı...
   - Mən elə futbolçu deyiləm ki, əvəzedilməz olum. Aslan olmasa da, onu əvəzləyən tapılar. Heç kim heç kimdən üstün deyil. Millidə də belədir. Biri yoxdursa, başqası oynayır. Hər kəs də üzərinə düşən rolu bacardığı səviyyədə yerinə yetirir. Aramızdakı fərq yox dərəcəsindədir. Əsl reallıq bax, budur!
   - İki matça 7 qol buraxmaq nədənsə xəbər verir. Kapitanın yoxluğu, fikrimizcə, özünü göstərdi. Sən elə düşünmürsən?
   - Millidə təcrübəsiz futbolçu yoxdur. Onlara nəyisə başa salmaq, göstəriş vermək artıqdır. Milliyə çağırılıbsa, səviyyəsi var da.
   - Səviyyə varsa, niyə elə uşaq səhvlərinə yol verilirdi?
   - Mən uşaqları da başa düşürəm. Məşqçi kimi danışmaq istəməzdim, amma əgər qol buraxırıqsa, bunu tək müdafiənin ayağına yazmamalıyıq. Komanda şəklində müdafiə oluna bilməmişik ki, qapımızda qol görürük də. Hücumçu geri qayıtmırsa, öz müdafiəçisini tək qoyursa, arxa xətdəkilər nə etməlidir? O, kimi saxlasın, necə etsin ki, gecikməsin? Belə olanda da təzyiq altına düşür, istər-istəməz səhv buraxır.
   - Komandanın içindəsən. Son qarşılaşmalar əvvəlkilərdən nəylə fərqləndi?
   - Elə bir fərq olmadı. Portuqaliya səviyyəli komandadır, asan deyil onların qabağını kəsmək. Dörd gündən bir meydana çıxmaq da böyük güc tələb edir. Komanda bir yerə yığılanda problemlər çoxuydu. Beş-altı nəfər zədədən təzə dönmüşdü, heç məşq də eləməmişdilər. Bu da onların oyununda göründü.
   - Məgər həmin futbolçuların yerinə namizədlər yoxuydu ki, Diniyev belə addım atdı? Ağasəlim Mircavadov və Əsgər Abdullayev kimi, bütün məşqçilər deyir ki, bir çox yaxşı futbolçular millidən kənar qalıb. Buna sözün nədir?
   - Məşqçidirlər, işlərinə qarışa bilmərəm. Bəlkə də düz deyirlər. Mən futbolçuyam, onlar məşqçi. Onlar bunu kənardan daha yaxşı görə bilər.
   - Necə fikirləşirsən, yığmaya layiq futbolçulardan kənarda qalanlar var?
   - Mənə elə gəlir ki, yox.
   - Rəşad Sadıqov, Zaur Tağızadə, Mahmud Qurbanov...
   - Burda məsələ layiq bilib - bilməmək deyil. Baş məşqçinin seçiminə qarışmaq fikrim yoxdur. Heç istəmirəm də. Bircə onu deyə bilərəm ki, Azərbaycan futbolçularının hamısı eyni səviyyədədir. Kimsə səviyyəsinə görə qabağa getməyib, eynidilər.
   - Futbol ictimaiyyəti baş məşqçinin yığdığı son heyəti kəskin tənqid atəşinə tutdu. Tənqidlərlə razı deyilsən?
   - Yox, gəl, sən mənə belə suallar vermə də. Kapitan olsam da, mənim haqqım çatmır ki, hansısa futbolçunu yığmaya çağırdığına görə məşqçini tənqid eləyim. Mənim fikrim özümdə də qalmalıdır. Şahin Diniyev barədə deyilənlərin heç birinə fikir vermirəm. Mənim ona böyük hörmətim var və bu münasibəti saxlayacam.
   - Ronaldonu vurduğun epizodu xatırlayaq... Nə ehtiyac vardı ona dirsək atmağa?
   - Özüm də oturub, dəfələrlə həmin epizoda baxmışam. Mən orda Ronaldonu bilərəkdən vurmamışam. Dirsək də atmamışam. Dirsəyimi qaldırdım ki, topa gec çatsın. Sürətli olduğundan, dirsəyim üzünə dəydi. Qolumu qaldırmasaydım, topu götürüb gedəcəkdi. Amma mən də günahımı boynuma alıram. Hərəkət varsa, vərəqə də çıxmalıdır. Gördüz ki, hakim "qırmızı" çıxaranda çox da təkid eləmədim. İstəsəydi, sarı da verərdi. Ona bir söz deyən olmayacaqdı.
   - Ronaldonun simulyasiya edib, hakimi aldatdığına əminsən?
   - Yüz faiz. Ronaldonun ustalığıdır ki, rəqib futbolçunu belə asan yolla oyundan çıxardı. Ronaldo ulduz olduğu üçün hakimin ona simpatiyası vardı. Başqası olsaydı, heç mənə "qırmızı" göstərməzdi. Portuqaliya Futbol Federasiyasının prezidenti UEFA-da yüksək vəzifə tutduğu üçün hakim qorxurdu. Bunlar hamısı oyuna təsir elədi. Mənim yerimə Avropanın az-çox tanınmış futbolçusu olsaydı, yüz faiz hakim ona "qırmızı" verməzdi.
   - Bu gün hamı Diniyevin istefasını tələb edir. Bunu böhrandan çıxış yolu sayırsan?
   - Yox. Federasiyanın işinə qarışa bilmərəm. İndi iki oyuna məşqçi dəyişmək...
   Mənası yoxdur. Azarkeşlərin "istefa" qışqırması nəyisə həll eləməməlidir. Federasiya, Şahin müəllimin özü məsləhət bilsə, qalıb işləməlidir. Mənim üçün fərqi yoxdur, çağırsa, yenə canla-başla oynayacam. Bu da asılıdır fiziki hazırlığın yerində olmasından. Lakin ola bilsin, bu seçmə mərhələdən sonra yığmayla qurtarım. Real danışmaq lazımdır, çağırıblarsa, bütün gücünü qoymalısan. Gördün ki, çatdırmırsan, getməlisən. Bu barədə ciddi fikirləşirəm.

Paylaş

// pop up