`Bədavi keçilməz, `Qarabağ` yenilməz`!

single-news
4 Dek 2012

`Bədavi keçilməz, `Qarabağ` yenilməz`!



`Qarabağ`ımız sonuncu oyunda `Neftçi`ni minimal hesabla məğlub etməklə həm rəqibinə cari mövsüm evdə ilk məğlubiyyətini yaşatdı, həm də 3-cü pilləyə yüksəldi. `Qarabağ`ımız eyni zamanda rəqib üzərində ilk dövrədəki qələbəni təkrarladı. İlk dəfə 8-ci km stadionunun şahidlik etdiyi Azərbaycan derbisi əsl futbol havasıyla yadda qaldı. Vüqar Nadirov erkən qola imza atınca ev sahibləri bərabərlik qolu vurmağa çalışsalar da, `Qarabağ`ımız inamlı oyunla yadda qaldı. Özəlliklə, müdafiənin mərkəzində çıxış edən gənc Bədavi Hüseynov  möhtəşəm çıxışıyla rəğbət qazandı. Təsadüfi  deyil ki, azarkeşlər 21 yaşlı futbolçunun oyununu `Bədavi keçilməz, `Qarabağ` yenilməz` şüarıyla süslədilər.  Bədavi saytımıza verdiyi açıqlamada həm bu barədə, həm də digər məsələlər haqqında danışıb:` İlk olaraq qeyd edim ki, `Neftçi`ylə oyunda bütün komanda yaxşı çıxış elədi. Mən özümü bu barədə fərqləndirməzdim. Azarkeşlərin şüarlarını eşitdim. Onların rəğbətini qazanmaq mənə çox xoş oldu. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Neçə oldu bunu qazandım? Nə deyim? Bütün oyunlarda sona qədər mübarizə aparıram. Bəlkə, bu azarkeşlərin diqqətini cəlb edib.  `Qarabağ`a gələndə elə ciddi problem yaşamadım. Milli futbolçularla öncədən tanışlığım vardı. Ümumilikdə, bütün komanda məni çox istiqanlı qarşıladı. Qurban Qurbanov mənimlə xüsusi maraqlandı. İlk oyunda meydana çıxanda bir qədər həyəcanım vardı. Hər halda  çempionluğa oynayan, ciddi hədəfləri olan komandaya gəlmişdim. Amma oyundan oyuna özünəminlik daha da artdı. Admir Teliylə oynamaq mənə üstünlükdür. Hiss olunur ki, Teli çox təcrübəlidir, daim mənə dəstək olur. Ümumilikdə, bütün komanda olduqca mehribandır. Hamı eyni hədəf üçün çalışır. İnanıram ki, bu birliyimiz sonda öz nəticəsini verəcək. Konkret hədəfə gəlincə, həm ölkə çempionatında, həm də kubok da sona qədər mübarizə aparıb, maksimum nəticə qazanmağa çalışacağıq.`  

Paylaş

// pop up