“Belə oyunlarda səbirli olmaq çox vacibdir”
“Belə oyunlarda səbirli olmaq çox vacibdir”
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Karvan-Yevlax” (3:0) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə matçlarda səbirli olmaq, oyun intizamını pozmamaq çox vacibdir. Xüsusilə də, kubok görüşündə. Bu rəqiblə dörd gün əvvəl qarşılaşmışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. Çox sayda qol imkanlarımız olsa da, dəqiqlik çatmırdı. Belə oyunlar bəzən futbolçulara böyük fayda verir. Çünki rəqib səni yaxşı tanıyır, oynamaq imkanı vermir. Belə olan halda daim axtarışda olursan ki, rəqibi səhvə məcbur edə biləsən. Buna nail olanda razı qalırsan. Ümumilikdə maraqlı oyun oldu. Azarkeşlərimizə də təşəkkür edirəm”.
Baş məşqçi “Qarabağ”ın baş məşqçisi kimi 800 oyun keçirməsinə də münasibət bildirib: “Düzünü desəm, özüm heç vaxt hesablamıram. Bəlkə daha həvəsli oluram. Belə uğurlu statistika varsa, sevinməliyəm. Yəqin ki, hər futbolçunun arzuladığı rəqəm var. Məşqçilərin də düşündükləri karyera var. Əgər qarşıda uğurlu 200-300 oyun keçirəcəyəmsə, 1000 oyuna çatmaq istəyərəm. Biz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə, oyunlarda daha intizamlı olmağa çalışacağıq”.
