“Beton müdafiə”ni yarmaq üçün ustalığımız və ağlımız çatmadı” (futbol+, 23.03.2006)
23 Mar 2006
“Beton müdafiə”ni yarmaq üçün ustalığımız və ağlımız çatmadı” (futbol+, 23.03.2006)
Ələsgərov suallarımızdan xoşlanmayıb müsahibəni yarımçıq kəsdi
“Bakı” kubokun 1/4 finalında “Qarabağ”ı keçə bilməyib titulu əldən verdi. Artıq kubok yeni sahibini gözləyir. Bəs görəsən, bakılıların düşərgəsində nə baş verir? Qış fasiləsində kluba təşrif buyuran və dərhal da vitse-prezident vəzifəsini ələ keçirən qocaman mütəxəssis Əhməd Ələsgərovun gəlişinə komanda üzvləri çox ümid bəsləyirdi. Həm rəhbərlik, həm futbolçular, həm də məşqçi heyəti Ələsgərovun təcrübəsi hesabına hələ çox zirvələr fəth edəcəklərini gözləyirdi. Amma ümidlər puç oldu. Çempionatda o qədər də qənaətbəxş vəziyyətdə olmayan “Bakı” bu azmış kimi kubokdan da əlini üzdü. Avropaya getmək yolunda “yağlı tikə” əldən çıxdı.
Maraqlıdı, Ələsgərovun buna münasibəti necədi? Ümumiyyətlə, o, məğlubiyyətə necə haqq qazandırır? Dünən günortadan sonra Əhməd bəyə telefon açdım. Doğrusu, əvvəlcədən belə xoş danışacağını gözləmirdim. Dedim yəqin, rahat-rahat söhbət edib fikirlərini öyrənə biləcəm. Amma hardan ağlıma gələydi ki...
- Mənə elə gəlir iki dəfə ardıcıl kubok qazanmaq mümkünsüz bir şeydi. Bu “pijon”luğa (?) bənzəyir. Son oyunda məğlubiyyəti adi qarşılamaq olar. Dağıtmaq yaratmaqdan asandı. Rəqib də on bir nəfəri qapısına yığıb oyununu müdafiədən qurdu. “Beton müdafiəni” yarmaq üçün ustalığımız və ağlımız çatmadı. Belə anlarda mərkəzdə hücuma keçməzlər. Daha çox cinahlardan həmlə etmək lazımdı.
- Futbolçular verilən tapşırıqları yerinə yetirmədi, yoxsa məşqçilərin qurduğu taktika düzgün deyildi?
- Futbolçular bacarmadı. Ola bilər, bunun üzərində çox işləyə bilməmişdik. Səviyyənin aşağı olması sözünü dedi.
- Demək olarmı ki, idman xoşbəxtliyi ötən həftə “Qarabağ” üzərindəki şübhəli qələbədən sonra “Bakı”dan üz döndərdi?
- Niyə şübhəli qələbə? Futbolçu ustacasına topu havadaykən qapıya göndərdi.
- Axı ondan əvvəl Vadim Vasilyev cərimə meydançasında müdafiəçiyə qarşı kobud oynamışdı...
- Burası yadımda deyil. Oyun ərzində 17-18 belə epizod olur. Necə yadda saxlayım?
- Əsgər Abdullayev matçdan sonra hakimlikdən gileyləndi...
- Daha orasını mən bilmirəm, o nə deyib, nə deməyib. Ümumiyyətlə, siz yaman qəribə suallar verirsiz. Məndə belə təsəvvür yaranır ki, məqsədlidi. Oyundaydızsa, yəqin gördüz də hakim nələr elədi.
- Birincisi, sizə elə gəlir ki, sualım məqsədlidi. İkincisi də ki, referinin elədiklərindən xəbərim var. Mənim soruşduğum sizin komandanın solğun oyunuyla bağlıdı...
- Olur da. Bir oyunda udursan, o birində uduzursan. Elə olur “Neftçi” gedib “Kayrat”ı 5:0 udur, cavab oyununda 2:1 uduzur. Taledi.
- Rəhbərliyin məğlubiyyətə münasibəti necədi?
- Rəbərlik elə bizik də. Məsuliyyəti məşqçi heyəti daşıyır. Ümumiyyətlə, sizin soruşuduqlarınız heç xoşuma gəlmir. Bir də belə suallar versəz, özümü saxlaya bilməyəcəm (burada rusca başqa bir söz də işlətdi. Amma qətiyyən qəzet səhifəsinə çıxarılası deyil - R.).
- Əhməd Lətifoviç, söyüş söymək olduqca asandı. Və bunu hamı bacarır. Mən sadəcə, sizə sual verirəm və əvəzincə cavab istəyirəm. Ürəyinizdən cavab vermək keçmirsə bunu açıq deyə bilərsiz...
- Mən daha sizin suallarınıza cavab verməyəcəm.
Dedi və dəstəyi asdı. Nə olar, Allah canını sağ eləsin, ay Əhməd müəllim. Doğrusu, neçə il ölkə xaricində Avropa mühiti ilə göz-gözə yaşamış insanın daha mədəniyyətli və təmkinli olacağını düşünürdüm. Təəssüf ki, birvaxtlar (artıq bu sözü işlətməyə məcburam) yığmanın xilaskarı hesab etdiyim Ələsgərov barəsində yanıldım. Deyəsən, mütəxəssis növbəti sualımdan çəkinib tez “aradan çıxdı”: “Əsgər Abdullayevin taleyi necə olacaq?” Çətin sualdı, deyilmi?