Bəxtiyar bu gün vida edəcək (FUTBOL+, 16.02.2006)

single-news
16 Fev 2006

Bəxtiyar bu gün vida edəcək (FUTBOL+, 16.02.2006)



“Neftçi”ylə “Qarabağ” arasında keçiriləcək bugünkü oyundan əvvəl Bəxtiyar Musayevin futboldan yolasalma mərasimi olacaq. Xatırladaq ki, milli komandada 20 oyun keçirən yarımmüdafiəçi bir neçə gün öncə futbolçu karyerasını başa vurmaq haqda qəti qərar gəldi. Bəxtiyarın məhz “Neftçi”ylə “Qarabağ”ın qarşılaşmasında yola salınması lap yerinə düşür və seçimin bu oyuna edilməsi heç də təsadüfi deyil. Axı Musayevin futbolçu karyerasının əsas hissəsi məhz bu klublara bağlı olub - “Neftçi” (1992-96, 98-2002, 2005-ci ilin ikinci yarısı, 170 oyun, 28 qol), “Qarabağ” (1996-98, 38 oyun, 8 qol). “Neftçi”nin təşəbbüsüylə keçirilən vida mərasiminə “Qarabağ”la yanaşı, AFFA-da dəstək verəcək. Bəxtiyara müxtəlif hədiyyələr verilməsi nəzərdə tutulub. Topa simvolik olaraq ilk toxunuş edəcək “Baxa”nın ardından futbolçuların çiynində yaşıl meydandan yola salınacağı gözlənilir. Xatırladaq ki, Arif Əsədov da futboldan belə yola salınmışdı. “Neftçi” və “Gəncə”də çıxış etmiş müdafiəçi birinci dövrədə məhz bu komandaların elə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçından əvvəl təntənəli surətdə futbolçu karyerasını başa vurmuşdu. Arif kimi, futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlamaq haqda düşünən Bəxtiyar artıq bu yöndə ilk addımlarını atır. Belə ki, Musayev ötən mövsüm gümüş medallar qazandığı “Xəzər-Lənkəran”ın ikinci komandasında məşqçiliyə başlayıb.

Paylaş