Bəxtiyara xoş sürpriz:`İndi anladım ki...`
21 İyn 2011
Bəxtiyara xoş sürpriz:`İndi anladım ki...`
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Xəbər verdiyimiz kimi, `Qarabağ`ımızın düşərgəsinə bu gün yeni transferimiz Bəxtiyar Soltanov qoşulmuşdu. Maraqlıdı ki, 22 yaşlı forvardın gəlişi onun ad gününə təsadüf etmişdi. `Qarabağ` ailəsi yeni üzvünü bağrına basaraq Bəxtiyara sürpriz hazırlamışdı. Axşam yeməyindən sonra hamı Bəxtiyarın ad günü üçün hazırlanmış tort ətrafında toplaşaraq səbəbkarı gözlədi. Məsələdən xəbərsiz Bəxtiyarın gəlişi alqışlarla qarşılandı. Xoş sürprizdən təəccüblənən Soltanov yeni komanda yoldaşlarının alqışları altında `Xoş gəldin, Bəxtiyar` yazılmış tortun şamlarını söndürdu. Səbəbkar tədbirlə əlaqədar saytımıza duyğularını bölüşdü:`Bu mənim üçün xoş bir sürpriz oldu. Hər halda dünyanın heç bir yerində yeni gələn birisini belə isti qarşılamırlar. Gəldiyimdən hələ bir gün keçməyib, sanki illərdi bu komandanın üzvüyəm. İndi daha yaxşı anlayıram, niyə `Qarabağ`ın kollektivi haqqında həmişə xoş sözlər danışırlar. `Qarabağ`ın uğurlarının arxasında rəhbərliyin və Qurban müəllimin yaratdığı bu kollektiv durur. İndi bunu daha yaxşı bildimki bu nə deməkdir. `Qarabağ`ın formasıyla oyuna çıxmağı səbirsizliklə gözləyirəm. İstəyirəm ki, oyunumla komandaya maksimum fayda verim. O zaman əsl `Qarabağ`lı olacam.`