BƏYANAT

single-news
17 Fev 2006

BƏYANAT



Dünən Azərbaycan Çempionatının 15-ci turu çərçivəsində Bakının “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul elədi. Oyunu Vüsal Əliyev, Azər Əsgərov, Elman Musayev və Elçin Məmmədovdan ibarət hakimlər briqadası idarə edirdi. Oyun başlayan kimi, tədricən üstünlüyə yiyələnən “Qarabağ” bir neçə real qol vəziyyəti yaratdı. Hətta matçın 15-ci dəqiqəsində Samir Musayevlə qol da vurdu. Lakin xırda follarla oyuna tez-tez müdaxilə edən hakim oyunun sürətini azaldır, yerli-yersiz fasilələrin yaranmasının səbəbkarı olurdu. Bütün bu deyilənlərin kulminasiya nöqtəsi isə ilk hissənin son dəqiqəsində- 45-ci dəqiqədə baş verdi. Yandan ötürmədən sonra “Neftçi”nin hücumçusu Branimir Subaşiç oyundan kənar vəziyyətə salındı. Hətta hücumçu da özünün oyundan kənar vəziyyətdə hiss edib bir anlıq dayandı. Lakin meydanda istədiyini edən Vüsal Əliyevin fitinin susduğunu görən hücumçu qapıçı ilə təkbətək dueldən qalib ayrıldı. Bu epizodda yan hakim Elman Musayevin də rolunun böyük olduğu danılmazdır... Matçdan sonra Klubumuz tərəfindən lentə alınan videoyazının dəfələrlə izlənməsi bu qolun təmiz oyundan kənar vəziyyətdən vurulduğunu bir daha sübut etdi. Qeyd edək ki, bu videoyazı bu gün AFFA rəsmiləri tərəfindən də izlənmişdir. Hissənin sonunda hakimin verdiyi bu qərar “Qarabağ”ın sərgilədiyi bütün oyuna öz mənfi təsirini göstərdi ki, bu da azarkeşlərə ikinci hissədə tam fərqli bir oyunun şahidi olmasına və nəticədə “Qarabağ”ın bu dueldən məğlub ayrılmasına gətirib çıxardı. Hələ 13-cü tur çərçivəsində Suraxanı qəsəbə stadionunda “Qarabağ” – “Gənclərbirliyi” matçında Samir Musayevin topu qapıçının ayağı altından “oğurlayaraq” qol vurmasını hesaba almayan Vüsal Əliyev ilk zərbəsini “Qarabağ”a onda vurmuşdu. O zaman AFFA-ya etdiyimiz rəsmi müraciət,mətbuatın yazıları, televiziya kanallarının həmin videoyazını dəfələrlə efirə verməsi və bizim haqlı olduğumuz həmin epizodda AFFA hakimi haqlı çıxararaq, onu günahsız hesab etmişdir. Dünən isə Vüsal Əliyev ikinci dəfə “Qarabağ”a zərbə endirdi. Və əgər AFFA başbilənləri hər dəfə haqsızlıqlara göz yumaraq, belə şeylərə bəraət qazandıracaqsa onda nə Azərbaycan Futbolu inkşaf edəcək, nə də hakimlərimiz Beynəlxalq arenada uğur qazanacaqlar. Əgər bir hakimimiz FİFA referesi adı verilirsə, bu əlbətdə bizi sevindirir. Lakin bu o demək deyil ki, həmin “FİFA referesi” Milli çempionatda istədiyi kimi hakimlik etməli və ona heç bir cəza verilməməlidir. Biz,”Qarabağ” Futbol Klubu olaraq hakimlərin inkşafı, onların maddi durumlarının yaxşılaşdırılması üçün təşəbbüs irəli sürmüş və ilk olaraq, hakimlər üçün yaradılmış fonda ilk dəstəyi biz vermişik. Bundan sonra da Azərbaycan hakimlərinin inkşafi üçün lazım olan hər bir köməkliyi etməyə hazırıq. Lakin ardıcıl bir neçə oyunda səhvlərlə yadda qalan bir hakimə qarşı etdiklərinə göz yummaq Azərbaycan Futboluna vurulan bir zərbədir. Biz, Vüsal Əliyevin ədalətli hakimliyinə şübhə edir, onun klubumuza qarşı göstərdiyi qərəzli addımı pisləyirik. Biz belə hakimin bundan sonra da “Qarabağ”ın oyunlarına təyin olunması ədalətlilik prinsiplərinin qozulması kimi dəyərləndiriləcək. “Qarabağ” futbol klubu olaraq, arzulayırıq ki, AFFA hakimlərin etdiyi hər bir səhvi təhlili etsin, bu səhvlərin təkrarlanması təqdirində isə konkret addımlar atsın. Biz məhz son matçda komandamıza qarşı edilənlərə görə deyil, hakimin ədalətli hakimliyinin tərəfdarıyıq. Matçın sonlarına doğru “rəqib futbolçunun cərimə meydnçasında yıxılması” epizodunda rəqibimizin dediyi kimi, 11 metrlik cərimə zərbəsi var idisə, o da verilməsi ədalət prinsiplərinin qorunması kimi dəyərləndiriləcəkdi. Sonda, “Qarabağ” Futbol Klubu olaraq AFFA-nın son hadisələrə həmişə olduğu kimi, ədalətli qiymət verəcəyinə və səhv edənin günahlandırılacağına inamımızı bildiririk.

Paylaş