BƏYƏNAT
30 Yan 2007
BƏYƏNAT
Son günlər bəzi mətbuat orqanlarında klubumuz haqqında gerçəyi əks etdirməyən yazılar yer almaqdadır.Demək olar ki eyni məna kəsb edən yazıların qısa məzmunu isə belədir: BELÇİKA - AZƏRBAYCAN oyunu zamanı dopinq test zamanı Millimizin və "Qarabağ"ın müdafiəçisi Sergey Sokolovun qanının analizi müsbət nəticələnmişdir ki, onun da nəticəsində futbolçunun diskvalifikasiyası ilə yanaşı səkkiz min isveçrə frankı məbləğində cərimə də kəsilmişdir. Mətbuatımız isə həqiqətə uyğun olmayaraq AFFA tərəfindən bu məbləğin ödənilməsini "Qarabağ"a həvalə etməsi barədə xəbərlər yayılmaqdadır. Hətta bu xəbərlərin çox inandırıcı şəkildə yer alması klubumuzun münasibət bildirməsinə zərurət yaratdı.
Beləliklə, bildirmək istəyirik ki AFFA tərəfindən Futbolçumuz Sergey Sokolovun cəriməsi barədə Klubumuza heç bir faks, rəsmi məktub və ya hər hansı bir yazı daxil olmamışdır. Bu səbəbdən rəsmi olaraq bu yazılanların həqiqəti əks etdirmədiyini bəyan etmək istəyirik. Digər tərəfdən belə bir şeyin olacağın da inanmırıq. Millinin futbolçusunun Millinin oyunu zamanı cərimələnməsinin onun oynadığı klubla heç bir əlaqəsi yoxdur. Dopinq testin müsbət nəticələnməsinin də klubumuzla heç bir əlaqəsinin olmadığını bildiririk. Klubumuzun hər bir futbolçusuna verilən həblərin və vurulan iynələrin hər biri antidopinq komitəsinin dopinq siyahısına daxil olmayan preparatlarıdır. Buna klubumuzun həkimi tərəfindən ciddi nəzarət olunur. Başqa tərəfdən, Millinin futbolçusuna qarşı cəzanın onun klubunun ödəməsi UEFA-nın və FİFA-nın nizamnaməsinə əsasən də mümkün deyildir. Ən azı ona görə ki, dopinqin nə zaman tapılmasının, onun nə zaman istifadə edildiyinin, hansı məbləğdə cərimələnməsinin klubla heç əlaqəsi yoxdur. Belə yazıları yazan mətbu orqanlardan isə olmayan hadisənin oxucu kütləsini diqqətinə yalnış olaraq çatdırmaqla onları yanlışlığa sürükləməməyə çağırırıq. AFFA və "Qarabağ" Futbol Klubu arasında hər bir klubun federasiya ilə ola biləcək şəkildə isti münasibətləri var. "Qarabağ" Futbol Klubu olaraq hər zaman bu münasibətlərin daha da inkşaf etməsi üçün addımlar atacağıq. Konkret bu məsələ ilə bağlı isə, klubumuza rəsmi yazı daxil olduğu təqdirdə Klub rəhbərliyi tərəfindən rəsmi açıqlama verilə bilər...