BƏYƏNAT
BƏYƏNAT
AFFA-nın rəsmi saytında Nizam İntizam Komitəsinin 27.03.2007-ci il tarixində keçirilmiş iclasında qəbul olunmuş qərarlar yayınlanmışdır. Qərarın komandamızla bağlı olan hissəsini olduğu kimi diqqətinizə çatdırırıq:
“11 oktyabr 2006-cı il tarixində Brüsseldə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Belçika – Azərbaycan oyununda «Qarabağ» FK-nın və milli komandanın üzvü Sergey Sokolov dopinq-testə cəlb edilmiş və futbolçunun qanında istifadəsinə qadağa qoyulan pereparat aşkar olunmuşdu. Nəticədə UEFA Nizam-İntizam Komitəsi Sergey Sokolovun 18 ay müddətinə – 10 iyun 2008-ci ilədək bütün yarışlardan kənarlaşdırılması ilə bağlı qərar çıxarmış və bu qərarın FİFA-nın bayrağı altında keçirilən yarışlara da şamil olunması üçün FİFA-ya müraciət etmişdi. FİFA da UEFA-nın müraciətini müsbət cavablandırmışdı. Sergey Sokolov Azərbaycan milli komandasının üzvü olduğu üçün UEFA-nın Nizam-İntizam Əsasnaməsinin müvafiq bəndinə əsasən AFFA da 8000 (səkkiz min) İsveçrə frankı məbləğində cərimələnmişdi. Lakin UEFA-nın Dopinq Komitəsinin apardığı araşdırma zamanı məlum olmuşdu ki, Azərbaycan milli komandasının rəhbərliyinin və komandanın həkiminin Sergey Sokolovdan götürülən dopinq-testin cavabının müsbət olmasında heç bir günahı yoxdur. Buna görə də, UEFA Nizam-İntizam Komitəsi Azərbaycan milli komandasının həkimi Ramiz Kərimovun üzərindən məsuliyyətin götürülməsi barədə qərar qəbul etdi.
Aparılan araşdırmalar zamanı Sergey Sokolovun qanında tapılmış pereparatın iki halda üzə çıxa bilməsi aşkarlanıb ki, ya dopinq-testin keçirilməsinə bir neçə gün qalmış həmin pereparat birbaşa inyeksiya yolu ilə qana daxil ola bilər, ya da ki, uzun müddət ərzində aparılmış müalicə nəticəsində dərmanlar öz konsentrasiyasını artıraraq haqqında danışılan vəziyyətə gətirib çıxara bilər. Müəyyən edilib ki, Sergey Sokolov 2006-cı ilin avqust ayında UEFA Kuboku uğrunda yarış çərçivəsində keçirilmiş «Qarabağ» - «Zimbru» oyunu zamanı zədələnib və «Qarabağ» FK-nun həkim heyəti tərəfindən təxminən üç ay ərzində fərdi qaydada müalicə olunub. UEFA Nizam-İntizam Komitəsinin Azərbaycan milli komandasının həkiminin məsuliyyətdən azad olunması ilə bağlı qərarı belə hesab etməyə əsas verir ki, Sergey Sokolov «Qarabağ» FK-nun heyətində müalicə alarkən qəbul etdiyi dərmanların tərkibində qadağan edilmiş pereparat olub. Məhz bunu nəzərə alaraq təklif olunub ki, UEFA Nizam-İntizam Komitəsinin qərarına əsasən AFFA-nın ödəməli olduğu 8000 (səkkiz min) İsveçrə frankı məbləğində cərimənin «Qarabağ» FK tərəfindən ödənilməsi barədə qərar qəbul edilsin.
Təklif ətrafında aparılan qısa müzakirədən sonra aşağıdakı qərar qəbul edilib:
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Belçika – Azərbaycan oyunu zamanı dopinq-testi müsbət nəticələnən «Qarabağ» FK-nun və Azərbaycan milli komandasının üzvü Sergey Sokolovun diskvalifikasiyası ilə əlaqədar, UEFA-nın qərarına əsasən AFFA tərəfindən ödənilməli olan 8000 (səkkiz min) İsveçrə frankı «Qarabağ» FK tərəfindən ödənilsin.”
“Qarabağ” Futbol Klubu rəsmi olaraq bəyan edir ki, nəinki Sergey Sokolov, Klubun bütün futbolçuları qəbul etdikləri bütün preparatlara həkim tərəfindən nəzarət olunur və preparatların hər biri Beynəlxalq Anti Dopinq Komitəsinin verdiyi siyahıda yer almayan dərmanlardır. Bildirmək istəyirik ki, “Qarabağ” Futbol Klubu dopinq-test zamanı futbolçunun qanından tapılmış preparata görə heç bir məsuliyyət daşımır, idmanda daim ədalət prinsiplərinə üstünlük verən klubumuz bunu rəsmi surətdə bəyan edir.
UEFA-dan gəlmiş məktubda Futbolçunun son 24 saat ərzində preparatdan istifadə etdiyi bildirilir. Bununla yanaşı futbolçunun qanında 90-95% qadağan olunmuş preparat da aşkarlandığı göstərilir. Qərar olaraq isə millinin həkiminin bu işdə heç bir məsuliyyət daşımadığı göstərilir. AFFA Nizam İntizam Komitəsinin araşdırmasının nəticəsində - bütün bu göstərilənlər futbolçunun preparatı heç kimə demədən qəbul etdiyini aşkarlayır.
“Qarabağ” futbol Klubu olaraq, Futbolçumuz Serqey Sokolovla bağlı UEFA Nizam İntizam Komitəsində çıxarılmış qərara əsasən Futbolçunun bilərək və ya bilməyərəkdən preparatı qəbul etməsini pisləyir. Bu səbəbdən, “Qarabağ” Futbol Klubu Sergey Sokolovla bağlı qəbul olunmuş cəriməni AFFA-ya ödəməsini öz üzərinə götürür və bu məbləğ futbolçususu Sergey Sokolovdan alınacaq.