“BİR GÜN HƏR KƏS “QARABAĞ”DAN DANIŞACAQ”

single-news
27 İyl 2007

“BİR GÜN HƏR KƏS “QARABAĞ”DAN DANIŞACAQ”



Rasim Kara hər şey haqda danışdı

Deyirlər, böyük olmaq üçün böyük məqsədlər üçün çalışmaq lazımdır. Harada və nə uğrunda mübarizə aparmağından asılı olmaraq. Rasim Kara da belə insanlardandır. “Beşiktaş” tarixinin uğurlu məşqçilərindən biri uzaq Kanadada çempionluq yaşayan 57 yaşlı təcrübəli mütəxəssis indi “”Qarabağ”da qarşısına daha böyük məqsədlər qoyub.

 Baş məşqçimiz dünyası, futbol, “Qarabağ”  haqqında danışdı. Elə isə, “Qarabağ” Futbol Klubu daha bir maraqlı müsahibəni sizin  ixtiyarınıza verir.

 

“Topla ayaqla əlin rəftar edə biləcəyi kimi rəftar etmək lazımdır”.

 

- Bir məşqçi üçün ən böyük zivə hansıdır?

- İlk növbədə, harada  işləməyinə baxmayaraq, başaralı olmaq. Əlbəttə, klub, yığma amilləri bir-birindən fərqlənir. Eyni zamanda komandanın qarşısına qoyulan məqsədlərin də böyük əhəmiyyəti var. Buna görə də uğurlu məşqçi öhdəliyi necə yerinə yetirməyi ilə bilinir.

- Sizcə, futbolçu karyerası üçün məşqçilik üçün nə dərəcədə əhəmiyyətlidir?

- Əlbəttə, futbolçu karyerasının ilk növbədə təcrübə baxımından böyük üstünlüyü var. Futbolçunun nə düşündüyünü məşqçi yaşamışsa onunla dil tapmaq daha asan olur. Əgər, idman təhsili ilə məşqçiliyə başlasan bu sənin üçün müəyyən çətinliklər yaradar. Amma futbolçunu hamı tanıdığından belə problemi nisbətən az olur. Amma, həm elmin həm də təcrübənin çox böyük qiyməti var. Uşaq futbolunda işləyirsənsə, pedoqojidən, böyüklərlə çalışırsansa psixologiyadan yaxşı başın çıxmalıdır. Bunlar hər ikisi birləşəndə uğura yol açılır.

- Ən cox hansı taktiki sxemi bəyənirsiniz və niyə?

-Tarixə nəzərə salsaq ”WM” sistemindən “Katanoççoya” qədər bütün taktiki sxemlər futbola yeni sima gətirsə də daim hakim ola bilməyib. İlk öncə, 4-2-4, 4-3-3, 4-4-2, 3-5-2, 4-5-1, 3-6-1 quruluşlarında həm hücumçu sayı azalmış eyni zamanda yarımmüdafiəçilərin sayı çoxalmışdır. Demək ki, getdikcə futbol meydanın mərkəzində oynanılır. Yəni oyun təxminən 40 metrlik ərazidə oynanılır. Biz də çalışmalıyıq ki, belə bir komanda quraq. Artıq uzun toplar atmaqla futbol oynamaq olmaz. Fikir vermisinizsə, orta xətt oyunçuları getdikcə daha cox qol vurmağa başlayır. Ona görə də orta xəttin gücü komandanın səviyyəsini müəyyənləşir.

- Müasir futbolda fiziki hazırlığa üstünlük verməsi bu oyundan zövq almağımızı əngəlləməyə calışırmı?

- Deməzdim. Qeyd etdiyi kimi, futbolun orta sahəyə yığılması futbolun sifətini dəyişdirib. Yəni, oyun çox sürətlənib. Yəni top rəqibə keçdiyi andan meydanın hər nöqtəsində müdafiə olunmalısan. Almanlar buna “umşulten” deyirlər. Topu itirməklə qazanmaq arasında heç bir sərhəd yoxdur. Amma onun öhdəsindən gəlmək yəni müdafiə olunmağı bacarmaq taktiki bilikdən cox asılıdır. Azərbaycan futbolunda da ən böyük bəla müdafiə olunmaq problemidir. Biz “Qarabağ” olaraq bu problemi aradan qaldırmağa çalışacağıq. Topu ora–bura vurub uzaqlaşdırmaqla futbol oynamaq olmaz. Topla ayaqla əlin rəftar edə biləcəyi kimi rəftar etmək lazımdır.

 

 “Təkbətək mübarizələrdə kim qalib gəlirsə o da güclüdür”.

 

- Coxları Mourinyonu bəyənmir, bəs siz necə? (daim rəqiblərini “qaralayır”, avantürist adlandırlır-red)

- O, işə tərcüməçiliklə başlayıb sonradan böyük uğurlar əldə edib,belə səviyyəyə yüksəlibsə, demək üzərində daim çalışıb. Və onu təqdir etmək lazımdır. Onun açıqlamalarına gəlincə, yüksək məqama malik insanlar dediklərinə fikir verməlidirlər. Çünki, onların dedikləri cəmiyyət üzərində böyük təsir yaradır. Belə bir deyim var ”Əlinə, dilinə, belinə diqqət etməlisən”. Bu gün uğur qazanırsansa, dediklərini cox da götür-qoy etmirlər. Amma uğursuzluq anında insanlar etdiyi və danışdığının əvəzini artıqlamasıyla ödəməli olur.

- Kapellonun “Real”dan qovulmasını necə dəyərləndirisiniz?

- Kapellonun uğurları göz qabağındadır. Bunu danmaq olmaz. Amma müdafiəyönlü italyan futbolu İspaniyada sevilmir. “Real” və “Barselona” azarkeşləri daim baxımlı oyun sərgilənməsini istəyir. Məncə, bu amil qovulmada əsas səbəb oldu. Çünki, bu ölkədə azarkeşlərin klub rəhbərliyi üzərində böyük təzyiqi olur.

- Son dünya çempionatında İtaliyanın çempionluğu ədalətli  idi?

- Hər halda. Qeyd etdiyim kimi, müdafiənin günün futbolunda böyük əhəmiyyəti var. İtaliyanlar isə dünyada bunu hamıdan yaxşı bacarırlar. Mən özüm üçün bir statistik təcrübə aparmışam. Hər dünya kubokunda vurulan qollar getdikcə azalır. Deməli, bu baxımdan İtalyanlar daha şanslı idi. Düzdü, əksəriyyət Braziliyanı favorit hesab edirdi. Lakin Cənubi Amerikalılarda hərə öz bildiyi kimi oynayırdı. Baxın, sizə konkret deyəcəm. Bu gün təkbətək mübarizələrdə kim qalib gəlirsə o da güclüdür. Son DÇ-də İtalyanlar bunu hamıdan yaxşı bacardı. Braziliyalılar isə heç- təkbətək mübarizəyə qoşulmurdular. 

 

İnzibatçıyla məşq edərmiş…

 

- Adətən qapıçlardan məşqçi olmaq istəmir. Maraqlıdı ki, Türkiyə bu baxımdan fərqlidir. Hər halda Şenol Günəş DC-də 3-cü yeri,  siz isə Kanadada çempionluq yaşamısınız. Niyə qapıçılar məşqçi olmaq istəmir?

- Mən isə belə deyərdim- Meydanda 10 futbolçu cəmi bir qapıçı olur. Deməli, nisbətdə qapıçıların şansı daha azdır. Bütün futbolçular məşqçi olsaydı o zaman  yer üzərində  hər 2 nəfərdən biri məşqçi olardı. Bir də bir şey var ki, qapıçılar elə məşqçi kimidir. Onlar müdafiəyə nəzarət edir. Meydanı daha aydın görürlər. Fikir vermisinizsə, bir klubda qapıçı bir necə mövsüm çıxış edirsə, o kapitanlıq sarğısına sahib çıxır. Qapıçı eyni zamanda ağıllı olmalı, meydanı yaxşı görməlidir.

- Niyə türk futbolçular Avropaya getmir və ya səfərləri uğursuzluqla müşayət olunur?

-  İlk növbədə onlar vətəndə istədikləri qədər pul qazanırlar. Buda onların legioner həyatı yaşamasını əngəlləyir. Avropaya gəlincə, dil, adaptasiya problemləri zamanla özünü göstərir. Amma, 37 yaşındakı Tuqay ən güclü liqalardan sayılan İngiltərədə oynayırsa, Nihat, Emre zədələnmədikdə daim əsas heyətdə meydana çıxırlarsa, deməli, oynamaq olar. Elə bu yaxında Tuncay da İngiltərəyə yollandı. İnanıram ki, Tuncay orada başarılı olacaq.

- Bu gün dünya qapıçıların səviyyəsindən razısınızmı?

- Əvvəlki, dövrlərdən fərqli olaraq, indi qapıçılar qiymətə “minib”. Meydan oyunçularının günahı bağışlansa da qapıçılar bundan məhrum olur. İndi bir qədər baxışlar dəyişib. Son xətt oyunçuları artıq meydanda xüsusi çəkiyə malikdirlər.

-Müasir dövrdə, futbol daha cox nəticəyə görə oynandığından qapıçı amili daha önə çıxır. Yəqin sizin dövrdə fərqli idi?

- 8 il “Beşiktaş”da oynamışam. Təsəvvür edin, bu müddətdə bizim məşqçimiz olmayıb. Oyunçular bir yerdə məşq edərkən, biz 2 qapıçı,,  inzibatçıdan xahiş edərdik ki, bizə top vursunlar məşq edək. Mən Türkiyə millisində olanda qapıçılar kursunun açılması təşəbbüsü ilə çıxış etdim. Bəzən insanlar Rasim hoca yadındadı filan vaxtı filan qolu buraxmışdın. Lakin, heç kim xilas etdiyim toplardan danışmır(Gülür). Amma, indi hər klubda qapıçı məşqçiləri çalışır. Bu göstərir ki, artıq futbolda  mövqe amilinin olmadığını hər kəs anlayıb.

 

40 ildi  heç nə dəyişməyib

 

- Elə bir qapıçı varmı ki, baxdığınızda Rasim Karanı xatırlayırsınız?

- Rüştünün çevikliyi mənə daha yaxındır. Bilmirəm, bəlkə də Rüştünün bu günlərə gəlməsində əməyimin olması onu özümə doğma hesab etməyimə səbəb olur. 

- İmkanınız olsaydı, “Qarabağ”a hansı ulduzu transfer edərdiniz?

- Kimisə fərqləndirmək istəməzdim. Hamının bəyəndiyi oyunçuları mən də bəyənirəm. Ona görə bu məsələ də konkret ad çəkmək bir az çətindir.

- Türkiyənin DC-2002-də uğurundan sonra ölkə futbolunun daha da yüksələcəyi gözlənilsədə…

- Bilirsiz, həmin olaydan sonra futbolçulara diqqət artdı. Reklam müqavilələri çoxlu pul qazandırmağa başladı. Artıq futbol ikinci plana keçmişdi. Çox təəssüflər olsun ki, biz qələbəni həzm edə bilmirik. Həyat davam edir. Bir uğurla kifayətlənsən sonra bunun acısını çəkərsən. Hədəflər bitməməlidir. Çox təəssüflər olsun ki, çoxları 3-cülükdən sonra futbol oynamamağa başladı.

- Azərbaycanda ən cox hansı futbolçunu bəyənirsiniz?

-  Ad çəkmək istəmirəm. Lakin, həm “Qarabağ”da həm də başqa klublarda bəyəndiyim futbolçular var. Lakin, belə yerdə ad çəkmək mənim prinsiplərimə ziddir.

- Karyeranızın ən uğurlu və uğursuz  anı?

- Düzünü desəm, bu suala cavab verməyə cətinlik çəkirəm. Karyerama vida matçında jurnalistlər mənə bir unudulmaz xatirəni danışın deyəndə bildirdim ki, “öləndən sonra qəbrimin üstünə 20 il futbol oynadı, amma heç vaxt yaşıl meydanda nə məşq etdi nə də futbol oynadı”. yazdırın dedim. İndi Azərbaycanda ən böyük problemdə stadiondur. İnan, indi torpaq meydanda gəzəndə tüklərim biz-biz olur. Həmin günlərə qayıdıb, xatirələrə qapılıram.  

- Nə zamansa futbolu secməyinizə peşman olmusunuz?

- Əsla! Məni Rasim Kara edən futbol olub. 20 il futbolçu, artıq 22 ildir ki, məşqçilik edərək çörəyimi topdan qazanıram. Ona görə peşəmə çox böyük sayqım var. Hər dəfə idman paltarını geyinib meydana çıxanda, özümü çox rahat hiss edirəm. Sanki, 40 ildən çox müddətdə heç nə dəyişməyib.

 

Türkiyədə futbolun durumu bu günün Azərbaycanından heç nə ilə fərqlənmirdi”

 

- Türkiyədə yetərincə səviyyəli yerli mütəxəssis olsa da, nədənsə böyüklər yabancılara üstünlük verir.

- Türkiyədə heç vaxt əcnəbiləri yerlilərlə eyni tərəziyə qoymurlar. Ötən mövsüm, 4 böyüklər çempionata əcnəbilərlə başlasalar da bu il vəziyyət fərqlidir. Qarşıdakı, çempionatda cəmi 3 klub gəlməyə güvənəcək. Axı, ötən il İstanbul klubları yabançılara etimad etsələr də, qarşılarında baxımsız və məzmunsuz futbol gördülər. Bundan başqa artıq Türkiyədə yerli və yabançı arasında səviyyə fərqi qalmayıb. Ona görə də, zənnimcə, yerlilər öz sözlərini zamanla deyəcəklər.

- Sizcə, Azərbaycan klubları, eyni mentalitetə malik Türkiyəli məşqçilərin xidmətindən yararlanması daha faydalı olmazmı?

- Bilirsiz, bu suala “hə” cavabı versəm yaxşı çıxmaz. Bunu klub rəhbərləri düşünsə daha yaxşı olar. Amma hər halda klublar bundan qazanc götürər nəinki itirər. Çünki, müəyyən dövrə qədər Türkiyədə futbolun durumu bu günün Azərbaycanından heç nə ilə fərqlənmirdi. O yolu keçdiklərinə görə, faydalı olmağın yollarını yaxşı bilərlər.

- Sizcə, sabiq tələbəniz İlqar Qurbanov “Sivasspor”da uğur qazana biləcək?

- İnşallah. O, Türkiyədə futbol məktəbi keçib. Bu ona əlavə üstünlük verəcək. Azərbaycan futbolunun ən böyük problemi məhz budur. Fikir verin, hər gün  kiminsə, zədələnəməsi xəbərini eşidirik. Burada düzgün məktəb keçilməməsinin böyük rolu var. Futbolçunun bioloji inkişafının necə baş verməsini bilmək lazımdır. Ona görə də uşaq futbolunda işini gerçəkdən bilən məşqçilərə güvənmək lazımdır.

 

Səviyyəli legioner 150-200 nəfərin qabağında futbol oynamaz

 

- Yeni qərara görə legioner limiti 5+2 oldu…Bu klublara faydalıdır yoxsa ölkə futboluna...

- Buna ilk baxışdan qərar vermək çətindir. Üstünlükləri də var, çatışmamazlıqları da. Belə baxanda dünya bir-birinə elə qarışıb ki, futbolda millət anlayışı itib. Əlbəttə, səviyyəli legioner gətirəsi olsan, bu komandanın xeyrinədir. Türkiyədə də bu problem gündəmdədir. Lakin, dönə-dönə vurğulamaq istəyirəm ki, ilk öncə uşaq futboluna diqqət ayırmaq lazımdır. Bu bölümü yaradıb inkişaf etdirmədikcə, hər hansı bir nailiyyətdən danışmağa dəyməz.

- Məlumdur ki, Azərbaycanda futbola pul qoyanlar ondan qazanc götürmürlər. Dünyada isə, futbol ən qazanclı sahələrdən hesab olunur. Eyni hal-Azərbaycanda nə vaxt  və necə mümkündür?

- Bunu nə zaman baş verəcəyini qəti söyləmək çox çətindir. İlk növbədə klublar şirkətləşməlidir. Bunun üçün isə zamana ehtiyac var. Türkiyə klubları təzəliklə buna başlayıblar. Klublar özlərini maliyyələşdirəcək gücə malik olmalıdır. Amma bu gün stadionlara cəmi 150-200 nəfər gəlir. O zaman necə qazanc götürmək olar? Bayaq legionerlərdən danışdıq. Səviyyəli əcnəbi bu qədər az insanın qarşısında oynamağı özünə sığışdırmır. Hələ stadionların vəziyyətini demirəm.  Fikirləşmək lazımdır ki, azarkeşləri stadiona necə cəlb edək. Azarkeş olmadıqda isə, tamaşıçısız teatrı oynamağın nə əhəmiyyəti var?

- Futbol pul gətirən maşın olsada iflasdan qacmaq mümkün deyil. Məsələn,  Abramovic kimi adamlar futbola xeyilidir yoxsa…

- Pul olmadan vəziyyəti dəyişmək çətin məsələdir. Azərbaycanda ya şirkətlər ya da imkanlı şəxslər fədakarlıq edərək futbola pul qoyur. “Azərsun Holdinq” düşünülmüş şəkildə, futbolun inkişafını həyata keçirməyə çalışır. 2-3 il sonra “Qarabağ” klub olmaqla yaxşı mənada fərqlənəcək. Biz, bu günün deyil, gələcəyinin hər mənada modern və Avropa futbolunun tələblərinə uyğun komanda qururuq. 

 

        Biz xammal hazırlayırıq

 

 -   Baş məşqçi kimi hazırlığın gedişindən razısınız?

-  Biz hər şeyi proqram əsasında həyata keçirik. Futbolçu ilk növbədə əxlaqlı, mənəvi dəyərlərə malik, nümunəvi insan olmalıdır. Əlbəttə, nəticə bizim üçün önəmlidir. Amma, bilirsiniz ki, Azərbaycan bir qrup futbolçu var, onlarda bir-birilərini yerdəyişmələrlə əvəz edirlər. Biz isə yeni xammal  hazırlayırıq. Bu da ilk növbədə futbolçu qazandıracaq, həm kluba həm də ölkəyə.

- Futbolçuların hansı göstəriciləri sizdə narahatçılıq doğurur?

- Qeyd etdiyimiz kimi, Azərbaycanda futbolçu yetişdirilməsində böyük problem var. Hal-hazırda 20 futbolçumuzun 20 yaşı tamam olmayıb. Bilirsiniz bu nə deməkdir? Bu dövrdə futbolçu tam püxtələşmiş olmalı olsa da  futbol əlifbasının düzgün öyrədilməməsi çətinlik yaradır.

-Adətən komandalar təlim-məşq toplantılarına xaricə yollanırlar. Bu nə dərəcədə önəmlidir?

- İlk növbədə 35-40 dərəcədə gündə 2 bəzən 3 dəfə məşq etmək mümkün deyil. Patalyanı ona görə seçdik. 1400 metr yüksəklikdə, 5 ulduzlu otel üstəlik qiymətlərdə münasibdirsə, bu şansdan istifadə etmək lazımdır. Düzdü, Lerik, Astara, Qax zonasında da havalar sərindir. Amma orada bir dənə normal stadion yoxdur. Patalyada isə 4 stadion və oranın elə bir ot örtüyü var idi ki, adamın tapdalamağa hayfı gəlirdi.

- Təlim-məşqlərdə fərqlənən hansı futbolçuları fərqləndirərdiniz?

- Bütün futbolçular mənim üçün doğmadır. Lakin, kimisə fərqləndirməyəcəm. Onların üçün həm məşqçi, müəllim həm də ata olmağa çalışıram. Çünki, biz bir ailəyik. Bir yerdə yola çıxmışıqsa yumruq kimi birləşməliyik. Həm də yenə deyirəm, futbolçu ilk növbədə xarakterli və ləyaqətli olmalıdır. Yaxşı futbolçu həm də yaxşı insan olmalıdır. Bunun üçün isə hər kəs üzərinə düşən vəzifəni maksimum yerinə yetirməyə çalışmalıdır.

 

Hədəfləri olmayan komanda Fərhadı, Muradı, Viktoru almazdı

 

- Gəncləşmiş “Qarabağ” nə zaman “partlayacaq?”

- Buna əmin ola bilərsiniz ki, bu baş verəcək. Amma hər şeydə olduğu kimi zamana ehtiyacımız var. İstər təcrübəlilər Aslan, Kənan olsun, istərsə də gənclər olsun, hamı eyni məqsəd uğrunda istəklə çalışır. Bilirsiniz, Rasim Kara iddiasız olmaz  və boş-boşuna mübarizə aparmaz. İlk 3-lüyə də oynaya bilərik, bir sürpriz də edə bilərik. Hədəfləri olmayan komanda Fərhadı, Muradı, Viktoru almazdı. Yenə də deyirəm vaxt gələcək hər kəs “Qarabağ”dan danışacaq.

- Yəqin sizdən başqa heç kim tanınmayan 17 yaşlı Maksim Medvedevi bir dövrə daim əsas heyətdə oynatmağa cəsarət etməzdi?

- Nənki Maksim eyni zamanda Rauf, Əfran, Nodar, Timura daim şans vermişəm. İndi “İnter” gənclər komandasından daha 4 gənci sıralarımıza qatmışıq. Gənclərlə çalışmaq asan iş deyil. Lakin mən bu işdən zövq alıram.

-Azərbaycan millisində, “Qarabağ”lılar üstünlük təşkil edir. Tezliklə yığmada yeni  “Qarabağ”lılar görə biləcəyikmi?
- Mütləq! Milli komanda toplanışlarında 20 yaxın futbolçu düşərgəni tərk edəcək. Bu zaman biz necə məşq keçəcəyik? Lakin, bu bizi elə də düşündürmür. Çünki, məqsədimiz ölkə futboluna xidmət etməkdir. Çempion olmaq çox asandır. Coxlu pul verib üzdə olan futbolçuları alıb, rahatca çempionluğa oynaya bilərdik. İndiki durumda isə çalışmaq daha çətin və məsuliyyətlidir.

- “Vestel” üzərindəki qələbədən sonra burdakı rəqiblərinizə belə 1 mesaj göndərdiz ki, qoy çempionluğa oynayacaqlarını dönə-dönə vurğulasınlar. Hər şeyə yaşıl meydanda aydınlıq gələcək. Bununla onların əsas başağrısı olacağınıza işarə vururdunuz yoxsa özünüzün də çempionluğa oynayacağınıza?

- Əslində mən o sözləri elə deməmişdim. Hər zaman dediyimə fikir verən insanam. Düzdü, dediyimi inkar da etmirəm. Amma bizim müəyyən edilmiş hədəflərimiz var. Bu isə nə çempionluq  nə də konket nəticəylə məhdudlaşır. Əsas odur ki, biz daim “Vestel”lə baş-başa oynayan müasir futbol tələblərinə uyğun klub yaradaq. Və, İnşallah, bu məqsədimizə nail olacağıq… 

Paylaş

// pop up