BİR MÜSAHİBƏYƏ SÖZARDI (FUTBOL+QOL, 20.10.2005)

single-news
20 Okt 2005

BİR MÜSAHİBƏYƏ SÖZARDI (FUTBOL+QOL, 20.10.2005)



Quyunu qazan Əmirxan, pulunu yığan amerkan, Nə bilir o yazıq insan, qazılan məzarımızdır. BABA PÜNHAN Bir neçə gün bundan öncə idman nəşrlərinin birində maraqlı bir müsahibə ilə tanış oldum. Həmkarımın "Qarabağ" Müharibəsi Şəhidləri və Əlillərinin Veteranlar Birliyi"nın sədri Yaşar Məhərrəmovla söhbətində hamımız üçün maraqlı olan məqamlara rast gəldim və istədim müsahibin fikirlərinə olan iradlarımı dəyərli oxucularımızla paylaşım.Əvvəla onu deyim ki, Məhərrəmovla uzaqdan, yaxından heç bir tanışlığım olmasa da, haqqında bir neçə məlumatım var. Məsələn bildiyimə görə Yaşar bəy Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Buna görə ona şəxsən öz minnətdarlığımı bildirirəm. Yaratmış olduğu birliyin fəaliyyəti haqda heç bir bilgim olmadığından bu haqda nəsə demək fikrində deyiləm. Gələk məni sözügedən müsahibədə razı salmayan məqamlara. Yaşar bəy əvvəlcə həmkarıma bildirir ki, "Qarabağ" klubunun sponsoru olan "Azersun Holding" şirkəti əslində komandaya pul buraxmaqla qazandığı çirkli pulları yuyur. Zənnimcı üzərində dayanmalı olan kifayət qədər ciddi ittihamdır. Şirkətin belə bir işlə məşğul olub olmadığını söyləyə bilmərəm, ancaq əgər Məhərrəmovun əlində faktı varsa, buyursun hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etsin və ittihamlarının doğru olduğunu isbatlasın. Hər halda cinayət işləndiyini bilirsinizsə, sübut edin, çünki qanunazidd fəaliyyət haqda məlumatlı olub gizlətməyin elə özü də bir suçdur. Sonra isə, hörmətli sədr deyir ki, komandanın sükanı arxasına mütləq Elbrus Abbasov gətirilməli, klubda "təmizləmə" işləri aparılmalı və kollektiv "qarabağlılaşdırılmalıdır". Əsas olaraq da onu göstərir ki, guya "Qarabağ" yad adamların əlindədir (?!) və komandanın hazırkı böhrandan (?!) məhz Abbasov çıxara bilər. Yuxarıda da qeyd etdiyim kimi, əgər kiminsə bir başqasının milliyəti, çirkin işləri ilə bağlı narahatlığı varsa, buyurub məhkəmə yolu ilə sübuta yetirsin. Şərh vermək istədiyim, Elbrus Abbasovun yenidən komandaya baş məşqçi gətirilməsi ilə bağlı olan hissədir. Abbasov klubun hələlik qazandığı yeganə çempionluğun memarıdır, buna heç kim bir söz demir. Ancaq müsahib Elxan Abdullayevlə bağlı heç bir problemlərinin olmadığını vurğulamaqla yanaşı, niyə postundan uzaqlaşdırmaq istədiklərini söyləmir. Gəlin, bütün bəlalarımızın başında gələn bu yerlibazlığı bir kənara qoyub, məntiqlə düşünək. Yaşar bəy, əgər komandanızla maraqlanan birisinizsə, onda klubunuzun cari birinciliyə hazırlıqlarını nə qədər gec başladığını də bilməmiş olmazsınız. Abdullayevin də son məqamda sükan arxasına gətirildiyini də yəqin ki, unutmamısınız. Hələlik arxada 6 tur qalıb. Komandanın kasad heyətlə hansı nəticələr göstərdiyi də göz qabağındadır. Niyə başa düşmək istəmirsiniz ki, hazırkı "Qarabağ"dan bundan artığını gözləmək ən azı sadəlöhvlükdür. İndiki məqamda Elbrus Abbasov yox ee, lap Marselo Lippi də gəlsə, komandanı boyundan hündürə tullandıra bilməyəcək. Bir qədər səbrli olun və imkan verin birinci dövrə bitsin. Komanda yenidən formalaşdırılsın, əgər komandanın çıxışı indikindən də uğursuz alınsa, başqa məsələ. Lap kompaniya başlayıb, "ağ atlı oğlan"ınızı gətirin, ancaq indiki məqamda Abdullayevi, futbolçuları psixoloji gərginlikdə saxlamayın, "komandanı meydana çıxmağa qoymayacağıq" kimi təhdidlər yağdırmayın. Onsuz da bu sözlərinizə əməl edə bilmədiyinizi ötən həftə sonu gördük. Klub ölkə kubokunun 1/16 final mərhələsinin cavab matçına çıxdı və növbəti mərhələyə çıxmağını rəsmiləşdirdi. Bu barədə hələ çox yazmaq olardı, ancaq heyf ki, bəndənizə səhifədə ayrılan yer elə bu qədər idi. Necə ki, sizin də komandadakı yeriniz azarkeş olub, kluba dəstək verməklə məhdudlaşır. SALEH

Paylaş

// pop up