Bir qol qonaqlara yetmədi (FUTBOL+, 21.11.2005)

single-news
21 Noy 2005

Bir qol qonaqlara yetmədi (FUTBOL+, 21.11.2005)



.... 1/4 finala gedən yolda ikinci dəfə aşağı dəstə təmsilçisiylə üz-üzə gələn azsaylı komandalardan olan "Qarabağ" yenə cavab oyununun "ev"də keçirdi. Bu dəfə də ağdamlılar cənub təmsilçisiylə münasibətlərini aydınlaşdırmalıydı ki, "Viləş"lə qarşılaşmada cütün taleyinə səfərdə aydınlıq gətirən komanda "ev"dəki matçda əsas oyunçularına istirahət vermişdi. Amma bu dəfə Lənkərandakı heç-heçə Elxan Abdullayevi ilk dəqiqələrdən döyüşkən heyəti meydana buraxmağa vadar etmişdi. Buna baxmayaraq, qonaqlar da mərhələ keçməyə istəkli olduqlarını hiss etdirirdi. Təsadüfi deyil ki, ilk 45 dəqiqədə cənublular rəqib həmlələrini cavabsız qoymadı. Amma fasiləyədək nə bu, nə də digər komandanın hücumlarından sonra ciddi təhlükənin yarandığını söyləmək olmaz. Düzdü, iki dəqiqə ərzində yaşanan iki epizoddan birini meydan sahibləri qola çevirməyi bacarmışdı. Samir Musayevin 20-22 metrdən vurduğu zərbə dirəyi titrətdikdən sonra özünü yetirən Denis Sokolovski topu tora qovuşdurdu. Növbəti künc zərbəsindən sonra isə uzaq dirəyin önündə nəzarətsiz qalan Azər Cabbarov topu qapasa da, baş zərbəsi istənilən kimi alınmadı. İkinci hissədə yalnız qələbə qazanmalı olan meydan sahibləri "sürüşkən" hesabı dəyişmək üçün ustalığını ortaya qoymağa məcbur idi. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu dəqiqələrdə qonaqlar mərkəzi keçməyə belə çətinlik çəkirdi. İlk qolda da əməyi olan Musayevin Sergey Kravçenkoyla "divar paslaşması"ndan sonra qapıçıyla üzbəüz qalması isə ikinci qol üçün yetərli oldu. Bundan sonra da ağdamlılar xoşbəxtliyi rəqib qapısında axtarırdı. Amma əks-hücumlara ümid edən qonaqlar fərqi minimuma endirməyi bacardı. Qəhrəman Əliyevin əvəzetməsi müəyyən mənada özünü doğrultdu. Ramin Məmmədovdan ötürmə alan Teymur Dadaşov cərimə meydanına şığıyıb zərbə endirdi ki, qapıçının qaytardığı topa yetişən Bəhruz Cəlalov şansı qaçırmadı. Bundan sonra da hücuma aludə olan meydan sahiblərini cəzalandırmaq arzusunda olan qonaqlar da "Qarabağ" kimi hesabı dəyişməyə müvəffəq olmadı.

Paylaş

// pop up