Bir ulduz yenə əbədi rəqibləri üz-üzə qoydu (FUTBOL+, 05.09.2005)
5 Sen 2005
Bir ulduz yenə əbədi rəqibləri üz-üzə qoydu (FUTBOL+, 05.09.2005)
"Neftçi"nin yaxasına ulduz taxması deyəsən, böyük qalmaqallara səbəb olacaq. Belə ki, ÇL oyunlarına sinəsində ulduz olan formayla çıxan flaqman bununla özünü beşqat çempion kimi təqdim etdi. Düzdü, klub rəsmiləri hər müraciətdə bu ulduzun heç bir əhəmiyyət daşımadığını bildirsə də, aydın məsələdi ki, 1996/97 mövsümündə son anda çempionluqdan əlini üzməsi "ağ-qaralar"a pis təsir edib. Bu təsir o dərəcədə güclüdü ki, həmin çempionatda 8 ildən çox keçməsinə baxmayaraq, hələ də özünü göstərir.
"Neftçi" 8 ildi ki, inadından dönmür
Tarixə çox ekskursiya etməyib onu qeyd etmək istəyirəm ki, 1996/97 mövsümündə "Neftçi" əsas komandaların yarışında çempionluğu əldə etsə də, aşağı yaş qruplarından olan komandaların mübarizəsindən "Qarabağ"lı uşaqlar qalib çıxmışdı. Bu da ağdamlıların ümumi hesabda çempionluğu bayram etməsi demək idi. Amma flaqman bununla razılaşmayıb UEFA-ya şikayət etdi və son nəticədə beynəlxalq futbol qurumu onu qalib kimi tanıdı və ÇL-də ölkəmizi "Neftçi" təmsil etdi. Buna baxmayaraq, hələ də ölkə daxilində "Qarabağ" çempion sayılır. Deyəsən, "Neftçi" bununla heç cür razılaşmaq istəmir. "Ağ-qaralar"ın yaxasına beş çempionluğun rəmzi olan ulduz taxması dediklərimizə əyani sübutdu. Elə vitse-prezident Ramin Musayev də uzun çək-çevirdən sonra bunu təsdiq etdi. Dünən əlaqə yaratdığımız Musayev özlərini beşqat çempion hesab etdiklərini boynuna aldı: "Azərbaycanda bütün qanunlar UEFA-ya istinadən qəbul edilir. Yəni UEFA nə deyirsə, o da olmalıdı. AFFA özündən qərar çıxara bilməz. Əgər UEFA bizi çempion sayırsa, bunu mütləq qəbul etmək lazımdı. "Neftçi" də buna cavab olaraq məhz UEFA-nın bayrağı altında keçirilən yarışlarda ilk dəfə sinəsində ulduz olan formayla meydana çıxdı. AFFA-ya müraciət etmək fikrimiz yoxdu. Biz peşəkar klubuq və nə etdiyimizi bilirik".
"Qarabağ"lılar etiraz edir
Aydın məsələ idi ki, həmin çempionatda "Qarabağ"ın düşərgəsində olan futbolçular bununla heç cür razılaşmayacaqdı. Alın təri və AFFA-nın birbaşa da olmasa, köməyi ilə çempionluğu qazanan oyunçu və məşqçilərin bunu elə-belə əldən vermək fikri yoxdu. 1996/97 mövsümündə ağdamlıların əsas silahlarından olan Səttar Əliyev "Neftçi"nin çıxardığı qərarı absurd sayır: "Həmin il çempionluğu biz qazanmışıq. Həm birincilikdə, həm də kubokda "Neftçi"yə qalib gəlmişik. Deməyim odu ki, çempionluğa biz daha layiqik. Ölkədə futbol qanunlarını AFFA müəyyən edir və bu qurumun tətbiq etdiyi reqlament əsasında oynamağa məcburuq. Buna əməl etdik və çempion olduq. Əgər "Neftçi" özünü çempion sayırsa, bu onların fikridi. Buna qarşı heç bir şey edə bilmərik. Bura Azərbaycandı və bu ölkədə hər şeyə çarə var".
Yarandığı gündən "Qarabağ"ın formasını geyən və vurduğu qollarla komandasına kömək edən Müşfiq Hüseynov isə o qədər də radikal danışmadı. O UEFA-nın qərarına hörmət etdiyini bildirdi: "Həmin mövsüm biz çempion sayılmalıyıq. Buna mənəvi haqqımız çatır. Çünki flaqmana qarşı keçirdiyimiz bütün oyunlarda qalib gəlmişik. Ölkə daxilində bizi 1996/97 mövsümünün qalibi kimi tanıyırlar. Amma UEFA-nın çıxardığı qərar tam başqadı. UEFA-nın qərarına hörmət etməliyik. Yəqin "Neftçi" də bunu əsas götürüb".
Uzun müddət idi ölkə mətbuatının səhifələrində görünməyən Elbrus Abbasovun fikirlərini öyrənmək çox maraqlı olardı. Çünki təcrübəli mütəxəssis həmin il klubun baş məşqçi postunda çalışırdı. Dünən onunla əlaqə saxladıq. Elə bil bizim səsimizi eşidib Abbasovun ürəyi açıldı: "Biz bütün oyunlarda "Neftçi"ni məğlub etdik. Onda flaqmanın ən yaxşı vaxtları idi, yaxşı maddi imkanlarıyla seçilirdi. Biz isə qaçqın komanda olmağımıza baxmayaraq, böyük əzm göstərdik. Halalca çempionluğumuzu qazandıq. İndi "Neftçi"nin bu iddiasını başa düşə bilmirəm. Mən özüm də ağ-qara formanı geymişəm. Bu kluba hamımız hörmət edirik. Amma "Qarabağ"ı da yaddan çıxarmaq lazım deyil. Özü də əgər söhbət bu klubun çətinliklə qazandığı çempionluqdan gedirsə. Mən bilmirəm, niyə "Neftçi" özünü çempion sayır. Reqlamenti AFFA qəbul etmişdi. Bu reqlamentə bütün klublar qol çəkmişdi, o cümlədən də "Neftçi". Çempionat keçirildi və sonda biz qalib çıxdıq. Oyunları izləyənlər də bilir ki, biz onda daha güclü idik".
Elbrus bəy "Neftçi"nin ÇL-də iştirakını isə klubun ovaxtkı rəhbərliyinin səyləri ilə əlaqələndirir: "Onda "Neftçi"nin başında Aqil Paşayev, Rasim Rəfiyev, Aydın İbrahimov, Rauf Adıgözəlov, Kazbek Tuayev kimi futbol "as"ları dururdu. Onlar çempionatdan sonra UEFA-ya çox məktublar göndərdilər. Bunların heç birindən bizim xəbərimiz olmadı. Bu haqda xəbər tutanda artıq gec idi. AFFA da "Qarabağ"ın ÇL-ə yollanması üçün çox iş gördü. Amma heç bir faydası olmadı. Çünki həmin o "beşlik" işi əvvəlcədən həll etmişdi. Bizə isə yalnız qızıl medalları və diplomları almaq qaldı".
Söhbət əsnasında məlum oldu ki, uzun müddətdi ki, işsiz olan Abbasov "Qarabağ"a dönə bilər. O həm də bir neçə başqa yüksək liqa klublarından təklif aldığını bildirdi.
AFFA fəaliyyətsizdi
Ümumiyyətlə, bu məsələdə hər iki klubu haqlı saymaq olar. Həm bu tərəfin, həm də o tərəfin fikirlərində həqiqət var. Çünki "Qarabağ" həmin mövsüm çempionluğu alın təri və gənc futbolçuların hesabına qazanmışdı. Onda AFFA çox eybəcər reqlament qəbul etdiyindən "Neftçi"nin UEFA-ya haqlı etirazını və sonuncuların flaqmanı çempion kimi tanımasını başa düşmək olar. Amma bu məsələdə bir sıra maraqlı nüanslar qalır. Əvvəla, əgər "Neftçi" sonda AFFA-nın verdiyi qərarla razılaşmayacaqdısa, onda niyə mövsümdən əvvəl bu reqlamentlə yarışmağı qərara almışdı? Hər bir federasiya öz ölkəsində əsas qanun qəbul edən qurumdu. Bunu UEFA da təsdiq edir. Ölkəmizə gələn bütün UEFA işçiləri Azərbaycanda rəsmi qurum kimi AFFA-nı tanıdığını və federasiyanın qərarlarına hörmət etdiyini bildirir. Onda niyə beynəlxalq federasiya assosiasiyamızın verdiyi qərarı qəbul etməyərək, "Neftçi"ni çempion sayır? Bunlar kifayət qədər çeynənmiş məsələ olduğundan çox üstünə düşmək istəmirəm. Amma diqqətinizi bir məsələyə yönəldim. AFFA klublara ulduz verilməsi məsələsini gündəmdə saxlamır və bunun yaxın gələcəkdə də baş verəcəyi inandırıcı deyil. Əslində bu heç düzgün də olmazdı. Çünki Türkiyə, İtaliya, Almaniya kimi ölkələrdə çempionatı idarə edən xüsusi avtonom qurum - Peşəkar Futbol Liqası fəaliyyət göstərir. Və bu çempionatların özlərini A seriyası, Superliqa, bundesliqa kimi adları var. Bizdə isə güclülər dəstəsi yarışları tamamilə AFFA-nın nəzarətindədi. Ona görə də "Neftçi" və ya onun kimi başqa klublar özləri öz uğurlarını tarixdə saxlamağa üstünlük verir.