«Biz Qurban Qurbanovun əleyhinə danışmamışıq» (qol.az)

single-news
24 Noy 2010

«Biz Qurban Qurbanovun əleyhinə danışmamışıq» (qol.az)



«Qəbələ», «Bakı» və «Neftçi» klubunun rəhbərliyi «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun narazılığına münasibət bildirib.
Qeyd edək ki, sözügedən klubların rəhbərliyi Qurbanovun futbolçularının millinin düşərgəsindən yorğun halda qayıtmaları ilə bağlı səsləndirdiyi fikirlərə «hər bir komanda milliyə futbolçu verməlidir» sözləri ilə cavab vermişdilər. Qurbanov isə onlara kinayəli şəkildə «Çox sağ olsunlar. Mən bunları bilmirdim. Bundan sonra onların məsləhətlərinə əməl edərəm» - replikası atmışdı.
«Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov «Qarabağ»ın və onun baş məşqçisi haqqında mənfi fikirlər səsləndirmədiyini, dediklərinin təhrif olunduğunu söyləyib. «Bu hadisədən sonra özüm ona zəng elədim və hər şeyi aydınlaşdırdım. «Qarabağ» da ən azı mənə «Qəbələ» kimi doğma klubdur. Mən özüm Ağdamda doğulub böyüyən insanam, necə ola bilər ki, ol klubun əleyhinə danışam. Əksinə demişəm ki, Qurban Qurbanovu dəstəkləyirəm və «Qarabağ»a güzəşt olunmalıdır» - deyə Nəcəfov «Çempion-Azərbaycan» qəzetinə bildirib.
«Bakı»nin icraçı direktoru Yaşar Seyidov isə Qurbanovun onun fikirlərini düzgün başa  düşmədiyini söyləyib: «Mən əslində onu dəstəkləmişəm, əleyhinə fikir söyləməmişəm. Qurbanovun düşdüyü durumu da gözəl başa düşürük. Bəzən bir futbolçunun yoxluğu belə, komandanın oyununa təsir edir, o ki qaldı 6-7 futbolçu ola».
«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov isə fikirlərinin mediada təhrif olunduğunu vurğulayıb: «Mən Qurban Qurbanovun əleyhinə necə fikir səsləndirə bilərəm? Bu, sadəcə, mümkünsüzdür. Əksinə, bu gün biz Qurban Qurbanovlara, Nazim Suleymanovlara, Arif Əsədovlara dəstək verməliyik. Mənim dediyim ondan ibarət olub ki, istənilən klub millinin təlim-məşq toplanışlarını nəzərə alıb, mövsüm öncəsi daha uzun ehtiyat oyunçular skamyası hazırlamalıdır».

 

Paylaş

// pop up